Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Rusiya Ukraynaya ağır raket zərbələri endirir


Odessada hücumdan sonra
Odessada hücumdan sonra

Rusiya üçüncü gecədir ki, Ukraynanın Odessa şəhərini raketlər və dronlarla atəşə tutur.

Nikolayev şəhərinə də hava zərbələrinin endirildiyi deyilir. Burada şəhər mərkəzində bir evin dağıldığı, 1 nəfərin həlak olduğu və 19 nəfərin yaralandığı xəbər verilir. Yaralananlardan 5-i uşaqlardır.

Nikolayev şəhərinin meri Aleksandr Senkeviç şəhərin mərkəzində hava zərbəsindən böyük kraterin yarandığını və güclü yanğın baş verdiyini bildirir.

Onun sözlərinə görə azı beş yaşayış binasına ziyan dəyib.

Rusiyanın ötən gecə endirdiyi raket zərbələri nəticəsində Odessada inzibati bina dağılıb, dörd nəfər yaralanıb. Odessa yaxınlığındakı anbarların da dağıdıldığı xəbər verilir.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri “Cənub” komandanlığının sözçüsü Nataliya Humenyuk verib.

Onun sözlərinə görə Odessaya 20-dən çox tipdə raket və dronlarla, o cümlədən hətta səsdən iti uçan “Oniks” antigəmi raketi ilə hücum edilib.

Bundan başqa Rusiya ordusu Sumı şəhərinə üç Şahed dronu ilə hücum edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri dronlardan ikisini vurublar, üçüncü dron isə məktəbdənkənar sağlamlıq mərkəzinin binasına düşüb. Nəticədə yanğın baş verib və bir tibb bacısı xəsarət alıb.

Ukrayna limanlarındakı gəmilər “hədəf” elan edilib

Ukrayna hərbi hava qüvvələri komandanlığının məlumatına görə Ukraynanın cənub regionlarına ümumilikdə, Oniks və Kalibr raketləri də daxil 19 qanadlı raket və 19 dron buraxılıb.

Hədəflərin dəniz limanları, sahil körpüləri, yaşayış evləri və ticarət şəbəkəsi olduğu deyilir.

Raketlər Qara dənizdəki gəmilərdən, o cümlədən sualtı gəmidən atılıb.

Ukrayna komandanlığı bildirir ki, 5 raket və 13 dronu vurmaq mümkün olub.

Rusiya üçüncü gündür ki, Ukraynanın liman şəhərlərinə ağır hava zərbələri endirir. Rusiya Müdafiə Nazirliyi bu hücumu Krım körpüsünə zərbənin “qisası” adlandırır.

Nazirlik habelə bəyan edib ki, Rusiya taxıl sazişindən çıxdığına görə iyulun 20-dən Ukrayna portlarındakı bütün gəmiləri bayrağından asılı olmayaraq “hərbi hədəf” hesab edəcək.

XS
SM
MD
LG