Rusiyanın Ukraynaya tammiqyaslı hücumu və Moskvanın elan etdiyi hərbi səfərbərlik Rusiya vətəndaşlarının ölkəni kütləvi tərk edərək qonşu ölkələrə köçməsinə səbəb olub. 2022-ci ilin fevralından bəri Qazaxıstan, Qırğızıstan, Gürcüstan və digər qonşu ölkələrə köçən yüz minlərlə Rusiya vətəndaşına yeni ad da verilib – "relokant". (relokant deyərkən köçkün nəzərdə tutulur. Amma onlar özünü mühacir saymır, sadəcə bir müddət üçün aranın düzəlməsini gözləyir ki, sonra geri dönsünlər – red.).
Rusiyalılar hərbi xidmətdən, get-gedə daha da sərtləşən repressiv siyasi ortamdan qaçmaq və vətəndə sürətlə yoxa çıxan iqtisadi imkanları başqa yerlərdə tapmaq üçün ölkələrini tərk ediblər. Onların kütləvi axını bir çox keçmiş sovet respublikasında qızğın debatlar doğurub.
Rusiyalı miqrantların yaşantıları bir teatr tamaşasına mövzu olub
"2act" adlı rusiyalı teatr truppası fevralın 11-də Almatıda "Bura Almatı" adlı silsilə monoloqlardan ibarət tamaşa göstərib. Monoloqlar rusiyalı köçkünlərdən, bir ukraynalı qaçqından və bir yerli qazaxdan alınan müsahibələr əsasında yazılıb.
Birinci monoloqda Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrında qismən hərbi səfərbərik elan edəndən sonra əri ilə birgə maşınla Rusiyadan Qazaxıstana qaçan Tatyananın başına gələnlər əksini tapıb.
Putinin əmri Rusiya sərhədlərində xaos səhnələrinə yol açmışdı. Minlərlə insan təyyarə və maşınla, yaxud piyada ölkəni tərk etməyə çalışırdı.
"Biz öncə Pavlodara getdik. İnsanlar gəlməyə davam edirdi. Yerlilər üçün bu say qeyri-real idi. …Ruslar ATM-lərdən pul mübadilə məntəqələrinə qaçırdılar. Bizi könüllülər qarşıladı. Onlar bizə içki və yemək verdilər", - Tatyananın sözləridir.
Tatyananın 40 yaşlarında olan əri orduya çağrılacağını gözləmirmiş. Ancaq hərbi səfərbərlik elanından sonra onların Kemerovo yaxınlığındakı kəndlərində hərbi komissarlıq əməkdaşları qapı-qapı gəzməyə başlamışdı. "Biz əşyalarımızı bir saatın içində topladıq", - Tatyana deyir.
"Bizim adımızdan qorxunc işlərə qərar verdilər"
Tatyananın sözlərinə görə, valideynləri onları satqın sayır. Ancaq o da, əri də müharibəyə yanlış addım kimi baxırdı. "Onlar sadəcə bizim yerimizə qərar verdilər. Onlar sadəcə bizim adımızdan qorxunc işlər görməyə qərar verdilər", - Tatyana bu sözlərlə Rusiya hökumətinə işarə edir.
Səfərbərlikdən qaça bilməyənlər də başqa cür xaosla üzləşiblər.
Tamaşadakı başqa bir monoloqda qapını yanlışlıqla hərbi çağırış zabitlərinə açan kişi öz başına gələnləri danışır. O, əvvəlcə səfərbər olunan 300 min nəfərin arasına düşsə də, sonradan bir yol tapıb ölkədən qaça bilir.
O, Ukraynaya göndərilməyə hazırlaşarkən orduda tüğyan edən sərxoşluq və çaşqınlığı öz gözləri ilə görür.
"Çox zaman 45-50 dəqiqə dayanmağımızın səbəbi bilinmirdi. Eləcə dayanırdıq. Arada-sırada bir zabit keçirdi. Hansı tağıma kim cavabdehdir, kimin ixtisası nədir, yenə bilinmirdi. Son nəticədə anladım ki, ikihəftəlik təlimdən sonra aradan çıxa bilərəm, axı mən o siyahıların heç birində yox idim!", - ortayaşlı kişini canlandıran aktyor belə deyir.
Qazaxıstana köçən rusiyalılar burada rusca rahat danışa biləcəkləri şəhərlər tapıblar. Əhali də onları, əsasən, yaxşı qarşılayıb.
Ancaq onların Almatıya gəlişi, Qazaxıstanın digər şəhərlərində, Özbəkistan və Gürcüstanda olduğu kimi, qiymətləri kəskin bahalaşdırıb. Az sonra bu qiymət artımı yerli sakinləri qəzəbləndirib.
"Əvvəllər mən bir yataq otaqlı mənzili 80 min, yaxud 120 min tenqeyə (300 dollardan az) tuta bilirdim. Qaçqın axışından sonra qiymət 200-250 minə (450 dollara yaxın) yüksəlib", - tamaşada Artur adlı qazaxı canlandıran yeganə qazax aktyorun öz monoloqunda dilə gətirdiyi sözlərdir.
Monoloqdan bilinir ki, Rusiyada etnik qazaxların ailəsində doğulan Artur sonradan tarixi vətəni Qazaxıstana köçüb. O, monoloqda əmisini rus ultramillətçilərinin öldürdüyünü deyir və Rusiyanın iri şəhərlərində daim özünü istənməyən adam kimi hiss etməsindən danışır. İndi Artur sərt miqrasiya siyasəti tələb edir. O, yeni gələn rusların, ən azı, qazax dilini düz-əməlli öyrənməyə çalışa biləcəyini söyləyir.
"Pulu tenqeyə dəyişəndə get-gedə daha az qazanırdım"
Tamaşada bir etnik tatarla ukraynalı partnyoru Mariyanın müsahibəsinə də yer verilib.
"Black Desert Online" adlı savaş oyununda tanış olan cütlük Qazaxıstana birlikdə gəlməyib. Əvvəlcə kişi gəlib və Mariyanı burada gözləyib. Nəhayət, burada onlar görüşüb tanış olublar və Almatı yaxınlığındakı bir kurort şəhərində məskunlaşıblar.
Miqrant olduğundan Mariyanın iş icazəsi yoxdur. Partnyoru isə rusiyalı müştərilər üçün sərbəst mühasibatçılıq edir. Ancaq bu, sabit iş deyil. "Ancaq maaşımı rublla aldığımdan pulu tenqeyə dəyişəndə get-gedə daha az qazanırdım" – müsahibəni səsləndirən aktyor deyir.
Evlərində baş verən yanğında hər şeyini itirən cütlüyün maliyyə problemləri daha da artır. Mənzil sahibi dəyən zərərin ödənilməsini və təminat kimi kişinin pasportunu tələb edir.
"Mən pasportumu verəndə sevindim. Rusiya vətəndaşlığından da belə asan imtina edə biləcəyimi arzuladım", - tatar kişini canlandıran aktyorun sözləridir.
Rejissor Vitali Şenqireyev deyir ki, müsahibəsi alınan şəxslərin bəziləri sonradan Rusiyaya qayıdıb.
Ötən ilin əvvəllərində Qazaxıstan immiqrasiya qaydalarını sərtləşdirib və rusiyalıların daimi sakin statusu olmadan ölkədə uzun müddət qalmasını çətinləşdirib. Bu statusu almaqsa asan deyil.
"Bunda yaxşı heç nə yoxdur"
Müsahibəsi alınanların, demək olar, hamısı Rusiyanın Ukraynada apardığı müharibənin bitməsinə ümid bəslədiyini deyib. Ancaq bir nəfər Ukraynanın qələbə qazana biləcəyi fikrini tam qəbul edə bilmədiyini söyləyib.
"Ukrayna Silahlı Qüvvələri qalib gələrsə, [Rusiya] məğlub ölkə olacaq. Bunda yaxşı heç nə yoxdur", - həmin şəxsin rolunu canlandıran aktyor deyir.
Rusiyalı miqrantların arasında rast gəlinən belə yanaşma onların köçdüyü ölkələrdə yerli əhalini qıcıqlandırıb.
Tarixən rus imperializmindən əziyyət çəkmiş Qazaxıstanda bəzi fəallar rusları Kremlə qarşı sərt mövqe tutmağa və tarixi problemləri qabartmağa çağırıb.
Ancaq Orta Asiyanın avtoritar hökumətləri Kremlin basqısı üzündən və cəmiyyətin xeyli hissəsinin rusiyayönlü olmasına görə rusiyalı miqrantlar arasında savaşa qarşı fəaliyyətə daha az dözüm nümayiş etdirib.
Bu tamaşa "2act" komandasının oynadığı sonuncu tamaşadır. Onların Almatıda kiçik teatrı da var. Truppanı Şenqireyev və həyat yoldaşı idarə edir. Onların hər ikisi Rusiyanın Maqnitoqorsk şəhərindəndir.
Başlanğıcda işlər çətin getsə də, sonradan yerli auditoriyanın onları qəbul etməyə başladığını deyirlər.
Ancaq auditoriyada bir nəfər "Bura Almatı" tamaşasındakı hekayətlərə dözməyib. Rusiyalı mühacir olan həmin tamaşaçı yaxın günlərdə vətənə dönmək qərarına gəlib. Fasilədə Şenqireyevin yanından keçən həmin şəxs tamaşanın rejissoruna belə deyib: "Məni ölkəmə [dönməyə] hazırladığınız üçün çox sağ olun".