Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Polad Aslanov ittihamları qəbul etmir


Polad Aslanov
Polad Aslanov

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə xeberman.com saytının redaktoru Polad Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İclasın əvvəlində vəkillərin sualları səslənib.

Polad Aslanov bir suala cavab olaraq deyib ki, “Karvan Tur” şirkətin rəhbərinin Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyinə ziyarətləri təşkil edən şirkətlərdən pul tələb edilməsinə dair şikayəti olub.

Redaktorun vurğulamasına görə, bu müraciəti işıqlandırdıqdan sonra, ona təzyiqlər başlanıb.

Polad Aslanovun habelə qeyd etməsinə görə, ona təzyiqlərlə yanaşı, şirnikləndirici təkilflər də olub və o bunlardan imtina edib.

Polad Aslamov daha sonra da bildirib ki, Naxçıvana toya gedəndə saxlanıb:

"İyunun 12-də səhər tezdən evdən çıxdıq və Biləsuvara saat 10 radələrində çatdıq. Biləsuvar keçid məntəqəsində biz keçəndə, bir əməkdaşa zəng gəldi və o "ailəsi ilə" sözünü dedi. Məni və ailəmi saxladılar, bildirdilər ki, sistemdə problem var və 5-10 dəqiqəyə həll olunacaq. Yarım saatdan sonra bizi bir otağa aparıblar. Daha sonra otağa mayor gəldi, telefonlarımızı yığdılar...”

Polad Aslanovun sözlərinə görə, onları ailəliklə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar şöbəsinə gətiriblər:

“Sonra rəisin maşını ilə bizi Bakıya DTX-ya gətirdilər".

Polad Aslanov suallara cavab olaraq daha sonra deyib:

"...4-5 saat ərzində müxtəlif adamlar gəlirdi, məni hədələyirdi, təhqir edirdi. Müstəntiq dedi ki, məni Cinayət Məcəlləsinin (CM) 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) həbs edəcəklər, mənə qarşı ifadələr var. Bütün bu müddət ərzində susuz və ac qaldım, dincəlməyə imkan vermədilər. Biri gedib, biri gəlirdi, deyirdilər seçim sənindir, ailəni düşünürsənsə, bizimlə razılaş...”

Polad Aslanovun iddiasına görə, onu təhdid ediblər:

“Ona görə də mən yazdıqlarının hamısını əzbərlədim..."

Polad Aslanov deyib ki, onun İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığı olmayıb .

Hakim Faiq Qəniyev isə bildirib ki, Polad Aslanovun ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmədəki ifadələri arasında kəskin ziddiyyət olduğuna görə, növbəti məhkəmə prosesində onun istintaqdakı ifadələri elan olunacaq.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Xatırlatma

Polad Aslanov ötən il iyunun 12-də saxlanıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib.

O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - CM-in 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir.

Aslanov ittihamların heç birini qəbul etmir.

XS
SM
MD
LG