Sosial şəbəkələrdə Azərbaycan hökumətinin, o cümlədən hakim ailənin ünvanına kəskin, bəzən də təhqir xarakterli fikirlər səsləndirən Qabil Məmmədovun qardaşı Adil Məmmədov məhkəmədə dindirilib. O, Qabil Məmmədovla əlbir olub terroru maliyyələşdirmədə suçlanan, AXCP sədrinin mühafizəçisi olmuş Niyaməddin Əhmədovun məhkəməsində ifadə verib.
200 manatı çatdıra bilməyib
Məmmədov deyir ki, qardaşı siyasi mühacir kimi Almaniyaya getməmişdən öncə bir çox adamlara, o cümlədən Əhmədova da borcu vardı.
"Almaniyaya gedəndən sonra maşın alveri ilə məşğul olan adamlar vasitəsilə oradan pul göndərirdi. Borcu olan adamlara hissə-hissə verməyi tapşırırdı. Kimə nə qədər deyirdisə, o qədər də verirdim", – Məmmədov iyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə deyib.
Tovuz rayonunun Qazqulu kəndində Əhmədovgillə qonşu olduqlarını deyən şahidin sözlərinə görə, qardaşının borclarının hansı səbəbdən yarandığını bilmir. Deyir ki, qardaşının borclu olduğu adamlardan birinə pul əvəzinə tikinti materialı verdiyi də olub: "Axırıncı dəfə Niyaməddinə borcdan vermək üçün 200 manat göndərmişdi. Onu çatdıra bilmədim. Dedilər ki, tutulub".
Telefon danışığı hüququ təmin olunmur
AXCP üzvü Əhmədovun məhkəməsi iyunun 25-də davam edəcək. Həmin gün məhkəmə istintaqının başa çatacağı gözlənilir.
Əhmədovun vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin həbsdə olduğu 1 ildən artıq müddətdə hələ də telefon danışığı hüququ təmin olunmayıb. Dəfələrlə yerli məhkəmələrə edilən müraciətlər də nəticəsiz qalıb. Bu üzdən yaxın vaxtlarda məsələ ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək: "Həbs yerində saxlanılan şəxsin həftədə iki dəfə telefonla danışmaq hüququ qanunda əksini tapıb. İstintaq müddətində bu hüquq məhdudlaşdırılsaydı, haradasa başa düşmək olardı. İstintaq aylardır başa çatıb, artıq məhkəmə də yekunlaşır. Yəni, heç bir bəhanə ola bilməz. İnsanı ailə üzvləri ilə telefonla ünsiyyət saxlamaq hüququndan məhrum etmək çox kobud qanun pozuntusudur. Məhkəmələr də bu şikayətə baxmaqdan imtina edir".
Xatırlatma
Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.
CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.
2020-ci ilin aprelindən həbsdə olan Əhmədovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, məhkəmədə ifadə verərkən bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır. Onun sözlərinə görə, partiya liderinin əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalıb.
Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.
Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.