Rusiyanın Ukraynanı işğal etməsi Avropada 1945-ci ildən bəri ən böyük münaqişədir. “The Economist” bunu həm də böyük riskləri olan iqtisadi müharibə erası adlandırır.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-dən Ukraynaya hücum əmri verib, böyük şəhərlər atəşə tutulub. Hazırda bir neçə şəhərin mühasirəyə alındığı xəbər verilir.
Qərb Rusiyaya iqtisadiyyatına, oliqarxlarına sanksiyalar tətbiq edib.
İndiyədək 10 minədək fərdə, firmaya sanksiya qoyulub
“Qərbin Rusiyaya qarşı tədbirləri onun 1.6 trilyon dollarlıq iqtisadiyyatında xaos yaradıb, prezident Vladimir Putini nüvə təhdidi səsləndirməyə vadar edib. Nəhəng iqtisadiyyatın dərhal kasıblaşması indiyədək görünməmişdi və bütün dünyada həyəcana səbəb olacaq. Xüsusilə Çin Tayvan uğrunda müharibənin bədəlini götür-qoy edəcək. Qərbin prioriteti Rusiya ilə iqtisadi qarşıdurmanı udmaq olmalıdır. Daha sonra isə avtarkiyalara (digər dövlətlərlə mübadilənin minimuma endirildiyi qapalı iqtisadi sistem -red.) meylin önlənməsi üçün bu silahlara nəzarət doktrinası yaratmalıdır”, – məqalədə deyilir.
“The Economist” yazır ki, Rusiyanın ilk mərhələdə sanksiya təhdidini ciddi qəbul etməməsi təəccüblü deyil. Çünki çoxsaylı sanksiyaların illərlə effekti olmayıb. Artıq ABŞ və Avropa iqtisadi cəzalara əl atır. İndiyədək 10 minədək insan, yaxud firma ABŞ-ın sanksiyalarına məruz qalıb. Bu, dünya ÜDM-nin 27%-ni təşkil edən 50-dən çox ölkəni əhatələyir. Di gəl, avtokratlar hədəfli sanksiyalardan yayına biliblər. İran və Venesuelaya tam embarqolar iqtisadiyyata ziyan vursa da, rejimləri devirə bilməyib. Bədxahlar Amerikanın böyük iqtisadiyyata heç vaxt “maksimum təzyiq” göstərməyəcəyini güman edirdilər.
Fraqmentasiyanı necə önləməli
Artıq Qərbin sanksiyaları Rusiya mərkəzi bankının 630 milyard dollarlıq xarici rezervlərinin böyük bir hissəsinə çıxışının qarşısını alıb. Rubl bu il 28% ucuzlaşıb. Moskvadan Murmanska qədər rusiyalılar bankların qarşısında növbə tuturlar.
Məqalədə deyilir ki, Putin də özünün iqtisadi silahlarını işə sala, məsələn qaz axınını azalda bilər. Üstəlik, getdikcə daha çox ölkə Qərb maliyyəsindən asılı olmamağı seçə bilər. Bununla da dünya iqtisadiyyatında təhlükəli fraqmentasiya başlar.
Buna görə də “The Economist”in mövqeyincə, Ukrayna böhranı bitəndən sonra Qərb sanksiyaların necə idarə ediləcəyini aydın şəkildə göstərməlidir. “Rusiyaya qarşı işə salınan, iqtisadiyyata dağıdıcı zərbə vuran sanksiyaların yalnız təcavüz və müharibə üçün saxlanacağı aydın bilinməlidir. Qərb bu yaxınlaradək ağlagəlməz iqtisadi silahı işə salıb. Ondan ağılla istifadə etmək lazımdır”, – məqalədə deyilir.
Avropanın oyanması
“The Washington Post” qəzetində Entoni Faiola Avropanın Rusiyanın təhdidinə qarşı oyandığını yazır. Müəllif Rusiya pulu, enerjisi və hərbi gücünün Avropanın onillərdir cəngində saxladığını qeyd edir. Putinin Ukrayna şəhərlərinə yağdırdığı raketlər isə qitədə “Artıq yetər” çağırışını gücləndirdi.
Almaniyanın Siemens, BMW, Mercedes-Benz şirkətləri Rusiyada əməliyyatları, ixrac və istehsalı dayandırıblar. Bavariyada yerləşən Adidas Rusiya Futbol Assosiasiyası ilə kommersiya sazişindən çıxıb.
Almaniya
2-ci Dünya müharibəsindən sonra pasifizm mövqeyi sərgiləyən Almaniya münaqişə zonalarına silah göndərməyə dirənişindən əl çəkərək Ukraynaya silah yollayıb. Müəllif Almaniyanın “yenidən militarizaziyası”nın ölkədə ciddi debatlara səbəb olacağını yazır. Amma son rəy sorğusu almaniyalıların 78 faizinin yeni Kansler Olaf Şoltsun planına dəstək verdiyini göstərib.
“Almaniyalılar müharibə, nüvə silahları istəmirlər, Rusiyanı daha çox təhrik etməməklə bağlı müzakirələr olacaq... Amma Ukraynanın işğalı cəmiyyətə şok yaratdı. Rusiya bu müharibəni udarsa, növbəti mərhələdə nə olacaq?” – Almaniya Xarici Əlaqələr Şurasından Stefan Meyster deyib.
Müəllif Şərqi Avropa və Baltik ölkələrinin Rusiya ilə bağlı illərdir həyəcan təbili çaldığını yazır. Qitənin qərb hissəsi isə indi onlara yalnız qulaq asmır, Putini sanksiyalarla cəzalandırır.
Sentyabrda YouGov şirkətinin sorğusu britaniyalıların 34 faizinin Rusiyanı “düşmən təhdidi” adlandırmışdı. Ukraynanın işğalından sonra bu rəqəm 64 faizə yüksəlib.