Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:56

Paşinyan parlamentdən suallara cavab vermədən çıxıb


Nikol Paşinyan
Nikol Paşinyan

Baş nazir parlamentə jurnalistlərin girişi olmayan qapıdan gəlib və oradan da çıxıb gedib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan oktyabrın 25-də parlamentdə 2022-ci il üçün büdcənin müzakirəsi zamanı geniş çıxış edib, lakin noyabr ayında Moskvada Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyinə dair Rusiya və yerli mediada dolaşan şayiələrlə bağlı suallara cavab verməyib.

Bu da xəbər verilir ki, Paşinyan parlamentə jurnalistlərin girişi olmayan qapıdan gəlib və oradan da çıxıb gedib.

O deputatların sullarına cavab verməyib. Onun mətbuat katibi də hər hansı şərh verməkdən boyun qaçırıb.

Mane Gevorkyan bir daha Ermənistan XİN-in ötən şənbə verdiyi bəyanatı xatırladıb. Bəyanatda deyilirdi ki, hazırda Əliyev-Paşinyan görüşü planlaşdırılmır, amma müxtəlif görüş təklifləri müzakirə olunur.

Azatutyun yazır ki, iqtidaryönlü deputatlar da bu barədə ya danışmaqdan imtina edir, ya da məlumatları olmadığını deyirlər.

“Vətəndaş müqaviləsi” hakim fraksiyasından deputat Qraçya Akopyan rəsmi məlumatı gözləməyə çağırıb:

“Hansı sənəddən söhbət getdiyini mən hazırkı vaxtda bilmirəm. Amma müzakirələr davam etdirilir”.

Zəngilana qayıdan sakinlərə nələr vəd edilir?
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

İqtidar narahat deyil

AzadlıqRadiosunun Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin son üçtərəfli danışıqlarında hansı razılaşmaların əldə edildiyinə dair sualına Akopyan belə cavab verib:

“Məndə bu barədə informasiya yoxdur. Çünki Mğer Qriqoryan bizim fraksiya ilə görüşəndə üçtərəfli iclas hələ keçirilməmişdi. Bundan sonra isə fraksiyamızın görüşüb bu məsələni müzakirə etmək imkanı olmayıb. Odur ki, hazırda mənim bu barədə məlumatım yoxdur”.

Onu “hökumətin deputatlara heç bir məlumat vermədən belə bir miqyaslı sənədi imzalayacağı narahat etmirmi” sualına Qraçya Akopyan belə cavab verib:

“Narahat etmir, çünki biz hökumət üzvlərinə daim suallar verir və bizi narahat edən məsələlər barədə cavablar alırıq. İndiyədək bu sualların cavabları bizi qane edib. Bizə verilən cavablardan görünür ki, narahatlıq üçün əsas yoxdur. Biz hökumətin bizə təqdim edəcəyi sənədin məzmununu gözləyirik. Odur ki, mən indi KİV-in, başqa ölkələrin KİV-lərinin yazdığını şərh etmək istəmirəm”.

Azatutyun yazır ki, müxalifət mümkün sənəd barədə xəbəri mediadan alıb və iqtidar deputatlarından fərqli olaraq bu xəbərlər onları narahat edir.

Hayastan fraksiyasının katibi Artsvik Minasyan deyib ki, onlar rəsmi məlumatı gözləməyəcək, onu postfaktum tənqid etmək yox, qarşısını almaq yolu ilə gedəcəklər:

“Əgər lap hər hansı danışıq prosesi gedirsə də, o açıq olmalıdır, heç olmasa əsas siyasi oyunçuların, cəmiyyətin və diasporanın əsas fiqurlarının cəlb olunması ilə aparılmalıdır. Hakimiyyət özünün gizli fəaliyyət tərzini davam etdirə bilməz”.

Ermənistan müxalifəti deyir ki, hökumət Azərbaycana yeni ərazilər verəcək
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Şayiələr

Ötən cümə günü Ermənistan mediası Alik Media saytına istinadən noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan arasında Vladimir Putinin vasitəçiliyi ilə iki yeni sənədin imzalanacağını xəbər vermişdilər.

Xəbərdə deyilirdi:

“Birinci sənəd Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyasına aiddir. Bu sənədə görə Yerevan və Bakı, Sovet İttifaqı Baş qərargahının 1920-ci illərə aid xəritəsi əsasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüklərini tanımalıdırlar”.

İkinci sənədin regionda kommunikasiyaların açılması barədə olacağı xəbər verilirdi.

Sözü gedən xəbərin müəllifi Tatul Akopyan Azatutyuna demişdi:

“Mən istisna etmirəm ki, son anda hansısa detala görə görüş baş tutmaya bilər. Mən Ermənistan tərəfdən bu sənədə “yox” deyilməsi üçün nə qədər müqavimət gücü qaldığını bilmirəm”.

“Şərəfim var” müxalifət fraksiyasından Tiqran Abramyan deyib ki, onlar 1920-ci illərin xəritələrini öyrəniblər.

Müxalifət deputatı düşünür ki, bu məsələdə tələskənliyə yol verilməməlidir:

“Biri var ad, yəni sülhə dair şərti sənədin necə adlanması, bir də var onun içindəki məzmun. Ona görə də bizim əsas vəzifəmiz müzakirələrlə hökumətin əsl yanaşmasını, onun rəhbər tutduğu prinsipləri və onların əsasında duran hesablamanın nə olduğunu başa düşməkdir”.

Azatutyun yazır ki, müxalifət güc nazirliklərinin iştirakilə qapalı iclasın keçirilməsini mühüm hesab edir.

XS
SM
MD
LG