Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:37

“Qarabağ ordusu” nədir?


Bəzi Qərb ekspertləri bildirirlər ki, separatçıların 20 minlik silahlı qüvvəsinin yarısını Ermənistan vətəndaşları təşkil edirlər

Beynəlxalq xəbərlərdə bəzən “Azərbaycan silahlı qüvvələri ilə Qarabağ ordusu” arasında toqquşmaların baş verdiyindən bəhs edilir.

Eyni zamanda Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi iştirakçısı olmadığında israr edir.

AzadlıqRadiosunun müxbiri Ron Synovitz isə yazır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı qüvvənin tərkibi kifayət qədər bulanıqdır. Müxbir qeyd edir ki, Yerevanda Ermənistan Silahlı Qüvvələrinin, separatçıların hərbi dəstələri ilə silahdaşlığını “ən azı ikitərəfli sinerji” (bilateral synergy) adlandırırlar.

Ron Synovitz yazır ki, Yerevanla, Azərbaycan ərazisində Ermənistan tərəfindən dəstəklənən separatçı hərbi qüvvə arasındakı münasibətlər bulanıq suya bənzəyir.

Birləşmiş Krallıq Müdafiə Akademiyasının məlumatına görə Ermənistan ordusunun “bir neçə batalyonu Azərbaycanın işğal edilmiş Qarabağ zonasında birbaşa dislokasiya edilib

Müstəqil təhqiqatçılar bildirirlər ki, Dağlıq Qarabağ Ordusunun dəqiq ölçüləri və onun bəzi silahlarının mənşəyi barədə analitik baxımdan şəksiz təfərrüatlar əldə etmək çətindir.

Məqalədə deyilir ki, buna baxmayaraq, ümumi qavramaya görə Yerevan və 1990-cı illərdən bəri Azərbaycan ərazilərini zəbt etmiş etnik erməni döyüşçülər arasında siyasi, iqtisadi və hərbi bağlar vardır.

Synovitz yazır ki, separatçı qüvvəyə diqqətli nəzər yetirdikdə onun Yerevanla bağlarını açan faktorları və “siyasi sinerjinin” mövcudluğunu görmək olur.

Lakin Ermənistan hökuməti israr edir ki, o Dağlıq Qarabağın ərazisində heç bir hərbi birləşmə yerləşdirməyib.

Həm Yerevan, həm də özünü Dağlıq Qarabağın rəhbərliyi elan etsə də, beynəlxalq aləmdə tanınmamış hökumət israr edirlər ki, separatçı qüvvələr yalnız separatçı regionun erməni döyüşçülərindən ibarətdir.

Lakin müstəqil Qərb ekspertləri, o cümlədən Britaniya Müdafiə Nazirliyinin təhqiqatçıları, Beynəlxalq Böhran Qrupu (International Crisis Group - ICG) və Britaniyada mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (International Institute for Strategic Studies - IISS) bu iddialara şübhə ilə yanaşırlar.

Ordunun yarısı Ermənistan vətəndaşlarıdır

Son Qarbağ döyüşündən sonra bir Ermənistan əsgərinin Yerevanda dəfni
Son Qarbağ döyüşündən sonra bir Ermənistan əsgərinin Yerevanda dəfni

Birləşmiş Krallıq Müdafiə Akademiyasının (Defense Academy of the United Kingdom) 2008-ci ildə nəşr olunmuş sənədlərindən birində C.W. Blandy yazır ki, Ermənistan ordusunun “bir neçə batalyonu Azərbaycanın işğal edilmiş Qarabağ zonasında birbaşa dislokasiya edilib”. ​

Blandy həmçinin məlumat verirdi ki, “Yerevan Dağlıq Qarabağın paytaxtı Stepanakertdəki hakimiyyət orqanlarını silahlar və hərbi ləvazimatlarla birbaşa təchiz edib”.

O habelə deyirdi ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ separatçılarına hərbi təlim verməsi “açıq sirdir”.

Nəhayət Blandy bildirirdi ki, 2008-ci ilə aid məlumata görə Dağlıq Qarabağın 20 minlik silahlı qüvvəsinin yarısını Ermənistan vətəndaşları təşkil edirlər.

IISS-nin Silahlı Münaqişələrə dair Məlumat Bankının son bəyənatında bildirilir ki, “Ermənistan beynəlxalq qanunlarla Azərbaycan əraziləri sayılan Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun işğalını davam etdirir”.

“Hazırkı ermənistanlılar keçmiş qarabağlılardır?”

Yerevanda mənzillənmiş Regional Araşdırmalar Mərkəzinin direktoru Richard Giragosian da etiraf edir ki, Ermənistan ordusu zabitlərinin Dağlıq Qarabağ qüvvələrinə hərbi təlim verməsi “açıq sirdir”.

Lakin o əlavə edir ki, separatçıların “əməliyyat komandanlığında ehtiyatlı bir fərqləndirmə” var.

O iddia edir ki, Dağlıq Qarabağın ətrafında, Azərbaycan ərazilərində yaradılmış “təhlükəsizlik kəmərini” və onun içərisindəki ərazini separatçı qüvvələr saxlayır.

Giragosian etiraf edir ki, Ermənistanın dövlət büdcəsində Dağlıq Qarabağın separatçı hökuməti üçün subsidiyalar nəzərdə tutulub, lakin bu ayırmaların pul məbləği tamamilə qeyri-şəffafdır

Erməni politoloq iddia edir ki, bu qüvvələrin komandanlığı Ermənistan Ordusundan ayrıdır.

Giragosian bunu da iddia edir ki, komandanlıq strukturu anklavın müstəqilliyinin “yan məhsulu” olaraq yaranıb.

Bununla yanaşı, Giragosian etiraf edir ki, Ermənistanın dövlət büdcəsində Dağlıq Qarabağın separatçı hökuməti üçün subsidiyalar nəzərdə tutulub, lakin bu ayırmaların pul məbləği tamamilə qeyri-şəffafdır.

AzadlıqRadiosunun müxbiri yazır ki, Ermənistanın əsas siyasi fiqurları, habelə 1992-ci ilin mayında “Dağlıq Qarabağ ordusu”nun yaradılmasında mühüm rol oynayıblar.

Məqalədə deyilir ki, onlardan biri də Dağlıq Qarabağda doğulmuş keçmiş Ermənistan prezidenti Robert Koçaryandır. O həmin dövrdə Dağlıq Qarabağ ordusunun ali baş komandanı olub. Ermənistanın hazırkı prezidenti Serzh Sarkisian da əslən qarabağlıdır və o 1990-cı illərdə pərakəndə silahlı dəstələrin vahid hərbi qüvvəyə çevrilməsində əsas rolu icra edib.

Giragosian deyir ki, Ermənistan hökuməti və Dağlıq Qarabağ qüvvəsi arasındakı bağlar göz qabağındadır.

“Bu münasibətlər qarşılıqlı sinerjiyə söykənir, - deyir politoloq, - Hətta Ermənistanın hazırkı müdafiə naziri Dağlıq Qarabağın keçmiş müdafiə naziridir. Digər tərəfdən Ermənistanın milli təhlükəsizlik konsepsiyası Dağlıq Qarabağın təhlükəsizliyi və gözləntilərini nəzərə alır. Beləliklə, burada çox yaxın münasibət və sinerji var”.

Yeni silahları yoxdur?

Synovitz yazır ki, hərbi avadanlığa gəlincə, expertlərin fikrincə, Ermənistanın Dağlıq Qarabağa müasir silahlar göndərdiyinə dair çox da dəlil yoxdur. Söhbət xüsusilə də Yerevan və Moskva arasında 2014-cü ildə bağlanmış saziş əsasında və ya 2015-ci ildə Rusiya silahının alınması üçün Moskvanın Yerevana verdiyi 200 milyon dollarlıq kreditlə alınan son modifikasiyalı zirehli texnika və artilleriyadan gedir.

T-72 tankı Suriyada
T-72 tankı Suriyada

Məqalədə deyilir ki, son qarşıdurmada separatçıların tərəfində Rusiya istehsallı təkmil T-90 tankları görünməyib. Əvəzində düşünülür ki, separatçıların ixtiyarında olan 200-dən 300-dək tank əsasən son vaxtlar təkmilləşdirilmiş köhnə T-72 tanklarıdır.

IISS-nin fevral ayında nəşr edilmiş Hərbi Balans adlı qiymətləndirməsində deyilir ki, separatçıların istifadə etdikləri texnikanın bir qismi Ermənistan ordusuna məxsus ola bilər.

IISS-nin qiymətləndirməsində habelə qeyd olunur ki, Dağlıq Qarabağ separatçılarının canlı qüvvəsi 18-20 min olaraq qalır.

Bundan başqa onların çevik şəkildə səfərbər edib hərəkətə gətirə biləcəyi daha 20-30 minlik ehtiyat qüvvəsi var.

XS
SM
MD
LG