"Son bir ilə kimi məhəllədəki hər qanunsuz işi polisə deyirdim. Çox vaxt təmənnasız yardım edirdim, bəzən böyük qanunsuzluq haqda məlumat ötürəndə çörəkpulu da verirdilər. Amma rüşvət yox, kasıba əl tutmaq kimi", – bunu AzadlıqRadiosuna Cavad İmanov (ad şərtidir) deyir.
2010-cu ildə "Polis haqqında" Qanuna dəyişiklik edilərək İctimai şuralar yaradılıb. Yerli idarəetmə və qeyri-hökumət təşkilatları və ya müəssisələrinin təmsilçiləri, 18 yaşı tamam olan başqa vətəndaşlar həmin şuralara üzv ola bilərdilər. Yəni, polis orqanları ayrı-ayrı şəxsləri könüllülük əsasında ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edə bilərdi.
2016-cı ildə isə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" təsdiqlənib. Tənqidçilər bunu "polisə xəbərçiliyin qanuniləşdirilməsi" kimi dəyərləndirsə də, hökumətə yaxın media polisə "ictimai" dəstəyin polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcəyini iddia edirdi.
"Bir zəngim ilə polisə xəbərləyirdim"
İmanov yaşadığı ərazi üzrə polislərin gənclər ilə vaxtaşırı bu yöndə söhbətlərinə şahidlik etdiyini danışır. Deyir, 22 yaşından etibarən, təxminən 10 il ərzində gördüyü bütün qanunsuzluqlar haqda polisə məlumat ötürüb.
"Polisin hər yerdə gözü yoxdur ki. Ona dayaq olmaq, həm də qanunsuzluqlara qarşı həssas davranmaq lazımdır. Kimsə maşını təhlükəli sürür, ya da səhv yerdə saxlayırsa, yol polisinə deyirdim. İki dəfə qumar, bir dəfə narkotik alverçiləri haqda məlumat vermişəm. Hətta mənim əsaslı şübhələrimdən sonra bir əxlaqsızlıq yuvası da dağıdıldı. Bir sadə telefonum var idi, gördüyüm pis hallar haqda bir zəngim ilə polisə xəbərləyirdim", – hazırda ailəsi ilə Türkiyədə yaşayan İmanov söyləyir.
2017-ci ildə sosial şəbəkələrdə "polisə ictimai dəstək" göstərənlərin maaşlarının gecikdirilməsi iddia olunsa da, DİN bu məlumatları təkzib etmişdi. İmanov isə vaxtilə bu işi təmənnasız gördüyünü vurğulayır: "İnsanlar elə bilir ki, bu işə görə pul alırıq. Qətiyyən! Bu, ali baş komandanın da dediyi kimi, vətəndaşlıq borcudur. Özüm fermerəm, məhsul az olanda polis bundan xəbər tuturdu, bəzən kömək edirdi, insanlıq xatirinə. O da nə olacaq ki... Kafedə bir mərci şorbası pulu, 5-10 manat. Mərci puluna xəbərçilik edirdim, yəni. Amma pul verməsələr də, vətəndaşlıq borcumu edəcəkdim. Mənim kimi 7-8 nəfər cavan oğlan da tanıyırdım, elə yaşıd idik".
"Bizə "işverən" kimi baxanlar da vardı"
Prezidentin vətəndaş-polis əlaqəsinin gücləndirilməsinə yönəlik fərmanında polislə əməkdaşlığa könüllü cəlb olunan şəxslərin xüsusi geyim forması, döş nişanı və vahid nümunəli vəsiqə ilə təmin edilməsi nəzərdə tutulmuşdu. İmanov deyir ki, ətrafında vəsiqə alanlar olsa da, onlara forma, yaxud vəsiqə verilməyib: "Bəlkə də, buna görə camaat bizi mənfi qarşılayırdı. Bizə "işverən" kimi baxanlar da vardı. Düzdür, mənim polis ilə əməkdaşlığımı çoxu bilmirdi, amma bilənlərə vəsiqəni göstərsəydim, mənə etibar edərdilər. Ona görə düşünürəm ki, polisə yardım edən hamı bu vəsiqə ilə təmin edilməlidir".
100 manata məlumat mübadiləsi
Adını anonim saxlamaq istəyən keçmiş polis əməkdaşı isə AzadlıqRadiosuna "bəzi vətəndaşlar özü rahat gəzib-dolansın deyə, polisə işləyirdi" deyir: "Məsələn, maşının görüntüsünü dəyişən bir vətəndaş var idi. Gəlib müraciət etmişdi ki "sizə yolda baş verən bütün qanunsuzluqları deyəcəm, yetər ki, məni görməzdən gəlin". Keçmiş həmkarım da onunla razılaşmışdı. Narkotik, ya da spirtli içki təsirində olan, ya da maşında qanunsuz nəsə daşıyanları bu vətəndaşın xəbərçiliyi nəticəsində saxlayıb cərimə yazırdıq. Hətta bir müddət sonra vətəndaş maşınını satdı, amma yenə əməkdaşlıq etdi. Həmkarım ona (ayda) 100 manat verirdi, bizə xəbər satırdı. Bunlar qanunla tənzimlənmirdi, polislərin fərdi münasibəti idi".
