Rusiyada Vaqner özəl hərbi şirkətinin təsisçisi, avqustun 23-də aviasiya qəzasında həlak olduğu deyilən Yevgeni Priqojin Peterburqdakı Poroxovskoye qəbirstanlığında dəfn olunub.
Mərhumla vidalaşmanın “qapalı mərasimlə” keçirildiyi xəbər verilir.
Bundan əvvəlki xəbərlərdə Priqojinin Serafimovskoye və ya Severnoye qəbirstanlığında dəfn ediləcəyi bildirlirdi.
Poroxovskoye qəbirstanlığının administrasiyası biznesmenin Moskva vaxtilə saat 16-da torpağa tapşırıldığını bildirib.
Rusiyanın RIA Novosti dövlət xəbər agentliyi Priqojinə yaxın mənbələrə istinadla yazır ki, mərasim qohumların istəyi ilə qapalı keçirilib.
Dəfndə onun yalnız ən yaxın dostları iştirak ediblər.
Priqojinin məxfi dəfninə hazırlıq gedirdi. Putinin iştirak etməyəcəyi deyilmişdi
Xəbərdə deyilirdi: Peterburqdakı Serafimovskoye qəbirstanlığı ehtimalən Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfninə hazırlaşır.
***
Peterburqdakı Serafimovskoye qəbirstanlığı ehtimalən Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfninə hazırlaşır.
Xəbər verilir ki, qəbirstanlığın daxili ərazisində və çöl perimetrində güclü polis mühafizəsi müşahidə olunur.
Bu da xəbər verilir ki, avqustun 29-da qəbirstanlığa giriş qadağan edilib və məzarların arasındakı asfalt yollar yuyulur.
Fontanka saytı xəbər verir ki, Serafimovskoye qəbirstanlığının hər bir küncündə dəfn çadırları qurulub.
Lakin qəbirstanlığın ərazisində yerləşən Serafim Sarovski məbədindən sayta bildiriblər ki, bugün mərhumların ruhuna dualar oxunmayacaq.
Xəbər verilir ki, Serafimov qəbirstanlığına gedən əsas yollar bağlanıb.
Bu da bildirilir ki, bundan bir gün əvvəl bu qəbirstanlığın əsas darvazalarında metal detektorları olan keçidlər qoyulmuşdu.
Bir neçə qəbirstanlıqda hazırlıq gedir
Fontanka yazır ki, bu qəbirstanlıqdan başqa Peterburqun Boqoslovskoye, Severnoye və Smolenskoye qəbirstanlıqlarında da böyük dəfn mərasiminə hazırlıqlar gedir. Bununla belə ən böyük hazırlıq işinin məhz Serfimovskoye qəbirstanlığında getdiyi deyilir.
Jurnalistlər xəbər verirlər ki, Priqojinlə birlikdə təyyarə qəzasında öldükləri deyilən bir neçə nəfərin dəfni Severnoye qəbirstanlığında olacaq.
Bu qəbirstanlıqdakı məbədin qarşısına toplaşanlar özləri ilə gül-çiçək əklilləri gətiriblər. Bu qəbirstanlığa habelə Rosqvardiyanın avtobusu gəlib.
Priqojinin harada dəfn olunacağını hətta Sankt Peterburq administrasiyası da məxfi saxlayır.
Oradan Fontanka saytına deyiblər ki, Priqojinin dəfni ilə bağlı bütün məlumatlar məxfiləşdirilib.
Putin iştirak etməyəcək
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 29-da deyib ki, Vladimir Putin dəfn mərasimində iştirak etməyəcək.
O habelə bildirib ki, Kreml dəfn barədə konkret məlumata malik deyil və dəfnin təşkilati işlərilə mərhumun ailəsi və qohumları məşğul olur.
Ötən həftəsonu Rusiya İstintaq Komitəsi bildirmişdi ki, Tver şəhəri ətrafında qəzaya uğramış təyyarədəkilərin kimliyi ekspertiza vasitəsilə təsdiqlənib.
Bunların arasında Vaqner şirkətinin təsisçisi Yevgeni Priqojin və şirkətin hərbi komandanı Dmitri Utkin də var.
Priqojinə məxsus təyyarə avqustun 23-də qəzaya uğrayıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.
Bu da xəbər verilir ki, Rusiyanın bir neçə şəhərlərində kor-təbii olaraq Priqojinin xatirə guşələri yaranır.
Amma belə ehtimal olunur ki, onun dəfni məxfi və geniş ictimaiyyətin iştirakı olmadan keçiriləcək.