Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:04

Hakimiyyət insan haqları ilə bağlı öhdəliklərə əməl etmir


Oktay Gülalıyev, 26 sentyabr 2013.
Oktay Gülalıyev, 26 sentyabr 2013.

“Son bir ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşib. Hakimiyyət bu sahədə beynəlxalq öhdəliklərinə riayət etməkdən tamamilə imtina edib. Fərqli düşüncəyə qarşı dözümsüzlük dövlət siyasəti səviyyəsinə çıxarılıb və siyasi məhbusların sayı son 10 ildə ən yüksək səviyyəyə - 166 nəfərə çatıb”.

Bunu Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən tədbirdə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib.

O.Gülalıyev hakimiyyətin insan hüquqlarına qarşı münasibətinin ən parlaq göstəricisi kimi Beynəlxalq Mətbuat Mərkəzinin tədbirə yer verməməsini göstərib.

“Toplaşmaq azadlığı o qədər məhdudlaşdırılıb ki, vətəndaş cəmiyyəti fəallarına və müxalifətə artıq tədbir keçirmək üçün yer də vermirlər".

Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev bildirib ki, hakimiyyətin repressiv siyasətinə yalnız dinc ictimai müqavimətlə qarşı qoymaq olar.

Eldəniz Quliyev
Eldəniz Quliyev

“Özünə hörmət edən hər bir insan imkanları daxilində siyasi məhbusların azad edilməsi uğrunda mübarizə aparmalıdır, çünki növbəti məhbus onun doğmalarından və yaxınlarından biri ola bilər. Ədalətsizliklə barışmaq və razılaşmaq olmaz”, deyə Quliyev bildirib.

Siyasi Məhbusları Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Azərbaycanın məhkəmə sisteminin nöqsanlı olduğuna diqqət çəkib.

“Hakimlər daha çox pul verənlərin xeyrinə qərar çıxaran biznesmenlərə çevriliblər. Onlar adi işlərdən qazanırlar, bu imtiyazı siyasi işlər üzrə hakimiyyətin sifarişlərini qeyd-şərtsiz yerinə yetirdiklərinə görə alırlar”, deyə Həsənov bildirib.

Həsənov qadınları – siyasi məhbusların analarını, bacılarını, həyat yoldaşlarını təqsirsiz yerə həbs olunanların azad edilməsi uğrunda birgə mübarizə aparmaq üçün ictimai komitələr yaratmağa çağırıb.

Keçmiş müstəntiq Rüfət Səfərovun anası bildirib ki, oğlu hüquq-mühafizə sistemini tənqid etdiyinə görə həbs olunub.

Foto: arxiv
Foto: arxiv

Hüquq müdafiəçisi Leyla Yunus da Niderlanddan skype vasitəsilə konfrans iştirakçılarına qoşulub. O bildirib ki, beynəlxalq forum iştirakçılarına Azərbaycanda siyasi məhbuslar haqqında məlumat verilib və onlar siyasi məhbuslara dəstək üçün müxtəlif aksiyalar keçirəcəklər.

Azərbaycan hökuməti "siyasi məhbus" anlayışını qəbul etmir. Tutulanların konkret ciinayət əməlinə görə həbs olunduqlarını bildirir.

XS
SM
MD
LG