Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

'Qarabağ əlili' adlı status varmı?


Özünü yandırmış Qarabağ müharibəsi əlili Cəmil Məmmədov. 06okt2016
Özünü yandırmış Qarabağ müharibəsi əlili Cəmil Məmmədov. 06okt2016

“Qarabağ əlili”, “Qarabağ veteranı” kimə deyilir? Qanunla bu, necə müəyyənləşdirilir?

Hüquqşünas Müzəffər Baxış deyir ki, rəsmi olaraq, “Qarabağ əlili” statusu yoxdur: “Sadəcə, deyilir ki, filankəs Qarabağ döyüşlərində əlil olub. Bu sadəcə, siyasi baxımdan statusu artırır. Və yaxud Azərbaycan Respublikası prezidenti bəzi hallarda imtiyazlar müəyyən edəndə Qarabağ döyüşlərində vuruşanlara daha üstün imtiyazlar verə bilər. Amma sırf əlillikdən söhbət gedirsə, bunun üçün qanunla müəyyənləşdirilmiş meyarlar var. Bu meyarlarla şəxsin əlillik dərəcəsi müəyyənləşdirilir. Bundan ötrü həmin şəxs tibbi-hərbi-sosial ekspert komissiyasından keçir və ona birinci, ikinci və ya üçüncü dərəcəli əlil statusu verilir”.

“VƏTƏN MÜHARİBƏSİ ƏLİLİ”

Hərbi ekspert Telman Əbilov da deyir ki, “Qarabağ əlili” termini yoxdur. Rəsmi olaraq “Vətən müharibəsi əlili”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsi veteranı” termini var:

“İndi bizdə “Qarabağ müharibəsi” deyirlər. Amma dəqiq termin belədir: “Vətən müharibəsi”, “torpaqların azad edilməsi yolunda gedən müharibə”. Məsələn, veteran vəsiqələri verilir. Orda yazılmır ki, Qarabağ veteranı. Və ya əlil vəsiqəsində “Qarabağ əlili” yazılmır. Sadəcə, “Vətən müharibəsi əlili” yazılır. Termin olaraq belədir”.

Amma Azərbaycanda müharibə tam başa çatmayıb, 1994-cü ildən atəşkəs elan edilib. Bu müddətdə, yəni atəşkəs dövründə yaralananlar, əlil olanların statusu necə gedir?

Buna da bax:​ Qarabağ əlili özünü yandırmaq istəməsinin səbəbindən danışdı

DÖYÜŞDƏ, YOXSA ARXADA YARALANMAQ

“Həmin hərbi qulluqçular əgər 1994-cü ildən üzü bəri lokal döyüşlərdə iştirak ediblərsə, yaralanıblarsa, onlara da qanunla veteran vəsiqəsi verilməsi nəzərdə tutulub. İkincisi, əgər onlar hər hansı mövqe döyüşlərində və ya döyüş əməliyyatlarında iştirak edərək yaralanıblarsa, düşmən gülləsi, mina partlayışı nəticəsində, hətta döyüş əməliyyatlarında yox, arxada (silah-sursat apararkən maşın partlayıbsa) yaralanıbsa, həlak olubsa, həmin status verilir. Əlildirsə, “vətən müharibəsi əlili”, həlak olandasa “şəhid” statusu verilir” – hərbi ekspert izah edir.

Amma hesab edək ki, hərbi qulluqçu döyüş əməliyyatında deyil, kəşfiyyata getdiyi zaman minaya düşüb ayağını itirib. O da “vətən müharibəsi əlili” sayıla bilərmi? Telman Əbilov cavab verir: “Bəli, rahatca “vətən müharibəsi əlili” sayıla bilər”.

Ancaq ekspert bəzən bu statusun alınmasında məmurların əngəllər yaratdığını bildirir. Telman Əbilov bu halda məhkəməyə baş vurmağı məsləhət görür: “Praktikada belə hallar az olmayıb. Məhkəmə yoluyla həmin statusu almışıq. Ancaq yenə deyirəm ki, bu vəziyyətdə yaralanan, əlil olanlar da müharibə əlili sayılır. Onlara əlillik dərəcəsindən asılı olaraq təqaüd verilir. Sonra prezident təqaüdü var, əlillik dərəcəsindən asılı olaraq, 50 manatdan 200 manata qədər”.

Buna da bax:​ Qarabağ əlilinin həbsindən apelyasiya şikayəti verilib

Qeyd edək ki, DİN rəsmisi Ehsan Zahidov ötən gün Sumqayıtda özünü yandıran Cəmil Məmmədovun Qarabağ əlili olmadığını deyib. Anası Səlimə Məmmədova isə AzadlıqRadiosu-na müsahibəsində oğlunun dörd il öncə hərbi xidmətdə kəşfiyyata getdiyi vaxt erməni postunda minaya düşdüyünü bildirib və bunun sənədlərində də göstərildiyini söyləyib.

XS
SM
MD
LG