Türkiyədə koronavirusa gündəlik yoluxmalar oktyabrın 19-dan bəri ilk dəfə olaraq 30 mini keçib. Səhiyyə naziri omikron ştamının sürətlə yayılması haqda xəbərdarlıq edib. Xəbəri “Reuters” yayıb.
Dekabrın 28-də Türkiyədə 32 mindən çox yoluxma, 184 ölüm aşkarlandığı açıqlanıb. Dekabrda ölkədə gündəlik yoluxmalar 20 min civarında idi. Bazar ertəsi isə 30% artaraq 25 mini keçmişdi.
“Omikron ştamının sürətlə yayılması səbəbindən artan tendensiya ilə üzləşmişik”, – Səhiyyə naziri Fahrettin Koca Twitter-də yazıb və türkləri vaksinasiya olunmağa, buster doza vurdurmağa çağırıb.
DST-nin xəbərdarlığı
Ötən həftə Türkiyə özünün hazırladığı Turkovac vaksinini təcili istifadəyə təsdiqləyib.
İndiyədək Türkiyədə Pfizer/BioNTech və Çinin Sinovac vaksinlərinin 130 milyondan çox dozası vurulub.
Dünya Səhiyyə Təşkilatı (DST) isə dekabrın 28-də xəbərdarlıq edib ki, ilkin araşdırmaların omikron ştamının daha yüngül xəstəliyə səbəb olduğunu göstərməsinə baxmayaraq, səhiyyə sistemlərinin yükü arta bilər.
Bir sıra ölkələrdə delta və omikron birlikdə rekord yoluxmalara səbəb olmaqdadır.
Çin və bir çox Avropa ölkələri yoluxmaları azaltmaq üçün sərt qadağalara əl atırlar. Dekabrın 24-dən dünyada 11 min 500 yaxın uçuş reysi təxirə salınıb. Səbəb omikrona yoluxmaların yaratdığı işçi çatışmazlığıdır.
ABŞ-da 114 faizlik artım
Milad bayramından sonra Birləşmiş Ştatlar, Fransa, İtaliya, Portuqaliya və Britaniyada gündəlik yoluxma səviyyəsi yüksəlir.
Son iki həftədə ABŞ-da yoluxmalar 114 faiz artıb. Dekabrın 28-də yeddi günlük yoluxma həddi 267 mini keçib. Yeddi gün üzrə ortalama ölüm isə 1482-yə çatıb.
Ekspertlər real yoluxma sayının daha yüksək olduğunu ehtimal edirlər. Belə ki, sürətli və rahat testlərə çıxış yoxdur, digər tərəfdən, asimptomatik, soyuqdəyməyə bənzər daha yüngül yoluxma halları da müşahidə olunur.
DST isə omikronun daha yüngül keçməsinə baxmayaraq, qaydalara əməl etməyə çağırıb. Bu ştamın sürətlə yayılması “özəlliklə peyvənd olunmayan qruplar arasında xəstəxanaya yerləşdirilmə hallarının artmasına, səhiyyə sistemlərində və digər vacib xidmətlərdə irimiqyaslı pozuntulara səbəb olacaq”, – DST-nin Avropa Covid İnsidentləri Meneceri Katrin Smolvud deyib.
Qadağalar
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada gecə klubları bağlanıb, idman yarışları qapalı keçirilir.
Fransa dekabrın 27-dən yeni tədbirlərə əl atıb. Böyük toplantılara limit, nəqliyyat sistemlərində yeməyə, içməyə qadağa tətbiq olunub. Açıq havada maska taxmaq məcburi elan edilib.
Birləşmiş Ştatlarda bir sıra universitetlər azından gələn semestrin əvvəlində dərslərin onlayn keçiriləcəyini açıqlayıb.
Bir neçə həftə öncə Cənubi Afrikada aşkarlanan omikronun artıq dünyanın demək olar, bütün ölkələrində mövcud olduğu düşünülür.
Azərbaycanın səhiyyə rəsmiləri dekabrın 28-də bildiriblər ki, ölkədə bu ştamın aşkarlanması zaman məsələsidir. Omikronun qeydə alınacağı halda bəzi məhdudiyyətlərə gediləcəyi istisna edilməyib.
ABŞ Prezidenti Co Bayden isə Afrikanın cənubundakı səkkiz ölkədən səyahətə qadağanın bitdiyini elan edib.