Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Ermənistanda Qarabağ yenə də hakimiyyət davasının meydanına çevrilir?


Mayın 9-da Ermənsitanın baş naziri Nikol Pshinian (ortada) Dağlıq Qarabağa səfər edib
Mayın 9-da Ermənsitanın baş naziri Nikol Pshinian (ortada) Dağlıq Qarabağa səfər edib

“Əgər Dağlıq Qarabağda əksinqilab ocağı qalansa, onu Qarabağ əhalisi beşiyində boğacaq”.

Bu sözləri mayın 13-də Ermənistan parlamentində keçirilən brifinqdə AzadlıqRadiosu Erməni xidmətinin sualına cavab verərkən məclisin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri,müdafiə nazirinin keçmiş müavini Andranik Kocharian deyib.

Azatutyun yazır ki, mayın 9-da Dağlıq Qarabağa səfərindən sonra baş nazir Nikol Pashinian öz Facebook səhifəsində maraqlı bir qeyd etmişdi:

“Mətbuatda bəzilərinin Artsaxı (Qarabağı –red) əksinqilab ocağına çevirmək istəməsindən çox yazırlar. Əgər bəziləri Artsaxı əksinqilab ocağına çevirmək istəsələr, Artsax xalqı onu inqilab ocağına çevirəcək”.

“Mənim addımım” hakim fraksiyasının üzvü olan Andranik Kocharian deyib ki, bir çox qüvvələr Qarabağa siyasi proseslərin platforması kimi baxa bilərlər:

“Pashinian sadəcə xəbərdarlıq edib ki, bu yolverilməzdir”.

Millət vəkilinin fikrincə, Pashinian bununla demək istəyib ki, “Artsaxın və Ermənistanın zəiflədilməsinə yönələn hərəkətləri heç kəs ağlına belə gətirməməlidir”.

Hakim çoxluğun başqa bir nümayəndəsi, parlamentin xarici münasibətlər komissiyasının sədri Ruben Rubunian deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur:

“Baş nazirin sözlərini təkrar edirəm ki, Qarabağı əksinqilab mərkəzinə çevirmək cəhdi təbii olaraq inqilabla bitəcək və divanə olmaq lazımdır ki, bunu başa düşməyəsən. Mən inanmıram ki, bu mənada Ermənistanda və ya Artsaxda dəlilər var”.

Kocharian-dan xəbərdarlıq

Xatırlatmaq yerinə düşərdi ki, Ermənistanın baş naziri Nikol Pashinian onu hakimiyyətə gətirmiş etiraz hərəkatını “inqilab” adlandırır. Bu mənada onun özünə qarşı qüvvələri əksinqilab adlandırması təbiidir.

Hələ mayın 8-də hazırda məhkəməsi davam edən keçmiş prezident, əslən qarabağlı Robert Kocharian təcridxanadan Reuters agentliyinə yazılı müsahibəsində demişdi ki, çox güclü müxalifət qüvvələri Ermənistanın yeni hakimiyyətinə meydan oxumaq üçün birləşirlər və onun özü də bu qüvvələrin arasında olacaq.

Kocharian bu müsahibəsində ölkənin yeni hakimiyyətini “naşı” adlandrımış və demişdi ki, ötən il Ermənistanda baş verənləri inqilab adlandrımaq olmaz:

“Bu sadəcə olaraq cəmiyyətin yığılıb qalmış narazılığının və dəyişikliyə canatımının nəticəsi idi”.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

Kocharian 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

Mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Kocharian 2008-ci ildə onillik hakimiyyətinin son günlərində ölkənin konstitusiya quruluşunu devirməyə cəhd ittihamıyla məhkəmə qarşısına çıxarılıb.

XS
SM
MD
LG