Təxminən bir il öncə Yol polisi maşınını çəkiclə əzən və ardınca da külli miqdarda narkotik saxlamaqda suçlanan Şahin Bəylərovun məhkəməsi yekunlaşıb. Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası Şahin Bəylərova 9 il həbs cəzası kəsib.
Buna da bax-Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'
Hökmdən əvvəl son sözünü söyləyən Şahin Bəylərov deyib ki, polisin özbaşınalıq və qanunsuz hərəkətlərindən bezərək, maşını çəkiclə əzib. Özünü bu məsələdə təqsirli bilən Şahin Bəylərov vurduğu ziyanı ödəməyə də hazır olduğunu bildirib. O, narkotik məsələsindəözünü heç təqsirli bilməyərək deyib ki, ona daha ağır cəza vermək üçün narkotiki polis bölməsində cibinə atıblar.
XATIRLATMA
Şahin Bəylərov ötən il fevralın 17-də həbs olunub. İttihama görə, o, «BMW» markalı, 99-YP-423 dövlət nömrə nişanlı polis maşınının on şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa işıqlarını çəkiclə sındırıb. Buna görə 18-ci polis bölməsinə gətiriləndən sonraonun cibindən 302.477 qram heroin tapıldığı iddia olunur.
Şahin Bəylərova Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə), 221 (xuliqanlıq) və 234-cü (narkotik saxlama) maddələriylə ittiham verilib.