Nobel mükafatçısı Orxan Pamuk əsərlərini İranın farsdilli auditoriyası üçün tərcümə və çap edə biləcək «etibarlı iranlı naşir» və «fars dilinə mükəmməl tərcüməçi» axtardığını deyir. O təəssüflənir ki, hazırda İranda belə naşir və tərcüməçi yoxdur.
İranın «Çeşmeh» nəşriyyatı Pamukun bu ölkədə yeganə «rəsmi naşiri» olduğunu bəyan edib. Yazıçının açıqlaması da bundan sonra dərc edilib. Ötən ay dövlətin nəzarətindəki «Mehr» xəbər agentliyinə müsahibə verən Pamuk İranda bəyəndiyi hər hansı naşirin olmadığını söyləyib.
«Son romanımı fars dilinə çevirmək istəyən şəxs…»
Pamuk özünün «Taun gecələri» adlı son romanından söz açaraq, əsərini eyni zamanda həm fars, həm də türk dillərinə nəşr etdirmək istədiyini deyib: «Son romanımı fars dilinə çevirmək istəyən şəxs mənim Londondakı agentimlə, yaxud İranda «Çeşmeh» və «Qoqnus» nəşr evləri ilə əlaqə saxlaya bilər».
2006-cı ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Pamuk farsdillilər aləmində ən populyar yazarlardan biridir.
67 yaşlı yazıçının bir çox romanı fars dilinə çevrilib və İranın müxtəlif nəşriyyatlarında çapdan çıxıb. Onun romanları o dərəcədə populyardır ki, bəzi hallarda eyni əsərin 4 tərcüməsini tapmaq olur.
Pamuk deyir ki, onun «Mənim adım Qırmızı» və «Qara kitab»ı da daxil, bəzi romanları İran mədəniyyəti və ədəbiyyatından ilham alınaraq yazılıb. Yazıçı 2006-cı ildə Nobel mükafatına layiq görüldükdən sonra İrana səfər edib.
Pamukun İrana ilk səfəri Tehran Beynəlxalq Kitab Yarmarkası ilə üst-üstə düşüb. Ancaq iranlı həmkarı Salman Rüşdini müdafiə etdiyindən, o uzun zamandan bəri mühafizəkarların təzyiqi altında ona pərəstişkarları ilə ictimai görüşlərə qatılmaq imkanı verilməyib.
Bununla belə, Pamuk hələ də İran mədəniyyətini tərənnüm edir: «Mən kitablarımın İranda sevilməsinə çox sevinirəm. İran mədəniyyəti çox cazibədardır və mənim kitablarımda Rumi, Nişapurlu Əttar, Firdovsi və Nizami kimi fars dilində yazıb-yaradan şairlərin yaratdığı sənət əsərlərinin böyük təsiri var».
Pamuk İranda yayğın olan senzuranı «qorxunc» sayır
Türkiyə və İran arasındakı tarixi bağları vurğulayan Pamuk İranda özünü öz evində hiss etdiyini deyib. O, senzuraya uğramış, zəif tərcümə olunmuş romanlarından danışarkən iranlı tərcüməçilərə üz tutub:
«Siz «uyğun olmayan» hissəni (senzuraya görə) pozursunuzsa, o zaman, zəhmət olmasa, qalan hissələri düzgün çevirin. Mən romanlarımın senzuraya uğramış, ancaq düzgün tərcümə olunmuş versiyalarını senzurasız, ancaq pis tərcümə olunmuş versiyalardan daha üstün tuturam».
Pamuk romanlarının fars dilinə tərcümələrinin keyfiyyətindən danışarkən çox da qəti ifadələr işlətməməyə üstünlük verir: «Mən fars dilinə bələd olmadığımdan, romanlarımın «Çeşmeh» və «Qoqnus» tərəfindən çap olunan tərcümələri haqda mühakimə yürüdə bilmərəm. «Çeşmeh» mənim agentimlə əlaqə saxlayaraq və müəlliflik haqqını ödəyərək əvvəlki romanlarımın çoxunu çap edib, ancaq mən eşitdiyimə görə, onun tərcümələri yetərincə yaxşı deyil. Bununla yanaşı, mən bunu mühakimə edə bilmərəm».
«Yazıçı bir sözünə də senzura tətbiqini sevməz»
Ötən il mayın 9-da, İranın «Qoqnus» nəşriyyatının Tehranda təşkil etdiyi mətbuat konfransında Pamuk bir əsərinin farsca çapından ikiqat xoşbəxt olduğunu deyib. Ancaq o, İranın hər hansı beynəlxalq müəllif hüquqları konvensiyasına qoşulmamasından məyusluğunu da dilə gətirib.
Kitablarının İranda senzuraya uğramasından danışarkən Pamuk bildirib ki, yazıçılar əsərlərində bircə sözə belə senzura tətbiqini sevməzlər. Sözlərinə bunu da artırıb ki, İrandakı yazıçılar daim dilemmayla üzləşiblər və bilməyiblər ki, əsərlərinin senzuraya uğramış versiyasını seçsinlər, yoxsa əsərin çapını sonraya saxlasınlar.
O, kitablarının beynəlxalq müəllif hüquqları konvensiyalarına uyğun olaraq tək bir nəşriyyat və tərcüməçinin əlindən çıxmasını istədiyini də vurğulayıb.
Ünlü türk yazıçısı Orxan Pamukun romanları dünyanın 60-dan çox dilinə çevrilib.