Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:03

Prezident koronavirusa görə 1 milyard manat ayırıb


Prezident İlham Əliyev koronavirusla bağlı 1 milyard manat ayırıb.

Bununla bağlı o, bu gün, martin 19-da sərəncam verib. Sərəncamda qeyd edilir ki, son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur:

“Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır”.

Sənəddə yazılıb ki, Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və sairə sahələrdə xüsusi iş rejimləri tətbiq olunub, əhalinin sosial təcridi təmin edilib:

“Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər.Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur”.

Bir neçə İşçi Qrup yaradılacaq

Sənəddə yazılıb ki, dünya enerji, səhm bazarlarında baş verən dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılsın:

“Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın”.

İşçi Qrup on beş günə pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin,orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməlidir.

Eyni zamanda, qurum pandemiyanın ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Üstəlik, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə verməlidir.

Həmçinin, eyni məqsədlə maliyyə nazirinin rəhbərliyi ilə də İşçi Qrup yaradılmalıdır.

Həmin İşçi Qrup da 25 günə pandemiyadan zərər çəkməsi ehtimal olunan bir sıra sahə və subyektlərə dövlət dəstəyinin göstərilməsi barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Sənədə əsasən daha bir İşçi Qrup isə Əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmalıdır.

Bu İşçi Qrup da öz təkilflərini bir ay müddətində hazırlayıb verməlidir.

Onun fəaliyyəti isə pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsinə yönəlməlidir.

Dördüncü İşçi Qrup da Mərkəzi Bank sədrinin rəhbərliyi ilə yaradılcaq.

Bu qurum da iki ay müddətində pandemiyanın ölkənin bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirməlidir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 9 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martın 29-na qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

XS
SM
MD
LG