Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Putin ‘xaricdən’ keçmiş sovet respublikalarının işinə qarışmamağı tələb edir


Rusiya prezidenti Vladimir Putin deyib ki, Belarus, Qırğızıstan və Moldova üzərinə “xaricdən təzyiq cəhdləri qeyri-məqbuldur”.

Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatının internet üstündən keçirilən sammitində Putin deyib Belarus hazırda “xarici qüvvələrin təzyiqi altındadır”.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisində ölkəyə 26 ildir ki, rəhbərlik edən Alyaksandr Lukaşenkanın 6-cı dəfə prezident seçilməsi kütləvi etiraz nümayişlərinə səbəb olub.

Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirir. Avropa İttifaqı və ABŞ Lukaşenkanı legitim prezident hesab etmədiyini bildirib.

Bu qarşıdurmada Moskva birmənalı şəkildə Lukaşenkanı dəstəkləyir:

"Öz ölkələrində keçirilmiş prezident seçkisndən sonra Belarus dostlarımız onlara qarşı informasiya və təbliğat vasitəsilə həyata keçirilən misilsiz təzyiqə, sanksiyalara və təxribatlara məruz qalıblar. Halbuki Belarus xalqı öz problemlərini özü, həm də heç kimin müdaxiləsi olmadan çözməlidir”.

Lukaşenka özünə qarşı aksiyaların arxasında Qərbin dayandığını iddia edir.

Putin Qarabağdan da danışıb

Putin deyib ki, daha iki keçmiş sovet respublikası – Qırğızıstan və Moldova da “xarici təzyiqə” məruz qalıblar.

Qırğızıstanda parlament seçkilərinin nəticələrinə kütləvi etirazlar ötən ay hökumətin və parlament spikerinin devrilməsi, siyasi böhran və prezident Sooronbay Jeyenbekovun istefası ilə nəticələnib.

Moldovada avropayönlü prezidentliyə namizəd Maya Sandunun birinci dövrədə gözlənilməz qələbəsi onu moskvayönlü prezident İqor Dodona rəqib edib.

Putin bunu da bildirib ki, Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağda əldə olunmuş atəşkəs Ermənistan və Azərbaycan arasında sülhə, habelə Cənubi Qafqazda stabilliyə yol açacaq

Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan üzvdürlər.

Əfqanıstan, Belarus, İran və Monqolustan təşkilatda müşahidəçi statusuna malikdir.

Azərbaycan, Ermənistan, Komboca, Nepal, Türkiyə və Şri Lanka təşkilatın dialoq partnyorlarıdır.

XS
SM
MD
LG