Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:24

Pandemiya ədəbiyyatı


"Yustinian taunu". (541–549) Rəssam Yos Liferinks
"Yustinian taunu". (541–549) Rəssam Yos Liferinks

Yaşadığımız dövrdə bəşəriyyətin iqtisadi, ictimai və mədəni nailiyyətlərinin bioloji böhran və ölüm qorxusu fonunda kölgədə qaldığını görürük. "Bəs görəsən, humanitar elmlər – insan olmağı öyrədən elmlər - bu travmanın öhdəsindən gəlməyə necə kömək edə bilər?", – "San Francisco Chronicle" nəşrindəki məqalədə deyilir.

Bugünkü dünyanı keçmişin pandemiyaları formalaşdırıb

Son aylar ərzində biz geriyə baxıb bəşəriyyətin keçmişdə epidemiya və pandemiyalar zamanı yaşanan travmanın öhdəsindən necə gəldiyi ilə maraqlanırıq. Bu baxımdan, humanitar elmlər, xüsusən də tarix və ədəbiyyatın köməyi böyükdür. Əgər tarix pandemiyaların ayrı-ayrı icmalara təsirini göstərirsə, ədəbiyyat bizə daha dərin baxış imkanı verir.

"…Yadda saxlamalıyıq ki, bu gün içində yaşadığımız dünyanı keçmişin pandemiyaları formalaşdırıb. Bunu anlamaq bu çətin günlərin öhdəsindən gəlməyimizə kömək edəcək", – yazıda deyilir.

Tarixdə "Qara ölüm" kimi tanınan taun pandemiyası 1347 – 1351-ci illər arasında Asiya, Avropa və Şimali Afrikanın altını üstünə çevirib, bəşər tarixini dəyişdirib. Onun təsirləri əsrlərlə davam edib. Avropa cəmiyyətləri əhalilərinin yarısını itirib və əvvəlki saya gəlib çatmaq üçün 100 il lazım olub.

Əsərlər

Məqalədə pandemiyanın insanlığa təsirini əks etdirən roman və hekayələrin siyahısı verilib. Siyahıdakı kitablar bunlardır:

Giovanni Boccaccio, "Dekameron" (1353): XIV əsrdə florensiyalı Qara ölüm qaçqınlarının danışdığı hekayələr.

Daniel Defoe, "Taun ili gündəliyi" (A Journal of the Plague Year) (1722): XVII əsrdə Londonda yayılmış taun epidemiyasına ədəbi və tarixi baxış.

Katherine Anne Porter, "Solğun at, solğun atlı" ("Pale Horse, Pale Rider") (1939): 1918-1919-cu illərin ispan qripi pandemiyasını yaşamış müəllifin yazdığı qısa hekayə.

Ahmed Ali, "Dehlidə şər qarışarkən" (Twilight in Delhi) (1940): Bu əsər də 1918-1919-cu illərin qrip pandemiyası haqdadır. Ancaq hadisələr o zaman Britaniya müstəmləkəsi olan Hindistanda cərəyan edir.

Albert Camus, "Taun" (1947): Əsər II Dünya müharibəsindən sonra Fransa əsarətində olan Əlcəzairdə baş qaldırmış epidemiya haqdadır. Bu roman nasizmdən müstəmləkəçiliyə və insan ruhunun mövcudiyyət böhranına qədər çox şeyin rəmzi kimi görülür.

Kenzaburo Oe, "Tumurcuqları qopar, uşaqları güllələ" (Nip the Buds, Shoot the Kids) (1958): II Dünya müharibəsi zamanı bir yapon kəndində yaşayan məktəbli oğlanların hekayəsi.

Michael Crichton, "Andromeda ştammı" (The Andromeda Strain) (1961): Həkimlərin pandemiya ilə mübarizəsi haqda olan bu roman elmi fantastika janrının klassikası sayılır.

Octavia E. Butler, "Sağ qalan" (Survivor) (1978): Yer kürəsini cənginə almış xəstəlikdən qurtulanlar başqa planetdə məskunlaşırlar.

Gabriel García Marquez, "Vəba zamanı sevgi" (1985): Sevilən kolumbiyalı yazıçının sevgi, ehtiras və xəstəlik haqda romanı.

Margaret Atwood, "Oriks və Kreyk" ("Oryx and Crake") (2003)"Sel ili" (The Year of the Flood) (2009) əsərləri: Bunlar "MaddAdam" trilogiyasının ilk iki romanıdır.

Philip Roth, "Qisas" (Nemesis) (2010) kitabı 1944-cü ildə baş qaldırmış poliomielit epidemiyasının yəhudi məhəlləsinə təsiri haqdadır.

Edgar Allan Poe-nun "Qırmızı ölümün maskası" ("The Masque of the Red Death") (1842) əsəri epidemiya və sosial ədalət haqqındadır.

İspanların Amerika qitəsinə apardığı xəstəliklər

Tarixdə nəhəng bioloji böhranlar fundamental sosial və mədəni dəyişikliklərə yol açıb. Məsələn, işçi qüvvəsinin tükənməsi əməkhaqqı ala bilən azad kəndli sinfinin yaranmasına səbəb olub. Bu halda ölüm və azadlığın əl-ələ olduğunu görürük.

XVI əsrin əvvəllərində avropalıların Yeni Dünyanı tutması da pandemiya ilə müşayiət olunub. 1520-ci ildə ispan konkistadorları Meksikanın Verakruz şəhərinə gələndə özləri ilə silah və qızıldan başqa çiçək xəstəliyini də gətirmişdilər. Bu xəstəlik cəmi bir ilə Astek imperiyasına son qoyub. Ümumiyyətlə, ispanların Amerika qitəsinə apardığı xəstəliklər yerli əhalinin 90%-ni yer üzündən silib.

I Dünya müharibəsinin sonlarında baş qaldırmış 1918-1919-cu illərin "ispan qripi" epidemiyası isə müharibənin özündən daha çox insanın həyatına son qoyub.

XS
SM
MD
LG