Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:44

'...o vaxtdan DİN-lə Cahangir Hacıyev arasında gərginlik var'


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəməsində Daxili İşlər Nazirliyinin ünvanına irad səslənib.

«2005-ci ildə günün günorta çağı şəhərin mərkəzindən Cahangir Hacıyevin həyat yoldaşı oğurlandı. Sonradan məlum oldu ki, bu işin başında dayanan Daxili İşlər Nazirliyinin yüksəkvəzifəli şəxsləridir. Buna görə Daxili İşlər Nazirliyi ilə Cahangir Hacıyev arasında gərginlik oldu. O vaxtdan Cahangir Hacıyevə olan qərəzli münasibət bu işdə də özünü göstərdi...», – C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev avqustun 29-da məhkəmədə belə deyib.

Keçmiş bankirin həyat yoldaşı Zamirə Hacıyeva 2005-ci ildə oğurlanaraq bir ay girov saxlanmış, sonra MTN-nin xüsusi əməliyyatı ilə azad olunmuşdu.

«Bankla bağlı iş düzgün araşdırılsaydı…»

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən vəkil bildirib ki, bu işdə cinayət tərkibi yoxdur. Çünki Beynəlxalq Bankdan götürülmüş kreditlər mənimsənilməyib, layihələrə xərclənib, müəssisələr yaradılıb. C.Hacıyevin dövründə kreditlərin ödənildiyini deyən F.Mehdiyevin sözlərinə görə, Beynəlxalq Bankla bağlı iş düzgün araşdırılsaydı, müəssisələr ələ keçirilməsəydi, vəziyyət bu həddə çatmazdı: «Bankın kreditləri ilə yaradılan müəssisələrin əksəriyyəti 2015-ci ilə qədər istifadəyə verilib. Cahangir Hacıyev və digərlərinin həbsindən sonra o müəssisələr Beynəlxalq Bankın idarəçiliyinə verilib, ardınca da ələ keçirilib. O müəssisələr işlək olub, gəlir gətirib. Həmin gəlirlərdən də onların yaradılması məqsədilə götürülmüş kreditlər ödənilməliydi. Ancaq ödəməyiblər. Yox, əgər müəssisələr işlək deyilsə, o zaman onları satıb, bankın pulunu ödəmək olardı. Bunu da eləməyiblər. Bütün məsuliyyəti Cahangir Hacıyevin üstünə atıblar».

C.Hacıyev 2015-ci ilin martında Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən çıxarılandan az sonra onun müavini olmuş Emil Mustafayevin adından Daxili İşlər Nazirliyinə məktub göndərilib, araşdırma aparılması istənilib. Vəkil deyir ki, E.Mustafayev özü də uzun illər bankın Kredit Komitəsinə rəhbərlik edib, C.Hacıyevin müavini olub. Bankda baş verənlərdən onun xəbərinin olmaması mümkün deyil.

«İttiham mülahizələrə əsaslanır, sübutlara yox. Mülahizələrlə isə ittiham hökmü çıxarmaq olmaz. Təəssüf ki, istintaq bu işin obyektiv araşdırılmasında maraqlı olmadı. Olsaydı, bankın pulunun ödənilməsini o müəssisələrə yönəldərdi. Məhkəmə də araşdırma aparmadı, iş üçün əhəmiyyətli olan şahidlərin biri də dindirilmədi», – vəkil bildirib.

Ardınca təqsirləndirilən şəxslər son sözlərini deyiblər. C.Hacıyevin bacanağı, tütün fabrikinin direktoru olmuş İsmayıl Hidayətzadə də daxil, təqsirləndirilən şəxslərin hamısı günahsız olduğunu deyib, məhkəmədən ədalətli hökm istəyiblər.

Yalnız iki nəfər - C.Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov son söz üçün vaxt istəyib. Onlara sentyabrın 2-nə qədər vaxt verilib. Onların son sözündən sonra hökm oxunacaq.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG