Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:29

Qaradərilinin ölümünə görə polis həbs olundu (VIDEO)


George Floyd-un ölümünə etiraz aksiyasında
George Floyd-un ölümünə etiraz aksiyasında

ABŞ-ın Minnesota ştatında dizini əlləri qandallanmış qaradərili şəxsin boğazında saxlamaqla onun boğularaq ölməsinə səbəb olduğu deyilən polis zabiti həbs edilib və ona qarşı qətl ittihamı irəli sürülüb.

Bu hadisənin ABŞ-ın Minneapolis şəhərində törətdiyi zorakı etirazlar üçüncü gündür ki, davam edir.

Hennepin qraflığının prokuroru Mike Freeman mayın 29-da deyib ki, zabit Derek Chauvin cinayətkar qətldə və qətlə qəsddə ittiham olunur.

Freeman bunu da əlavə edib ki, ittihamların irəli sürülməsi üçün əldə kifayət qədər video sübutları var.

Bundan əvvəl, mayın 29-da səhər Minnesota qubernatoru Tim Walz üç gecədir ki, yanğınlar, qarət və vandalizmlə müşayiət olunan zorakı etirazların dayandırılmasına çağırmışdı.

Bu da xəbər verilir ki, ştatın Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib.

Qaradərili George Floyd-un ölümündən qəzəblənmiş etirazçılar mayın 28-də gecə polis idarəsinə daxil olaraq binaya od vurublar.

Nümayişçilər mayın 26-da ölmüş Floyd-a qarşı rəftardan qəzəbləniblər.

ABŞ-ın Minneapolis şəhərində etirazçılar polis məntəqəsini yandırıb
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Cinayət təhqiqatına başlanıb

Hadisəni əks etdirən videoda ağdərili polis zabiti Chauvin-in bir neçə dəqiqə ərzində dizini həbs edilənin boğazına sıxması, Floyd-un isə nəfəs ala bilmədiyini deyərək yalvarması görünür.

Floyd bu hadisədən az sonra xəstəxanada vəfat edib.

Chauvin və insidentlə əlaqəsi olan daha üç polis zabiti işdən qovulub və Minnesotanın FTB və hakimiyyət orqanları 46 yaşlı qurbanın ölümünün araşdırılmasına başlayıb.

Chauvin-ə qarşı cinayət ittihamları Minneapolis meri və başqa hökumət rəsmiləri onun həbsini tələb etdikdən sonra irəli sürülüb.

Bu arada Minneapolisdəki iğtişaşlar barədə reportaj verən CNN müxbiri saxlanaraq qandallanıb və çəkiliş qrupu ilə birlikdə aparılıb. Bəzi xəbərlərə görə onlar polisin əmrlərinə tabe olmayıblar.

Çəkiliş qrupu bir saatdan sonra azad edilib və qubernator jurnalistlərdən üzr istəyib.

Trump-ın tvitləri

Floyd son illər ağdərili polis tərəfindən həbs edilərkən ölən bir neçə qaradərili şəxslərdən növbətisi olub.

Adətən ağların qaralara qarşı zorakılığı barədə susmağa üstünlük verən prezident Donald Trump mayın 28-də bu hadisəni “sarsıdıcı” adlandırıb.

Lakin artıq mayın 29-da Trump Floyd-un ölümünün ardınca başlanan zorakılıqları pisləyib və sərt tədbirlər görülməsinə çağırıb.

O deyib ki, “bu XULİQANLAR George Floyd-un xatirəsini hörmətsiz ediblər” və o buna yol vermək istəmir:

"Mən indicə qubernator Tim Walz-la danışmışam və ona demişəm ki, Hərbiyyə daim onunladır. Hər hansı bir çətinlik üzə çıxsa, biz nəzarəti ələ alacağıq. Amma qarət başlananda, atəş başlanır. Sağ olun!”

İki şəhərdə çox sayda bizneslər bağlanıb və nəqliyyatın hərəkəti mayın 31-dək dayandırılıb.

Dinc və zorakı etiraz aksiyaları ölkənin başqa şəhərlərində də baş verib.

XS
SM
MD
LG