Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (International Consortium of Investigative Journalists – ICIJ) Panamadakı Mossack Fonseca firmasından sızmış 200 min sənədi əhatə edən məlumat bazası açıb.
Bu məlumat bazası offshoreleaks.icij.org. internet ünvanında yerləşir və Nevadadan Honq Konqa və Vircin adalarınadək 21 ölkədə qeydiyyatdan keçmiş 214 min ofşor şirkətini əhatə edir.
Mossack Fonseca firmasından sızmış sənədlər ICIJ tərəfindən aprelin 26-da elan edilmiş, ofşor şirkətlər və onların sahiblərinin adları açıqlanmışdı.
Xəbər verilir ki, ICIJ-in saytında ümumilikdə 11 milyon nüsxə olan sənədlərin özləri verilmir, sadəcə olaraq sənədlərdə adları çəkilənlərin, ofşorların və onların mənsub olduqları ölkələrin adları göstərilir.
Ofşor şirkətləri barədə ötən bazar günü dərc olunmuş məlumatlardan başqa bu məlumat bazasına ICIJ-in hələ 2013-cü ildə dərc etdiyi 100 min ofşor şirkəti barədə informasiyalar da var.
Buraya Britaniyanın Vircin adaları, Sinqapur və Kuk adasında 1980-2010-cu illərdə qeydiyyatdan keçmiş ofşorlar barədə məlumatlar daxildir.
Aprelin əvvəllərində ICIJ və Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) üzvləri Mossack Fonseca firmasından sızmış sənədlərin (Panama Papers) əsasında apardıqları təhqiqatın nəticələrini dərc etmişdilər.
Panama sənədlərində 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, rəsmilərinin, məmurlarının adları var.
Bunların arasında Ukrayna prezidenti Petro Poroshenko-nun, Azərbaycan prezidenti İlham Əliyevin qızlarının, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsinin və başqalarının adları da çəkilir.
Panama sənədlərinin açıqlanması hələlik yalnız İslandiyanın baş naziri Sigmundur Davíð Gunnlaugsson və İspaniyanın sənaye və turizm naziri Jose Manuel Soria-nın istefaları ilə nəticələnib.
Bazar ertəsi 300 iqtisadçı dünya liderlərini vergisiz əraziləri ləğv etməyə çağıran məktubu imzalayıb.
Məktubda deyilir ki, ofşorlar yalnız zənginləri və transmilli şirkətləri mənfəətləndirərək, mülkiyyət bərabərsizliyi yaradır.