AzadlıqRadiosunun Erməni Xidməti – Azatutyunun verdiyi məlumata görə Base Metals şirkətinin rəhbərliyi ilə birlikdə qəbul olunmuş qərar əsasında Qarabağdakı Dəmirli mis-molibden yatağının istismarı beynəlxalq ekoloji ekspertizanın nəticələri açıqlananadək dayandırılıb.
Qarabağ separatçıları bildiriblər ki, “özlərini Azərbaycanın ekofəalları kimi təqdim edən aksiyaçıların” yaratdığı “qeyri-sağlam atmosfer” və “beynəlxalq ictimaiyyətin çaşdırılması cəhdləri” nəzərə alınaraq Base Metals şirkətinin işi ilə bağlı beynəlxalq ekspertizanın təşkil olunması üçün beynəlxalq təşkilatlara müraciət edilib.
Separatçıların “Kaşen” adlandırdıqları Dəmirli mis-molibden yatağı Ağdərə rayonunun ərazisində yerləşir.
Separatçı rejim bəyan edib ki, “faydalı qazıntıların çıxarılması zamanı ən yüksək dünya standartlarına əməl edilməsi prinsipini dəstəkləyir”.
Base Metals şirkəti Ermənistana məxsusdur.
Volkovla söhbətdən sonra
Azatutyun bildirir ki, mədəndə işlərin dayandırılması Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Qarabağ separatçıalrı ilə söhbətindən sonra baş verib.
Azatutyun bunu da iddia edir ki, Azərbaycan tərəfi dekabrın 12-də “ekoloji bəhanələrlə” Laçın dəhlizini bağlayıb.
Azərbaycan hökuməti bildirib ki, Rusiya sülhməramlılarının və separatçıların nəzarətində olan Qızılbulaq və Dəmirli yataqlarının monitorinqinə başlayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu həftə demişdi ki, Azərbaycan hökuməti nümayəndələrinin yataqlara səfəri barədə razılaşma olsa da, buna erməni tərəfi mane olub.
Azərbaycan yataqların istismarı hüququnu Britaniya şirkətinə verib
Dekabrın 20-də xəbər verilmişdi ki, Britaniyanın Anglo Asian Mining PLC şirkətinin yüksək vəzifəli nümayəndələri BMT-yə, ABŞ Dövlət Departamentinə, Britaniya Xarici İşlər Nazirliyinə və Avropa İttifaqına ünvanlandıqları məktubda Qarabağdakı Qızılbulaq və Dəmirli mədənlərindəki legitim biznes hüquqlarının təmin olunmasında kömək istəyib.
Azərbaycan hökuməti sözü gedən yataqların istismarı üçün lisenziyanı məhz bu şirkətə verib.
Bakı hər hansı başqa şirkətin bu yataqları istismar etməsini qanunsuz hesab edir.
Anglo Asian Mining PLC Mərkəzi Asiya regionunda qızıl, mis və gümüş istehsalçısıdır və Azərbaycanda da geniş istehsal portfelinə malikdir.
Azərbaycan Milli Məclisi 2022-ci ilin 5 iyulunda bu şirkətlə bağlanmış müqaviləyə dəyişiklikləri qəbul edib.
Bu dəyişikliklər şirkətə Qarabağdakı mis mədəni də daxil ümumi sahəsi 882 kvadrat kilometr olan 3 əlavə lisenziya verir.
Sovet vaxtlarının məlumatına görə Qarabağdakı mis yatağının həcmi 300 min tondur.
Monitorinq və inventarizasiya
Azərbaycan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri dekabrın 7-də Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq keçirmək istəməsinə aid açıqlama yaymışdı.
Bildirilirdi ki, dekabrın 7-də də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət heyət Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.
Açıqlamaya görə, görüş zamanı Qızılbulaq qızıl, Dəmirli mis-molibden yataqlarına baxış, qanunsuz istismarın dayandırılması, inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə potensial zərərin qiymətləndirilməsi və dəymiş zərərin aradan qaldırılması məsələləri müzakirə edilmişdi.
Lakin separatçılar yataqlara Azərbaycan nümayəndələrinin gəlişinə mane olduqdan sonra Laçın dəhlizində gərginlik yaranıb.
Xatırlatma
Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.