Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:53

'Azərbaycanda 1-ci şəxsin monarx səviyyəsinə yüksəldilməsi müşahidə edilir'


İlham Əliyev "Burj Khalifa" qülləsində. Dubay. 01Fev2016
İlham Əliyev "Burj Khalifa" qülləsində. Dubay. 01Fev2016

Baş prokuror Zakir Qaralovun Milli Məclisə göndərdiyi qanun layihəsində prezidentin şərəf və lәyaqәtini ləkələməyə, alçaltmaya görə məsuliyyətin ağırlaşdırılması təklif olunur. O, Cinayət Məcəlləsinə bununla bağlı dəyişikliklər hazırlayıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev həmin təkliflərlə bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırıb:

– Bu, yeni məsələ deyil. İki il öncə Milli Məclisin sədr müavini bildirdi ki, belə bir qanun layihəsi hazırlanır. Zaman-zaman bu məsələ qaldırılıb. Ümumiyyətlə, Azərbaycanda birinci şəxsin, faktiki olaraq, bir monarx səviyyəsinə yüksəldilməsi tendensiyası uzun müddətdir müşahidə edilir. Bu status da müəyyən atributlara malik olur. Qanunvericiliyin sərtləşdirilməsi də həmin atributların yaradılmasına xidmət edir. Mən bu məsələnin bu gün ortaya atılmasının başqa elə ciddi səbəbini görmürəm. Azərbaycanda hələ 1990-cı illərdə prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanun qəbul edilib. Orda dövlət başçısının şərəf və ləyaqətinin qorunması ilə bağlı daha sərt müddəalar var, nəinki adi adamlara qarşı. Bunun özü anormal prinsipdir. Deməyim odur ki, sözügedən qanunun sərtləşdirilməsinə əlahiddə ehtiyac yox idi. Çünki həmin qanunun müddəaları, səhv etmirəmsə, bir dəfə tətbiq edilib. Yəni işləyən qanun da deyil.

Buna da bax:​ Prezidentin şərəf və ləyaqəti ayrıca qanunla qorunmalıdırmı?

Arif Əliyev
Arif Əliyev

– O zaman qanunu sərtləşdirməyə, yenidən qayıtmağa nə ehtiyac var?

– Bu sadəcə, atributdur. Toxunulmaz rəhbərin atributlarından biri.

– Baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinə daha bir dəyişiklik təklif edir. O, məcəlləyə internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan yararlanaraq böhtan atma və ya təhqir etmə maddəsinin salınmasını təklif edir. Bu o deməkdirmi ki, internet resurslarına nəzarət daha da gücləndiriləcək?

– Fikir vermisinizsə, uzun müddətdir qanunvericilik sanki bir müdafiəyə yönəlib. Media mühitinin inkişafı üçün əlavə şərtlərin, mühitin yaradılmasına deyil, müdafiəyə yönəldilib. Məsələn, şəxslərin gəliri haqda məlumat vermək, şəxslərin məlumatı olmadan barəsində bilgi yaymaq yasaqdır və s... Hər hansı KİV-i 3 dəfə yox, 2 dəfə xəbərdarlıqdan sonra bağlamaq lazımdır. İndi də düzəliş edirlər ki, filan əmələ görə bu qədər yox, daha çox cəza vermək lazımdır və s. Sanki hakimiyyət bu yolla özünü yerli mediadan müdafiə edir. Medianın ayağını cızıqdan kənara çıxmaq imkanlarını məhdudlaşdırmağa çalışır. Dəyişikliklər bununla bağlıdır. Bu dəyişikliklərin böyük əksəriyyəti əhəmiyyətsizdir. Bir qanunvericilikdə artıq mövcud olan, elə də çox tətbiq edilməyən normalar sərtləşdirilir. Bax, KİV-in üç dəfə xəbərdarlıqdan sonra bağlanması haqda maddəni dəyişib iki dəfəyə endirdilər. Bundan sonra beynəlxalq aləmdə ölkənin adı mənfi kontekstdə nə qədər hallandı, beynəlxalq reytinqlər də düşdü, daxildə də nə qədər narazılıq oldu. Amma o maddə, demək olar, tətbiq edilmir. İndi də saxta profillərdən prezidentin təhqir olunmasına, ona böhtan atılmasına dair nəsə təklif edirlər. Halbuki, internet də kütləvi informasiya vasitəsi sayılır artıq, bu məsələ KİV haqda qanunvericiliyə də daxil edilib. Deməli, orda KİV-ə aid müddəalar internetə də şamil edilir. Nə ehtiyac var yenidən arı yuvasına çöp uzatmağa? Bayaq dediyim kimi, sadəcə, cəmiyyətdə psixoloji effekt gücləndirilir. Hökumət eyni maddələri bu qanundan o qanuna, o qanundan bu qanuna köçürür, bəzi maddələri sərtləşdirir və sonu olmayan qurdalanma təsiri yaradır. Məqsəd də özünü müdafiədir, hücumların qarşısını almaqdır. Bunların heç biri medianın inkişafına yönəlməyib.

Buna da bax: Prezidentin şərəf və ləyaqəti maddəsi ağırlaşdırılır

– Əslində, mütəxəssislər də sosial şəbəkələrdə saxta profil sahiblərinin tapılıb cəzalandırılmasını mümkünsüz sayırlar.

– Yenə deyirəm ki, bütün bunlar psixoloji effektə hesablanıb.

AzadlıqRadiosu məsələylə bağlı Milli Məclis üzvlərinin rəyini, hələlik, ala bilməyib.

XS
SM
MD
LG