Pandemiya başlayan zaman türk yazıçısı Orxan Pamuk pandemiya və İstanbul haqda roman yazırmış. Bundan sonra İspaniyanın "El Pais" qəzeti onun pandemiyaların tarixi və ədəbi təsirləri haqda məqaləsini dərc edib. Bu yaxınlarda isə o, qəzetə videomüsahibə verib.
"Qorxu bizə lazımdır"
Yazıçı həyatda ciddi sağlamlıq problemi olmadığını, yalnız uşaqlıqda tipik uşaq xəstəlikləri tutduğunu deyib. "Koronavirusa gəlincə, mən qorxuram və çölə çıxmıram. Bəli, mən qorxu hiss edirəm. Qorxu normaldır. Qorxu səni təcrid qaydalarına əməl etməyə, yaxud əllərini yumağa vadar edir. Problem ondadır ki, bəzən sən ona nəzarət edə bilmirsən… Bəzi ağır vaxtlarda düşünürsən ki, bu, heç vaxt keçib getməyəcək. Bunun keçəcəyini düşünən Trump-dan fərqli olaraq… Və bu məni qorxudur. İrrasional qorxu. Adətən, məndə belə şey olmur, ancaq mən ölüm, tənhalıq, mənasız ömürdən qorxuram. Bunların hamısı ölüm qorxusu ilə bağlıdır. Ancaq Allaha şükür, bu, güclü hiss deyil. Mən panikaya düşmürəm. Şüurum nəzarətdədir. … Hesab edirəm ki, biz qorxmalıyıq, ancaq bu bizi qeyri-rasional etməməlidir, biz qorxunun bizə üstün gəlməsinə imkan verməməliyik. Ancaq qorxu bizə lazımdır. Buna əhəmiyyət verməyən insanlar var. … İnsanlar karantin qaydalarının ədalətli və rasional adamlar tərəfindən qoyulduğunu biləndə karantin işləyir", – Pamuk deyib.
O, hazırda karantini necə keçirməsindən də danışıb: "İndi burada, karantin zamanı yaşadığım məkanın hamısı mənimdir. Bu, təəccüblü, yeni həyatdır. Soruşsanız ki, bura həbsxana kimidirmi, deyərdim ki, yox. Bura gözəl bir qəfəsdir. Mən içində 20 min kitab olan bir evdəyəm. Daim kitab oxuya və filmlərə baxa bilərəm! Bəxtim gətirib. Ancaq karantinin ortasında həyatda qalmalı və iqtisadiyyatı saxlamalı olan vətəndaşlar var…".
Yazıçı 2016-cı ildə işıq üzü görmüş "Qırmızı saçlı qadın" romanında epidemiya zamanı insanların çəkdiyi əzabı canlandırıb. O, indi baş verənləri gördüyü zaman çox qəribə hisslər keçirdiyini deyir. Eyni zamanda, o, hər bir romanı yazarkən dərin araşdırma apardığını deyir: "Mən yeni pandemiyanın yaxınlaşdığını deyən Bill Gates-in yazıları haqda bilirdim. Mən buna hazır idim".
Pandemiya baş qaldıranda Pamuk Nyu-Yorkda, Kolumbiya Universitetində dərs deyirmiş və hər şey yolunda gedirmiş. Qəfildən panika başlayıb və o, Türkiyəyə qayıtmalı olub. O, ilk iki həftə ərzində bütün simptomları hiss etməyə başlayıb. Bəzi günlər koronavirusa yoluxmasından şübhələnib. Hətta işlərini bitirməmiş dünyanı tərk etməli olmasından qorxub da.
"Hər ölkə lazım bildiyi vaxtda bağlandı"
Yazıçı Rousseau-nun onda çox böyük iz qoyduğunu deyir və onun etiraflarını, avtobioqrafiyasını xüsusi qeyd edir. "Mən düşünürəm ki, müasir dünyada özü üçün kitab oxuyan və özü üçün düşünən ilk insan Rousseau olub. Ancaq mən sosioloq deyiləm. Mənə görə, müasirlik daha çox düşüncə tərzi, yaxud öz məhdud imkanları çərçivəsində dünya haqda mühakimə yürütmək azadlığıdır. Hazırda kitab oxuyan və öz individuallığı vasitəsilə mühakimə yürütmək qabiliyyəti olan orta təbəqə insanı var. Məncə müasirlik budur".
"…Biz vaxt itiririk, çünki hər ölkə lazım bildiyi vaxtda bağlandı. Virussa artıq onun torpağında, yaxud havasında idi… Yeni viruslar, yeni mutasiyalar olacaq və bununla məşğul olan güclü hökumət olmasa buna nəzarət oluna bilməz. Son nəticədə bunun hamısı hava səyahətinin nəticəsidir və ona nəzarət edilməlidir. Başqa yolu yoxdur. Bu, yenə baş verəcək. Ona görə də biz özümüzü təşkilatlandırmalıyıq. Bəzən mən nikbin oluram və düşünürəm ki, bəşəriyyətin bu problemləri həll etməyə dərrakəsi yetir. Ancaq təşkilatlar və birliklər bəşəriyyətdən daha az ağıllıdır və müəyyən mənada biz bu vəziyyəti idarə edə bilən dünya hökuməti olmadığı üçün ölürük", – yazıçı deyib.
"Bu an mən qorxuma hörmət etməyi öyrənirəm. Qorxum mənə sadə, başıaşağı olmağı öyrədib, digər insanlar haqda düşünməyi, icmada birliyi hiss etməyi öyrədib… Belə bir xəstəlik millətçi qəzəbini ifadə edən insanları hirsləndirir. Mən onlar kimi deyiləm. Həmrəylik ruhu zəruridir. Bəzən düşünürəm ki, bütün bunları o qədər ciddi qəbul edirəm ki, bəlkə yumor hissimi itirirəm. Narahat oluram. Yumor və istehzanı qorumaq çətindir. Çox insanın problemləri var. Bunlar bir yazıçı üçün çətin sınaqdır", – O.Pamuk əlavə edib.