Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Tanımadığı qurumu adına qeydiyyata alıblar


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

"Ədliyyə Nazirliyi 17 ildir sədri olduğum "Demokratik İslahatlar Uğrunda Cəmiyyət" İctimai Birliyini yox, adını da, məramını da özü müəyyənləşdirdiyi, mənə aid olmayan bir QHT-ni - "İnkişafa Yardım" İctimai Birliyini mənim adıma dövlət qeydiyyatından keçirib. İnsan hüquqları sahəsində fəaliyyət göstərdiyim halda, bu təşkilatın məqsədi iqtisadi təhlillər aparmaqdır".

"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının Şura üzvü olan Oqtay Gülalıyev noyabrın 17-də keçirilən mətbuat konfransında bu barədə danışıb.

Mətbuat konfransını Koalisiyanın koordinatoru Qubad İbadoğlu və Şura üzvləri Oqtay Gülalıyevlə Akif Qurbanov keçiriblər.

Buna da bax:​ MSŞT ətrafında qalmaqal səngimir

“AZƏRBAYCANIN ÜZVLÜYÜ DAYANDIRILA BİLƏR”

Qubad İbadoğlu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin oktyabrın 25-26-da Astana toplantısında Azərbaycanla bağlı qərardan və bu məsələyə yerli vətəndaş cəmiyyətinin münasibətindən danışıb. Bildirib ki, uzun müzakirələrdən sonra Azərbaycanın namizəd statusu saxlanılsa da, hökumət qarşısında şərt qoyulub və martın əvvəlinə qədər vaxt verilib:

"İdarə Heyətinin növbəti iclası martın birinci ongünlüyündə Kolumbiyanın paytaxtında keçiriləcək. Azərbaycan o vaxta qədər islahedici tədbirlər planını gerçəkləşdirməlidir. Bu tədbirlər İdarə Heyətini qane eləməsə, Azərbaycanın bu təşəbbüsdə üzvlüyü dayandırıla bilər".

Q.İbadoğlunun sözlərinə görə, QHT-lərdən iki ildən bir qeydiyyatı təsdiqləyən çıxarış tələbinin, qrantların qeydiyyatındakı əngəllərin aradan qaldırılması da islahedici tədbirlər planına daxildir. O vurğulayıb ki, QHT-lərin fəaliyyəti, qrantlarla bağlı qanunvericilikdəki məhdudiyyətlər aradan qaldırılmadan vətəndaş cəmiyyətinin inkişafından söhbət gedə bilməz.

Buna da bax:​ Qubad İbadoğlu: ‘Bu, bizim son şansımızdır’

“DURUM DÜZƏLMƏYƏCƏK”

"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının Şura üzrə Akif Qurbanov isə deyir ki, xarici donorların Azərbaycanda qrantlar verməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi barədə Prezidentin Astana toplantısı öncəsi - oktyabrın 21-də imzaladığı fərman vətəndaş cəmiyyətinin problemlərinin həlli yönündə ciddi irəliləyiş kimi təqdim olunur. Halbuki, QHT-lər və qrantlarla bağlı qanunlarda heç bir dəyişiklik olmayıb, fərman da qanundan üstün qüvvəyə malik deyil. Bu baxımdan həmin fərman xarici donorlardan qrant alınmasına və qrant müqavilələrinin qeydiyyatdan keçirilməsinə heç bir müsbət təsir göstərə bilməz: "Qanun dəyişməyincə, mürtəce müddəalar qaldıqca, vəziyyətin irəliləməsindən danışmaq mümkün deyil".

Buna da bax:​ Hüquq müdafiəçisi Ramil Usubova müraciət edib

Akif Qurbanovun fikrincə, ilk növbədə hökumətin vətəndaş cəmiyyətinə yanaşması dəyişməyəcəksə, ona tərəfdaş kimi baxmayacaqsa, qalan bütün addımlar görüntü xarakterli olacaq və durum düzəlməyəcək. Onun sözlərinə görə, əgər həqiqətən hakimiyyəti vəziyyəti düzəltmək istəyirsə, QHT-lər və qrant haqqında qanunlar tamamilə dəyişməli, ölkədə birləşmə və toplaşma azadlığı təmin olunmalıdı, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı tam fərqli münasibət olmalıdır:

"Vətəndaş cəmiyyətinə təzyiqlər, o cümlədən qurum rəhbərlərinin ölkədən çıxışına qadağalar, onların üzərində biabırçı yoxlamalar aradan qaldırılmalıdır. Dövlət başçısı başda olmaqla, hakimiyyət nümayəndələri vətəndaş cəmiyyəti üzvlərinə "5-ci kolon" ritorikası ilə yox, ölkənin problemlərinin həllində tərəfdaş kimi yanaşmalıdır. Ümidvaram ki, hakimiyyət məsuliyyətini dərk edib, vəziyyətin ciddiliyini adekvat dəyərləndirəcək. Siyasi iradə göstərib ölkənin MSŞT-də statusunun bərpası üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Yoxsa bir neçə təşkilatı qeydiyyatdan keçirməklə durumu dəyişmək mümkün deyil".

Buna da bax:​ Oqtay Gülalıyevə xarici pasport verilmir

XARİCİ PASPORT DA VERMƏYİBLƏR

Şuranın digər üzvü Oqtay Gülalıyev deyir ki, Astana toplantısında yerli vətəndaş cəmiyyətinin mövqeyilə bağlı müzakirələrdə ən çox adı hallananlardan biri də o idi. Bildirilirdi ki, hökumət onun müəyyən problemlərini həll edib. Oqtay Gülalıyev söyləyib ki, əvvəla, heç bir problemi həll edilməyib. İkincisi də Koalisiyaya daxil olan bir neçə qurumun probleminin fərdi şəkildə həlli qətiyyən vətəndaş cəmiyyətinin durumunun yaxşılaşdırılması kimi qiymətləndirilə bilməz:

"Barəmdəki cinayət işinə xitam verilsə də, beş ildir ki, ölkədən çıxışıma qadağa hələ də aradan qaldırılmayıb. Mənə yenə də xarici pasport verməkdən imtina olundu. Ədliyyə Nazirliyində mənim adımdan qeydiyyatdan keçirilən ictimai birlik də mənim təşkilatım deyil. Bununla əlaqədar Ədliyyə Nazirliyinə müraciət etmişəm ki, ya təsisçisi olduğum, uzun illərdir rəhbərlik etdiyim təşkilatı - "Demokratik İslahatlar Uğrunda Cəmiyyət"i qeydə alın, ya da adıma qeydiyyatdan keçirilən uydurma təşkilatın qeydiyyatını ləğv edin".

Buna da bax:​ Oqtay Gülalıyev yenidən Bakı polisinə çağrılıb

Oqtay Gülalıyevin sözlərinə görə, ən vacib məsələ hökumətin qanunvericilikdə vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran müddəaları aradan qaldırmaq istəməməsidir:

"Azərbaycan hakimiyyəti qarşıdakı dörd ayda qanunvericilik sahəsində islahatlara başlamalıdır. Təkcə Koalisiya üzvlərinin yox, bütövlükdə vətəndaş cəmiyyətinin həlli yönündə ciddi addımlar atılmalıdır. Koalisiya üzvləri Asif Yusifli, Fuad Qəhrəmanlı həbsdən buraxılmalıdır".

Hakimiyyət təmsilçiləri QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə basqılarla bağlı deyilənləri, adətən, qəbul etmir.

XS
SM
MD
LG