Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:46

‘Elə ay olur ki, bizim uşaqların dilinə ət dəymir’


Son bahalaşma Azərbaycanda uşaqların sosial təminatına necə təsir edib? 

Azərbaycanda keçən il ərzağın qiyməti rəsmi məlumata görə isə 15 faizə qədər bahalaşıb, amma qeyri-rəsmi məlumata görə, bahalaşma azı 40 faizdir, üstəlik ərzaqdan başqa məhsullar da bahalaşıb.

BMT Əmək Təşkilatının keçənilki hesabatına görə, Cənubi Qafqazda uşaqların müdafiəsinin ən pis təmin edildiyi ölkə Azərbaycandır.

Bu sahə üzrə reytinq indeksi Azərbaycanda təqribən 17, Ermənistanda 30, Gürcüstanda 48-dir.

İndeks hazırlanarkən bir neçə parametr- o cümlədən, sosial müavinət alan uşaqların sayı nəzərə alınıb.

“Oğlum səhər 8-də çıxır, axşam 12-də evə qayıdır”

Bakı sakini, üç uşaq anası İradə Hümbətova deyir ki, son bahalaşma onsuz da çətin olan durumlarını bir az da ağırlaşdırıb, uşaqları uşaq həyatı görmürlər, elə güclə yeməklərini çatdıra bilirlər:

“Bir ayda uşaq bir dəfə meyvə yeyər, ət yeyər?! Elə ay olur ki, bizim uşaqların dilinə ət dəymir. Çətindir həyatımız, çox pis gündəyik, uşaqlardan özüm də utanıram. Böyük oğlumun 14 yaşı var, birdən o da əsəb keçirir ki, belə yaşayış olarmı, belə dolanmaq olarmı?”

İradə Hümbətova deyir ki, özü işsizdir, həyat yoldaşı isə günəmuzd işləyir. O deyir ki, dövlətdən 300 manat müavinət alırlar, amma ki, ailədə aya adambaşına düşən 60 manat uşaqlara çatmır.

Şamaxının bu kəndində camaat niyə bolluca qar arzulayır? - Reportaj
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Uşaqların müdafiəsinə 0.4 faiz

Uşaqların sosial durumunun zəif olduğunu deyən təkcə İradə Hümbətova deyil.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev hesablayıb ki, Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı dövlət büdcəsinin xərcləri ölkənin ümumi daxili məhsulunda (ÜDM) payı orta hesabla 2.5 faiz ətrafındadır. Azərbaycanda isə bu rəqəm 0.4%-dir.

İmişli sakini Gülnarə İsmayılova isə dövlətdən heç bir yardım almadığını deyir. O bildirir ki, onun 16 yaşlı oğlu məktəbə getmək əvəzinə işləyir, evə baxır.

“Oğlum səhər 8-də çıxır, axşam 12-də evə qayıdır. Mən kirayəni güclə ödəyirəm”.

Gülnarə İsmayılova deyir ki, pandemiyadan sonra heç uşağın da qazancı evi görmür, qonşuların köməyinə möhtacdırlar.

Çörəyi kim bahalaşdırır?
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Pandemiya uşaqların vəziyyətini daha çox ağırlaşdırıb

BMT-nin Ərzaq Proqramının hesabatına görə, son iki ildə pandemiya təkcə Azərbaycanda deyil, başqa dünya ölkələrində də bahalaşma yaradıb.

BMT-nin uşaq təşkilatı Unicef-in keçən ilin dekabrında verdiyi açıqlamaya görə, COVİD-19 pandemiyası uşaqlar üçün son 75 ilin ən böyük böhranı sayılır.

Qurum hesab edir ki, pandemiya uşaqların hər mənada inkişafına mane olur, inkişaf etməkdə olan ölkələrdə isə bu problem daha xarakterikdir. Qurum Azərbaycanın adını ayrıca qeyd etməyib.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov hesab edir ki, Azərbaycanda yoxsul ailələrin uşaqlarının pandemiya dövründəki iqtisadi və sosial çətinliklərə görə ağır həyatları daha da ağırlaşıb:

“Rəsmi rəqəmlərdə nominal ifadədə bu, öz əksini tapmasa da, qeyri-rəsmi hesablamalar gəlirlərin təxminən 13 faiz azaldığını göstərir. Burda inflyasiya faktorunu da nəzərə alsaq, əhali, xüsusilə də aşağı gəlirli kateqoriyaya daxil olan insanlar üçün pandemiyanın gəlirlərə təsiri 30 faizdən artıq idi”.

Artan rüsumlar vətəndaşları hansı sahələrdə xərcə salır?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

200 manat əvəzinə 110 manat

Rəşad Həsənov deyir ki, hazırda bütün uşaqlar yox, müəyyən kateqoriyalara aid olan ailələr uşaqpulu alır, amma bu pul da azdır, onun hesablamalarına görə, bir uşağın təminatı üçün ayda təqribən 200 manat lazım olsa da, dövlət ən yaxşı halda bir uşağa 110 manat vəsait ayırır.

Hazırda 18 yaşa qədər əlilliyi olan uşaqlara, müharibə veteranları, hərbi qulluqçular və s. kimi qrupların uşaqlarına aylıq müavinətlər verilir.

Keçən ilin dekabrında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər və ona görə də dövlət uşaqpulu ayırmaq yox, əmək haqlarını qaldırmaq yolunu seçib.

Büdcədən maliyyələşən bəzi qurumlarda əməkhaqları yanvarın 1-dən qalxsa da, vətəndaşlar bahalaşma fonunda artımın inflyasiyanın yeminə çevrildiyini, aşağı gəlirli ailələrdə uşaqları sevindirməyin çətin olduğunu deyirlər.

XS
SM
MD
LG