2021-ci il iyulun 1-i Dövlət Sosial Müdafiə Fondunda 1214,1 min pensiyaçı qeydiyyatda olub.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Komitə qeyd edir ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
"Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub",məlumatda yazılıb.
43 min azalma var
DSK vurğulayır ki, ötən ilin iyulun 1-i vəziyyətinə bu rəqəm 1257,4 min nəfərə bərabər olub.Bu rəqəmlərin müqayisəsindən belə çıxır ki, ölkədə pensiyaçıların sayı bir ildə 43 mindən çox azalıb.
Pensiyaya çıxmaq yaşı artırılıb
2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.
Son 4 ildə 114 min azalma
Son 4 ildə Azərbaycanda pensiyaçıların sayında azalma başlayıb. Rəsmi rəqəmlərə görə, 2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,7 faizini təşkil edib. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
2018-ci ilin əvvəlinə ölkədə isə pensiyaçıların sayı 1 milyon 320,4 min nəfərə düşüb. Təyin olunmuş aylıq pensiyaların ortaməbləği 205,5 manata çataraq orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub.
2019-cu il iyulun 1-də isə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13 faizini təşkil edib. Onların 58.4 faizi yaşa, 30 faizi əlilliyə, 11.6 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb.
Bəs pensiya yaşı yenidən azaldıla bilərmi?
Мilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev " Turan " İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib ki, ola bilsin əhalinin az qismi pensiya yaş həddinin bir necə il əvvəl 65 yaşa qaldırılmasından narahat olsalar da, əksəriyyət bu qərarı dəstəkləyir :
“Pensiya yaşının yenidən aşagı salınması gündəmdə deyil. 65 yaş normal həddir. Hətta bizə müəllim və digər peşə təmsilciləri yazaraq deyiblər ki, işləmək istəyirlər, gücləri catır və pensiyaya cıxmadan peşə fəaliyyətlərini davam edə bilərlər ”