Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:58

'Küçədəki sayğaca görə məsuliyyəti niyə mən daşıyım ki?'


Sayğac
Sayğac

«... 8 aprel 2016-cı il tarixli MSK-891 saylı akta əsasən, «sayğacın klapanı sınıqdır» rəyi verilib. Bildiririk ki, verilmiş rəyə əsasən, sayğacın dəyəri sizin tərəfinizdən ödənməlidir».

«Azəriqaz» İstehsalat Birliyindən aldığı bu məktub Bayıl sakini, diabetdən əziyyət çəkən Lətifə İbrahimovanın səhhətini daha da ağırlaşdırıb.

183 MANAT

Hali-qəziyyə belədir ki, Səbail rayonu, Əzizov küçəsi, ev 33A ünvanda yaşayan Lətifə İbrahimova küçənin o başında qoyulmuş məişət qaz sayğacının sındığını bilən kimi «Azəriqaz»a rəsmi müraciət edib. Qurum da sayğacı yenisi ilə əvəzləyib. Ancaq qısa müddətdən sonra abonentdən sınmış köhnə sayğacın dəyərini ödəməsi tələb olunub. Lətifə xanım «Azəriqaz»ın tələb etdiyi 183 manatı ödəmək istəmir: «Əgər sayğac həyətimdə olsaydı, bu tələbi əsaslı sayardım. Ancaq sayğac küçədədir. Bəlkə elə onu qaz idarəsinin işçiləri özləri sındırıblar ki, abonentdən pul qoparsınlar... Belə çıxır, bunlar hər dəfə küçədə sındırılmış əşyanın dəyərini abonentdən alacaqlar. Mülkiyyətimdən kənarda yerləşən, nəzarətimdə olmayan sayğacın sınmasına görə niyə məsuliyyət daşımalıyam?».

Ancaq məsələ bununla da bitmir. İş orasındadır ki, «Azəriqaz» Lətifə xanımın adına olan və oğlunun yaşadığı mənzilin də qazını kəsib. Halbuki, həmin mənzildə nə qaz sayğacı, nə də qazpulu ilə bağlı problem var: ««Azəriqaz»ın hərəkətindən belə çıxır ki, abonentin adına şəhərin beş yerində də ev olsa, hansındasa sayğac xarab oldu, pul tələbi ortaya çıxdı, hamısının qazı kəsilməlidir. Adam bilmir ki, bu ölkə hansı qanunlarla idarə olunur. Bu qanunları yazanlar nə yeyib-içirlər görəsən? Neçə gündür şəkərim 400-ü ötüb, «Azəriqaz» işçiləri ilə, az qala, əlbəyaxadayam. Deyirlər, «sayğac çöldədir, həyətdədir, bizlik deyil, xarab olub, ödəməlisən, vəssalam»».

«QANUNSUZDUR»

«Azəriqaz» İB-dən məsələyə münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, hər bir vətəndaş yalnız mülkiyyətinə daxil olana cavabdehdir: «Vətəndaş haqlıdır. Qanun deyir ki, vətəndaşa məxsus mülkiyyət qapısının hüdudlarından o tərəfə keçmir. Əslində, o sayğaclar vətəndaşlara veriləndə onların mülkiyyətinə daxil ərazilərdə quraşdırılmalıdır. Həqiqətən də, abonentin küçədə quraşdırılmış cihazın keşiyini çəkmək kimi vəzifəsi yoxdur».

Hüquqşünas bildirib ki, abonentin ünvanına və mülkiyyətində olan, yaşamadığı digər ünvanlara qaz verilişinin dayandırılması qanunsuzdur. Abonent «Azəriqaz»a qarşı məhkəmə iddiası qaldıra, hətta təzminat da tələb edə bilər.

XS
SM
MD
LG