Qarabağdakı erməni separatçıların liderlərindən biri, “xarici işlər naziri” kimi təqdim olunan David Babayan Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 17 verdiyi bəyanata cavab olaraq deyib ki, onlar danışıqlara yalnız beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə hazırdırlar.
Babayan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində deyib:
“Əliyevin dediyi bizim üçün son kapitulyasiyadır: “yəni öz günahını dərk edən bir qrup aborigen yalvarır ki, ana-Azərbaycan onları bağışlasın və Azərbaycan torpağında yaşamalarına icazə versin”.
Babayan deyib ki, bunun əvəzində artıq iki ildir fəaliyyət göstərməyən Misnk qrupu həmsədrlərinin formatından istifadə olunmasını təklif edir:
“Hansısa görüşlər ola bilər, amma təkcə Azərbaycan-Artsax (Qarabağ-red) yox, Azərbaycanın, Artsaxın (Qarabağ-red), Rusiya, ABŞ, Fransanın iştirakilə, müxtəlif heyətdə, bu və ya başqa bir yerdə, amma mütləq beynəlxalq səviyyədə tanınan formatda. Bu format isə ATƏT-in Minsk qrupudur”.
“Əliyev daxili gərginlik yaratmaq istəyir”
Babayan İlham Əliyevin Ruben Vardanyanla danışıqlar aparılmayacağına dair bəyanatı ilə bağlı deyib ki, bu, separatçılar arasında daxili gərginlik yaratmaq məqsədi güdə bilər:
“İndi cənab Vardanyan dövlət naziri vəzifəsini tutur, amma bizim ölkəyə rəhbərlik edən prezidentimiz (Arayik Arutyunyan – red) var”.
Babayanın sözlərinə görə, Əliyevin Vardanyanı Moskvanın adamı adlandırması onun Rusiyaya qarşı addımıdır:
“Aydındır ki, Rusiyaya zərbə vurmaqla, onlar həm də bizə zərbə vururlar. Çünki vəziyyət belədir ki, Artsaxın (Qarabağ-red) təhlükəsizliyi bir çox cəhətdən Rusiya sülhməramlılarından asılıdır”.
Babayan Əliyevin Qarabağ erməniləri ilə təmasların artıq başlandığına dair dedikləri barədə bildirib ki, bu təmaslar sırf texniki və humanitar səciyyə daşıyır.
Vardanyan “elçi” olduğunu demişdi
Noyabrın 18-də Qarabağdakı separatçı rejimin yeni təyin olunmuş “dövlət naziri” Ruben Vardanyan özünü danışıqlarda Qarabağın elçisi kimi gördüyünü demişdi.
Prezident Əliyev dünən – noyabrın 17-də Ermənistandan gələn bəyanatları “çox ziddiyyətli” adlandırmışdı.
O demişdi ki, Yerevan həm Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirir, həm də Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyir.
Əliyev bunu qeyri-mümkün sayaraq, eyni zamanda Qarabağda yaşayan ermənilərlə danışmağa hazır olduğunu demişdi:
“Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq... Yeri gəlmişkən, bu proses başlayıb".
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.