Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:42

Paşinyan Qarabağdakı erməni qoşunundan danışıb


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyanın sözlərinə görə Azərbaycan üçtərəfli bəyanatın erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına dair bəndini də düzgün təfsir etmir

Azərbaycan Ermənistanın onun təkliflərinə cavab vermədiyini hesab edir, çünki Yerevan Dağlıq Qarabağ probleminin olduğunu, Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsinin iki ölkə arasında hərtərəfli tənzimləmədə həll olunmalı olduğunu bəyan edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu martın 31-də keçirdiyi hökumət müşavirəsində baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə bu o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin pozulmazlığı barədə təklifini məqbul sayır:

“Azərbaycanın mövqeyi belədir ki, Dağlıq Qarabağ problemi mövcud deyil və artıq həll olunub. Azərbaycanın bu mövqeyi belə bir mühüm suala cavab vermir ki, belə halda Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsi necə həll olunacaq”.

"Əgər erməni tərəfi səhv edirsə..."

Paşinyanın sözlərinə görə məhz buna görə də beynəlxalq birlik daim Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin zərurətindən danışır:

“Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəlikdə olduğunu və bu gündəlikdə qalacağını bilən Azərbaycan məsələni həll etmək yox, bağlamaq istəyir”.

Paşinyanın sözlərinə görə son günlər Qarabağdakı Fərrux kəndi ətrafında baş verənlər belə bir meyldən xəbər verir.

Nikol Paşinyan bildirib ki, əgər Ermənsitan tərəfi bu məsələdə səhv edirsə, qoy Azərbaycan bu məsələyə, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsinə konkret maraq göstərsin.

Rusiya-Azərbaycan gərginliyi: Qarabağda nələr baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

“Əlıyev özü qol çəkib...”

Ermənistan baş naziri deyib ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini təkcə Ermənistan yox, beynəlxalq birlik də qaldırır:

“Amma rəsmi Bakı əks istiqəmətdə hərəkət edir və bildirir ki, Dağlıq Qarabağ yoxdur. Məhz buna görə də Azərbaycanın rəsmi dairələri beynəlxalq icmanın Dağlıq Qarabağ adından istifadə etməsinə kifayət qədər aqressiv reaksiya verir. Lakin bu addan istifadə olunması tamamilə qanunidir, həm də ona görə ki, 9 noyabr üçtərəfli bəyanatında “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” ifadələri aydın göstərilir. Bu bəyanata Azərbaycan prezidenti də qol çəkib”.

Ermənistan baş nazirinin sözlərinıə görə Azərbaycan 9 noyabr bəyanatını öz istəyinə uyğun şəkildə təfsir edərək “ermənilərsiz Dağlıq Qarabağ” siyasəti yürüdür.

Paşinyanın sözlərinə görə Azərbaycan üçtərəfli bəyanatın erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına dair bəndini də düzgün təfsir etmir:

“...Çünki 9 noyabr bəyanatında erməni birləşmələrinin haradan getməli və harada qalmalı olduqları dəqiq göstərilib”.

Paşinyan bunu da əlavə edib ki, prezident İlham Əliyev bundan əvvəlki bəyanatlarında üçtərəfli bəyanatın kommunikasiyaların açılması bəndindən başqa bütün bəndlərinin yerinə yetirildiyini deyirdi.

Baş nazir qeyd edib ki, üçtərəfli bəyanatın bütün əsirlərin qaytarılmasına dair bəndi də açıq qalır.

Bəyanatda yalnız “Laçın dəhlizi” var

Azatutyun yazır ki, Paşinyan habelə Bakının Azərbaycanı Naxçıvanla birləşdirməli olan yolu Laçın dəhlizi ilə eyniləşdirməsini də tənqid edib.

Ermənistan baş naziri deyib ki, Azərbaycan bu iddiasını da 9 noyabr üçtərəfli bəyanatı ilə əsaslandırmağa çalışır:

“Belə bir iddia iki səbəbdən əsaslı deyildir. Birincisi, 9 noyabr bəyanatında Ermənistan Respublikasının heç bir ərazisindən və onunla bağlı dəhlizdən söhbət getmir. Amma orada “Laçın dəhlizi” ifadəsi var. Laçın dəhlizi təkcə yol deyil, o həm də 5 kilometr enində ərazidir. Üçtərəfli bəyanata görə bütün bu ərazi Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. Orada belə bir müddəa yoxdur ki, hansısa başqa bir ölkə üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən Ermənistanın hansısa ərazisinə nəzarət edir. Dağlıq Qarabağla Naxçıvanın eyniləşdirilməsi bir neçə səbəbdən qəribədir. Birincisi, Naxçıvanın Azərbaycanla İran İslam Respublikası və Türkiyə vasitəsilə quru əlaqəsi, İran, Türkiyə və Ermənistan Respublikasının hava məkanı ilə hava əlaqəsi var. Dağlıq Qarabağın Ermənistanla yalnız quru yolla, həm də yalnız Laçın dəhlizi ilə əlaqəsi var. Laçın dəhlizinin Azərbaycanın nəzarətində olan əraziyə çevrilməsi bütün hallarda yalnız bir nəticə verəcək – ermənilərin Dağlıq Qarabağdan köçürülməsi”.

Paşinyan bir daha xatırladıb ki, 9 noyabr bəyanatı Ermənistan ərazisində heç bir dəhliz nəzərdə tutmur.

Xatırlatma

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair daha iki bəyanat imzlayıblar.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG