Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:46

Putin Moskva merinin artan nüfuzundan narahat olub?


Moskva meri Sergei Sobyanin (mərkəzdə) xəstəxanalara baş çəkir
Moskva meri Sergei Sobyanin (mərkəzdə) xəstəxanalara baş çəkir

Rusiya hökuməti və Kreml Moskva meri Sergei Sobyaninin adının mediada getdikcə daha çox çəkilməsindən və onun reytinq yüksəlişindən narahat olmağa başlayıb.

Kremldə Vladimir Putinin özünütəcriddə olduğu bir vaxtda, koronavirusla mübarizənin ön cəbhəsində paytaxt merinin adının tez-tez hallandirılmasından təşvişə düşüblər.

Belə bir təsəvvür yaranır ki, bütün ölkədə qorxulu epidemiya ilə Rusiya prezidenti Vladimir Putindən daha çox məhz Sobyanin məşğul olur.

Rusiyanın müstəqil Proekt araşdırma saytı məhz belə mülahizələrlə çıxış edib.

338 faiz artım

Medialogiya araşdırma şirkətinin məlumatına görə, mart ayında Moskva merinin mediada adının çəkilməsi 338 faiz artıb.

Şirkət bildirir ki, artıq aprel ayında Sobyanin bu baxımdan hökumət başçısı Mikhail Mishustin-i də geridə qoyub.

Bundan başqa Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuda uzun fasilədən sonra Sobyaninin adı bir daha xatırlanıb.

Bu sorğu zamanı respondentlərə konkret siyasətçilərin adı verilməyib, onlardan kimi daha populyar hesab etdikləri soruşulub.

Media buna diqqət yetirib ki, martın son həftəsində Sobyanin hökumət müşavirəsinə gəlməyib. Bəziləri bunu Moskva merinin saymazlığı və meydan oxuması kimi izah ediblər.

Merə siyasi ittiham

Proekt nəşrinin Dövlət Dumasındakı müsahiblərindən biri deyib ki, belə bir şəraitdə Sobyaninə “xilaskar rolunu” çox da cidd-cəhdlə oynamaması barədə xəbərdarlıq verilməliydi.

Həmin adamın sözlərinə görə, məhz bu səbəbdən də Federasiya Şurasının Konstituiya Qanunvericiliyi Komitəsinin sədri Andrey Klishas deyib ki, Sobyaninin moskvalıların hərəkətinə məhdudiyyət qoymaq səlahiyyəti yoxdur.

Dövlət KİV-ləri metroda uzun növbələrlə bağlı yaranmış problemi gen-bol işıqlandırır, bunun meriyanın dövriyyəyə buraxdığı rəqəmsal buraxılış vəsiqələri ucbatından törəndiyini xüsusi vurğulayırdılar.

Moskva merinə qarşı hücumlar əslində kremlyönlü Telegram-kanallarda, xüsusilə də Nezıqar adlı kanalda başlanmışdı.

Bu kanalı prezident administrasiyası başçısının müavini Aleksey Gromov-la bağlayırlar. Sobyanin bu kanalda “Qərbə işləməkdə” ittiham edilirdi.

Proektin mülahizəsinə görə merin belə çox gözə dəyməyi Kremli ona görə narahat edirdi ki, epidemiyanın ilk həftələri ərzində prezident Vladimir Putin ona heç bir reaksiya verməmişdi.

Bu da qeyd olunur ki, Putinin reytinqinin son vaxtlar düşməsi də elə bununla əlaqədardır.

Hazırda Kreml elə bir informasiya kampaniyası aparmağa çalışır ki, epidemiya ilə mübarizədə bütün xidmətlər Putinin adına yazılsın.

XS
SM
MD
LG