Hər rayona 20-25 nəfər
"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev danışır ki, prezidentin 7 il öncə verdiyi fərman əsasında işlər hələ də aparılır və bölgələrdə bu məsələyə xüsusi diqqət var: "Məndə olan rəqəmlərə görə, rayonların hərəsində 20, bəzilərində 25 nəfər polisə dəstəyə cəlb olunub. Psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı keçmişi olanlara, eləcə də keçmiş məhkumlara icazə yoxdur. Cəlb edilən şəxslərin ali təhsili varsa, onlar gələcəkdə daxili işlər orqanlarında iş ilə də təmin edilə bilirlər. Hətta tanıdığımız belə şəxslər də var. Bəziləri post patrul xidmətlərində, eləcə də sahə müvəkkilləri ilə yanaşı çalışırlar".
Əliyev polislə əməkdaşlıq edən sadə vətəndaşların kimliyinin açıqlanmamalı olduğunu vurğulayır. Onun sözlərinə görə, həmin şəxslər cinayətlərin açılmasında bilavasitə iştirak edir deyə, kimlikləri təhlükəsizlik məqsədi ilə məxfi saxlanılmalıdır. Əliyev təkcə DİN-in deyil, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin də bu üsuldan - ictimai dəstəkdən yararlandığını deyir.
"Polislər onların pulunu da öz cibindən ödəmir"
"Kimsə avtoxuliqanlıq edirsə, vətəndaşın bunu polisə bildirməsi düzgündür, bu yolla qanunsuzluqların qarşısı alına bilər", – sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev belə deyir. O, polis-vətəndaş münasibətlərinin qanunla tənzimləndiyini vurğulayır.
"Polislərin məxfi əməliyyat şəbəkəsi olur. Belə şəxslər qeydiyyata alınır. Polislər onların pulunu da öz cibindən ödəmir ki. Onları rəsmi şəkildə maliyyələşdirirlər. Hamısı qanunla tənzimlənir. Həmçinin, polis əməkdaşlarının özlərinin güvəndiyi, sahə rəislərinin öz ərazilərində inandıqları, güvənilən şəxslər olur. Həmin şəxslər ilə polis həm mütəmadi, həm də hər hansı hal baş verərsə, əlaqə saxlayır. O şəxslər də polislərə məlumatlar verirlər. Hətta çox cinayətin açılmasında polisə yardım edirlər", – Hacıyev söyləyir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti AzadlıqRadiosunun vətəndaş-polis münasibəti haqda suallarını cavablandırmayıb. Bildirilib ki, sözügedən məlumatlar konfidensialdır və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunla tənzimlənir.
Cinayətkarlıq azaldımı
Müstəqil hüquq müdafiəçiləri bildirirlər ki, polisə vətəndaş dəstəyinin faydalılıq əmsalını ölçə bilmək üçün hansısa dataya çıxışları yoxdur. DİN də bu haqda hər hansı rəqəmlər açıqlamayıb.
Amma son illər ölkədə cinayət sayında artım müşahidə edilir. Cinayətlərin açılması isə 2017-2018-ci illərdə fərmandan əvvəlki dövrlə müqayisədə 1, yaxud 2 faiz artıb.
Polisin "xəbərçilər" vasitəsilə rüşvət, cərimə mənbələri aşkarladığını deyənlər var. Məsələn, bəzən tullantıların nəzərdə tutulmayan yerlərə atılması kimi hallar polis əməkdaşlarına çatdırılır, vətəndaşlar buna görə cərimələnir. Di gəl, tullantılar üçün xüsusi yer ayrılması, vaxtlı-vaxtında yığılıb daşınması problem olaraq qalır.
Elə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür də AzadlıqRadiosuna polisə ictimai dəstəyin özünü doğrultmadığını deyir. O, vətəndaşın polisə çatdırdığı qanunsuzluqların heç də həmişə birdəfəlik həll olunmadığını bildirir: "Çünki bu məsələlər mental anlayışlardan yaranan qohumluq institutu çərçivəsində həll edilir. Qanunsuz əməl törədən polisin qohumudursa, bu, sülhlə başa çatır. Yaxud da polisin inandığı şəxslər özləri qanunsuz əməli törədən yaxınları haqda DİN-ə məlumat vermirlər".
Digər ölkələrdə
1990-cı illərin əvvəllərindən ABŞ-da "Neighbourhood Watch" (Qonşuya nəzarət) proqramı geniş tətbiq olunur. Bu proqram çərçivəsində əhali asayişin qorunmasında polisə yardım edir.
Böyük Britaniyada "gözətçi qruplar" yaşayış yerləri üzrə yaradılır. Bir çox yerli polis strukturlarında xüsusi bölmələrdə hazırlıq keçmiş vətəndaşlar həftədə minimum 4 saat orada könüllü işləyirlər.
Almaniyada da polisin funksiyalarını mənimsəməmək şərti ilə vətəndaşların polislərin tərəfdaşı kimi asayişin qorunmasına cəlb olunması üçün tədbirlər nəzərdə tutulur.
Yaponiyada 20 mindən çox polisə fəal dəstək qrupu fəaliyyət göstərir. Son illər xüsusən paytaxtda bu qrup üzvləri polislə birgə növbətçiliyə də cəlb olunur.
İsraildə 1974-cü ildən "mişmar ezarxi" adlanan drujina üzvləri polisin bütün fəaliyyət növlərində onlara birbaşa kömək edir.
Türkiyədə "toplum dəstəkli polis" üzvlərinin aylıq gəlirləri 1000 manatdan çoxdur. Bu şəxslər polislərə qanunsuz saydıqları hərəkətləri söyləmək ilə yanaşı, vətəndaşların şikayət və təkliflərini də hüquq-mühafizə orqanlarına çatdırır.