2018-ci ilin fevralına qədər Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi - dəftərxana müdiri işləmiş Elçin Qurbanov 4 il 6 ay azadlıqdan məhrum edilib. Bu həftənin əvvəlində Xətai Rayon Məhkəməsində hakim Nazim Tağıyev onun haqqında belə hökm çıxarıb. 1993-cü ildən prokurorluq orqanlarında işləmiş E.Qurbanov dələduzluqda təqsirli bilinib. İddia olunur ki, o, məhkumun adını prezidentin əfv edəcəyi şəxslərin siyahısına salmaq adıyla onun oğlundan pul alıb.
Lakin E.Qurbanov ittihamı qəbul etmir və özünü təqsirli bilmir.
Söhbət CM-in 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Qulu Hüseynovun həbsdən buraxılmasından gedir. Cinayət işinin materiallarında yazılıb ki, prokurorluq əməkdaşıyla Q.Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə tanış olub. Q.Hüseynovun azadlığa çıxması məsələsindən söhbət düşəndə E.Qurbanov deyib ki, tanışları var, əfv siyahısına salınmasına kömək edə bilər. A.Hüseynovun iddiasına görə, o, E.Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb.
E.Qurbanov isə deyir ki, yalandır, qarşı tərəfin ona qərəzi var, bu səbəbdən haqqında həqiqətəuyğun olmayan ifadələr verir. Onun sözlərinə görə, A.Hüseynov Əfv Komissiyasına atasıyla bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını edib, ərizə yazıb. Sabiq prokurorluq əməkdaşı bildirir ki, köməyin müqabilində heç kimdən pul almayıb.
E.Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 Saylı Cəzaçəkmə Müəssisəsinə gedib, orada Q.Hüseynovla görüşüb. Özü də bunu təsdiqləyib.
Məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. E.Qurbanovun sözlərinə görə, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll etsin. Çünki oğlu ölkədə olmurdu: «Etibarnamə verilsə də, faktiki məndə olmayıb. Nə də o etibarnamədən istifadə eləmişəm...».
Zərərçəkmişin ona qarşı qərəzli olmasının səbəbinə gəlincə, E.Qurbanov bildirib ki, ailə məsələsiylə bağlıdır.
E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib. Apreldə isə onun haqqında cinayət işi başlanıb, CM-in 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.312 (rüşvət verməyə təhriketmə) maddələriylə ittiham irəli sürülüb. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
E.Qurbanov həbsdə olan MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun qohumudur.