Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Qarabağ döyüşçülərinin ailələri üçün evlərin qiyməti necə şişirdilib?


Səlim Müslümov
Səlim Müslümov

Qarabağ döyüşlərində həlak olan və yaralanan şəxslərin ailələri üçün Gəncə və Mingəçevirdə mənzillər alınarkən sənədlərdə qiymətlərin şişirdilməsi məsələsi məhkəmədə araşdırılıb

Abşeron rayonu, Masazır qəsəbəsindəki gölün ətrafında 65 sot torpaq sahəsinin sahibi Zaman Səmədov deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi onu aldadıb. Ona məxsus ərazidə Qarabağ müharibəsi əlilləri üçün bina tikiləcəyini deyib, ərazini 50 min manata nazirliyə satmasını istəyiblər. O da razılaşıb.

Amma 8 ildir nə pulunu ala bilir, nə də torpağı geri qaytarılır. Səmədov sentyabrın 12-də keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində bu barədə danışıb.

“Mənə 10 min manat verdi, dedi ki, qalanı sonra veriləcək”

27 milyon manatlıq yeyintidə ittiham olunan sabiq nazirin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Səmədov bu işdə 350-yə yaxın şahiddən biridir. Hərçənd, o, özünü zərərçəkmiş sayır:

“O vaxt nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev idi. Onunla görüşdük, 50 min manata razılaşdıq. Mənə 10 min manat verdi, dedi ki, qalanı sonra veriləcək. Amma vermədilər. Əjdər Cəbiyev bir müddət sonra dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Torpağımı geri istədim, vermədilər...”

Qarabağ döyüşlərində həlak olan və yaralanan şəxslərin ailələri üçün Gəncə və Mingəçevirdə mənzillər alınarkən sənədlərdə qiymətlərin şişirdilməsi məsələsi də məhkəmədə araşdırılıb.

Həmin mənzillərin əvvəlki sahibləri məhkəmədə dindirilib, evlərini necə satdıqlarını danışıblar. Onlar bildiriblər ki, alqı-satqı müqaviləsində onlara ödənilən məbləğdən xeyli yuxarı rəqəm göstərilmişdi.

“Gəncədə mən üçotaqlı mənzilimi 36 min manata satmışdım. Pulumu da verdilər. Amma müqavilədə 51 min 500 manata rəsmiləşdirmişdilər”, – Gəncə sakini Ulduz Verdiyeva bildirib.

“Dedilər ki, müqavilədə 51 min manat yazılıb”

Gəncənin başqa bir sakini Gülnisə Həşimova üçotaqlı evini nazirliyə 31 min 500 manata satıb. Amma müqavilədə 51 min manata

rəsmiləşdirilib:

“Mənzili alan “makler” idi. Mən kassadan 31 min manatı alıb çıxdım. Dedilər ki, müqavilədə 51 min manat yazılıb. Mən də dedim ki, nə borcuma, mən pulumu almışam...”

Bir neçə başqa şahid də eyni məzmunlu ifadələr veriblər.

üçün evlərin alınmasında vasitəçilik etmiş şəxslər (maklerlər) də məhkəmədə dindirilib. Deyirlər ki, nazirliyin əməkdaşları əlillər üçün almağa ev tapmalarını istəyib. Onlar da evini satan şəxsləri tapıblar. Hər mənzil alqı-satqısından 500 manat da onlara çatıb.

Vasitəçilər arasında sonradan evlərin təmirində iştirak edənlər də olub.

“Nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar”

Başqa bir şahid Elmar Səmədov isə nazirliyin balansında olan ikimərtəbəli obyekti özəlləşdirmək adıyla 50 min manatının mənimsənildiyini iddia edir. O, baş verənlərə görə nazirliyin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Əjdər Cəbiyevi günahlandırıb:

“Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Komitəsi ilə həll eləmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri həll edir. 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar...”

O, əlavə edib ki, sonradan pulunu istəyəndə Cəbiyevin təhdidiylə üzləşib, sabiq Aparat rəhbəri onu kabinetindən qovub. Növbəti dəfə isə mühafizəçi polislər onu ümumiyyətlə, nazirliyin binasına buraxmayıb.

Sabiq nazir məhkəmədə səslənən ittihamlara heç bir münasibət bildirməyib.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

O 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb.

DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazirə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG