Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Qazaxıstan böhranı və Putinin Ukrayna planları


Kiyevdə Qazaxıstana dəstək aksiyası, 10 yanvar, 2022-ci il
Kiyevdə Qazaxıstana dəstək aksiyası, 10 yanvar, 2022-ci il

Qazaxıstanda hadisələrin sürətli inkişafı Kremli və digər regional oyunçuları təəccübləndirsə də, Moskva buna daha çevik reaksiya verdi.

Rusiya Qazaxıstanda özünə dost avtokratın hakimiyyətdə qalması üçün bu ölkəyə hərbi müdaxilə etdi, xalq üsyanını yatırdı. Kütləvi etirazlardan bir həftə keçir və AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş Kremlin oyununun nəticə verdiyini yazır.

Ölkədə çevriliş cəhdinin baş verdiyini deyən Prezident Kasım Jomart Tokayev KTMT-nin çətiri altında gələn Rusiya qüvvələrinin Qazaxıstan hökumətinə dəstək verdiyini bildirir.

Kompromis, yoxsa..?

Bu həftə Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Moskvanın artan təzyiqi fonunda Rusiya ilə yüksək səviyyəli danışıqlar aparır. Kremlin Qazaxıstandakı iğtişaşlara reaksiyasının Ukrayna ilə gərginliyə necə təsir göstərəcəyi məsələsində təhlilçilərin fikirləri haçalanır. Rusiya bu ölkəylə sərhədə 100 minədək döyüşə hazır əsgər yığıb.

“Baş verənlər Moskvanı kompromisə daha açıq davranmağa sövq edə bilər, çünki Qazaxıstandakı böhranı azad idarə etməyə ehtiyacı var. Yaxud Rusiya başqa cəbhədə maraqlarına təhdid olduğunu düşünərək özünü daha çox müdafiə etməyə gərək duya bilər”, – fransalı keçmiş diplomat, Avropa Xarici Əlaqələr Şurasının proqram direktoru Mari Dumulin radioya deyib.

Tokayev yanvarın 11-də elan etdi ki, KTMT qüvvələrinin ölkədən çəkilməsi 10 gün ərzində tamamlanacaq.

Ukrayna və Qazaxıstanı minlərlə kilometr ayırsa da, onları sovet keçmişi, Moskva ilə mürəkkəb münasibətlər birləşdirir. Sovet İttifaqının iflasından sonra Kreml hərbi gücündən və enerji sahəsində təsirindən yararlanaraq itirilmiş geosiyasi çəkisini bərpa etməyə çalışır.

Putinin ideyası

Moskvatələb edir ki, NATO Ukrayna və Gürcüstan kimi ölkələrə doğru genişlənməni dayandıracağına zəmanət versin.

Bəzi təhlilçilərin fikrincə, Rusiyanın təhlükəsizlik qarantiyaları tələbi onun nüfuz dairəsinin tanınması planının bir hissəsidir. Rusiyanın Qazaxıstana əlüstü girməsi də bu planı dəstəkləyə bilər.

“Bu, müəyyən mənada Rusiya Prezidenti Vladimir Putinin əlini gücləndirir. Putinin illərdir döyəclədiyi ideyanı möhkəmləndirir, yəni, Rusiyanın keçmiş sovet ölkələri ilə xüsusi münasibəti var və xarici dünyanın da buna hörmət göstərməsini istəyir”, – ABŞ milli kəşfiyyatının Rusiya üzrə keçmiş rəsmisi, Corctaun Universitetinin professoru Ancela Stent belə deyir.

Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləyir. Bu münaqişədə 13 mindən çox insan öldürülüb. ABŞ və Qərb müttəfiqləri Rusiyanı Ukraynaya qarşı addım atacağı halda “ağır bədəl”lə hədələyirlər.

Geri addım?

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Oleksandr Danilyuk deyir ki, Putin qərbə təhlükəsizlik qarantiyaları ilə bağlı “ultimatum” verməklə “özünü küncə sıxışdırıb”.

“Əgər o, real qabiliyyətini aşdığına inanırsa, Qazaxıstan ona geri addım atmaq imkanı verir. Bu həm də ukraynalılara uzun müddətə olmasa da nəfəs almaq fürsəti yaradır”, – Danilyuk yanvarın 6-da Atlantik Şurasının konfransında deyib.

Qazaxıstan böhranı Moskvanın diqqətini Ukraynadan yayındıra bilər, amma müvəqqəti olaraq, bunu isə ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzə keçmiş direktoru, hazırda Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Pol Stronski deyir.

Təhlilçilərin fikrincə, hökumətin xahişilə Qazaxıstana girən Putin başqa bir hökumətə təhdid yaratmaq potensialı olan etirazları boğmağa kömək etdi. Daha öncə postsovet məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Belarusda xalq üsyanları baş verib. Sonuncudan başqa digərlərində hakimiyyət dəyişikliyi baş verib.

İlk dəfə

Digər məsələ NATO hərbi alyansına oxşar yaradılmış KTMT ilk dəfəydi bir üzvün ərazisinə kollektiv missiya göndərirdi. Rusiyanın başçılıq etdiyi quruma Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Yanvarın 10-da KTMT liderlərinin videokonfransında Putin deyib ki, heç kəsə “evimizdə sabitliyi pozmağa və rəngli inqilab ssenarisi həyata keçirməyə imkan verməyəcəyik”.

Qazaxıstanda hadisələrin sürətli inkişafı Kremli və digər regional oyunçuları təəccübləndirsə də Moskva buna daha çevik reaksiya verdi.

Stronskinin fikrincə, Qazaxıstana müdaxilə Rusiyanın zirək oyunçu olduğunu, hələ də təəccübləndirə bildiyini göstərir. “Moskva hədəfini müəyyən qədər dəyişə bilər, amma Kreml eyni vaxtda iki məsələni də idarə edə bilir”, – o deyir.

XS
SM
MD
LG