Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:32

Alimlər deyirlər ki, Ukraynadakı savaş qartalların yollarını dəyişdirir


Böyük xallı qartal Dubayda səhra şahinlərinin şousunda
Böyük xallı qartal Dubayda səhra şahinlərinin şousunda

Böyük xallı qartal nəsli kəsilmək qorxusu ilə üz-üzədir. Alimlər təzəlikcə onların daha bir təhlükə ilə üzləşdiyini aşkar ediblər. Söhbət Ukraynadakı müharibədən gedir.

CNN ötən həftə "Current Biology" jurnalında dərc edilən araşdırmaya istinadən yazır ki, qartallar Ukrayna üzərindən uçarkən münaqişənin təsirlərinə məruz qalır və özlərinin ənənəvi uçuş marşrutlarını dəyişdirməli olurlar.

Araşdırmanın hesabat bölümündə deyilir ki, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyinin "həssas" növlər siyahısına daxil etdiyi böyük xallı qartallar Qərbi və Mərkəzi Avropadan, əsasən, yoxa çıxıblar. Ancaq Polesye - Polşa, Belarus, Ukrayna və Rusiyanın sərhədindəki iri bataqlıq ərazi bu quşların əsas oylağı kimi qalır.

Britaniya və Estoniyadan olan tədqiqatçılar bildirirlər ki, 2022-ci il martın 1-də - Rusiyanın Ukraynaya hücumundan bir həftə sonra etiketlənmiş 21 böyük xallı qartalın birincisi, hər il bu vaxt olduğu kimi, Ukrayna ərazisinə keçib.

"2022-ci ilin fevralında münaqişə başlarkən, biz də hamı kimi xəbərlərdə hadisələrin necə cərəyan etdiyini izləyirdik. Ancaq həm də bilirdik ki, bizim quşlarımız indilərdə bu ərazidən keçməlidir. Bunun onlardan ötrü nə demək olduğunu düşünüb narahat olurduq", - araşdırma qrupunun rəhbəri, ornitoloq, Britaniyanın Şərqi İngiltərə Universitetinin doktorantı Çarli Rassel deyir.

Ortalama 193 saata uçulan yol 246 saata qət edilib

Tədqiqatçılar münaqişə ilə bağlı bilgilərdən və GPS izləmədən faydalanaraq 19 qartalın miqrasiya davranışına savaşın təsirini hesablayıblar. Bu qartallar 2022-ci ilin mart-aprel aylarında yuva quraraq çoxalmaq üçün Ukraynadan keçərək şimala, Belarusun cənubuna uçmalı idi.

Tədqiqatçılar qartalların öz ənənəvi marşrutlarını xeyli dəyişdirdiyini üzə çıxarıblar. Savaş başlayandan sonra yuvalanma yerlərinə getmək üçün qət etməli olduqları yol daha uzun və dolayı olub. Nəticədə onların miqrasiyası daha çox vaxt aparıb.

Bu davranışının nədən qaynaqlandığını müəyyənləşdirmək üçün birbaşa izləmə dəlilləri olmasa da, alimlər quşların hərbi əməliyyatlardakı səs və işıqdan təsirləndiyini düşünürlər.

Küveytin qış ziyarətçisi böyük xallı qartal
Küveytin qış ziyarətçisi böyük xallı qartal

Miqrasiya marşrutlarının hərbi fəaliyyətlərin daha çox olduğu bölgələrdən keçdiyi yerlərdə quşların daha çox marşrut dəyişdirdiyi qeydə alınıb. Ancaq quşların münaqişənin təsirlərinə məruz qalma dərəcəsi və reaksiyası müxtəlif olduğundan marşrut dəyişmə davranışları da fərqlənib.

Tədqiqatçılar dişi qartalların münaqişədən öncə yuvalama yerlərinə təxminən 193 saata getdikləri yolu münaqişə zamanı, orta hesabla, 246 saata uçduğunu müəyyənləşdiriblər.

Rassel deyir ki, qartallar, orta hesabla, 85 kilometr daha çox uçmalı olub. Bir quşsa öncəki illərlə müqayisədə 250 kilometr daha çox yol qət edib.

Erkək qartallar münaqişədən öncə saniyədə 9.75 metr məsafə qət etdikləri halda, münaqişə zamanı sürətlərini azaldaraq saniyədə 7.66 metr uçduqları bilinib.

Araşdırma məqaləsində deyilir ki, alimlər Ukraynadan başqa heç bir yerdə bu quşların miqrasiya davranışında hər hansı dəyişiklik görməyiblər.

"Bu araşdırma mühüm bir bilik boşluğunu doldurur"

Daha bir önəmli tapıntı quşların əvvəlki illərə nisbətən yolda daha az fasilə verməsidir.

Alimlər deyirlər ki, fasilə yerləri qartalların uzun səyahət zamanı dayanaraq qida və su tapmaları, dincələrək güclərini bərpa etmələri, habelə əlverişsiz hava şərtlərindən qoruna bilmələri baxımından önəmlidir.

2018-2021-ci illərdə izlənən fərdlərin 18-i, yəni 90 faizi Ukrayna ərazisində yolda dayanaraq fasilə verirdisə, 2022-ci ildə yalnız altısı dayanıb.

Savaşdan öncəki illərdə 11 qartal Ukrayna Polesyesindəki ümumi dayanacaq yerlərindən yararlanırdısa, 2022-ci ildə bu yerlərdən heç istifadə edilməyib.

Rassel deyir ki, quşların ara vermədən uçub enerjilərini tükəndirməsi onların orqanizmi və çoxalma dövrü üçün çox ağır fəsadlar doğura bilər.

Araşdırmada bildirilir ki, quşların güclərini bərpa etməyə daha çox vaxt sərf etməli olması və yumurtlamanın gecikməsi sayları onsuz da az olan qartalların çoxalma prosesinə, habelə balaların yemlənmə və tüklənmə dövrünə mənfi təsir göstərə bilər.

"Mən düşünürəm ki, bu münaqişə nəticəsində ətraf mühitin üzləşdiyi müxtəlif stress mənbələrini anlamalıyıq ki, postmünaqişə dövründə təkcə böyük xallı qartalların deyil, bütün ekosistemin bərpasını daha yaxşı dəstəkləyə bilək", - Rassel belə deyir.

"Biz savaşın vəhşi təbiətə, özəlliklə miqrasiya edən növlərə təsirləri haqda çox az şey bilirik. Bu araşdırma mühüm bir bilik boşluğunu doldurur", - London Zoologiya Cəmiyyətinin tədqiqatçısı, professor Natali Pettorellinin CNN-ə müsahibəsində söylədiyi sözlərdir.

XS
SM
MD
LG