Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:30

QHT koalisiyasında seçki günü


İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yığıncağı. 30 aprel 2016
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının yığıncağı. 30 aprel 2016

-

Aprelin 30-da İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ümumi yığıncağı keçirilib. Yazı yenilənib. Ən son xəbər yazının əvvəlindədir.

Ümumi yığıncağın davamında koalisiyanın hüquqi statusu və rəhbər orqanlarının seçilməsi məsələləri müzakirə olunub.

Hüquqi statusun müzakirəsi zamanı 3 təklif irəli sürülüb. 1) Koalisiyanın QHT kimi qeydiyyatdan keçib fəaliyyət göstərməsi. 2) Alyans yaradılması. 3) Hazırkı statusun saxlanması. İştirakçılar hazırkı statusun saxlanmasını uyğun hesab ediblər.

Eyni zamanda koalisiyaya üzv olan QHT-lərin bəzilərinin dövlət qeydiyyatı məsələsi qaldırılıb. Koalisiyada təmsil olunan 140-a yaxın təşkilatdan 37-si dövlət qeydiyyatına alınmayıb.

Ümumi yığıncağın sonunda 11 nəfərdən ibarət koalisiya şurası, 5 nəfərdən ibarət monitorinq qrupu seçilib.

+++

Aprelin 30-da «Park Inn» otelində İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 18-ci ümumi yığıncağı keçirilir.

Koordinator Əliməmməd Nuriyev koalisiya şurasının 2014-15-ci illərdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyətindəki problemlərlə əlaqədar beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə ölkənin statusunun tamhüquqlu üzvdən namizəd statusuna qədər azalması məsələsinə toxunub.

QHT koalisiyasının yığıncağı. 30 aprel 2016
QHT koalisiyasının yığıncağı. 30 aprel 2016

ƏLİMƏMMƏD NURİYEV DƏYİŞİKLİKLƏRDƏN DANIŞIB

Onun deməsinə görə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ( EITI) QHT-lərin fəaliyyət şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələri həll olunur. O qeyd edib ki, QHT-lərin bank hesablarına qoyulmuş həbslər götürülüb. Fəalların gömrük və sərhəddə yoxlanmaları aradan qaldırılıb. QHT-lərin Vergilər Nazirliyi və prokurorluq tərəfindən yoxlamaları başa çatıb.

ASİF YUSİFLİ ƏFV OLUNACAQ?

Bununla belə qeyd edilib ki, koalisiya üzvlərinin cinayət təqibi məsələləri, hələ, həllini tapmayıb. Üstəlik, hüquq müdafiəçilərindən Oqtay Gülalıyev və onun oğullarına qarşı cinayət işi bağlanmayıb.

Daha sonra Nuriyev AXCP fəalı Asif Yusiflinin taleyi ilə bağlı ümidverici bəyanat səsləndirərək, onun tezliklə əfv oluna biləcəyinə işarə edib.

Koalisiyanın perspektivlərinə toxunan Nuriyev eyni şəxslərin eyni zamanda bir neçə QHT-də iştirakının qarşısını almaq məqsədilə nizamnamə sənədlərində dəyişikliklərə ehtiyac olduğunu qeyd edib. Həmçinin, koalisiya üzvlərinin siyasi partiyaların rəhbər orqanlarında iştirakının aradan qaldırılmasının nəzərdə tutulduğunu bildirib.

QHT koalisiyasının yığıncağı. 30 aprel 2016
QHT koalisiyasının yığıncağı. 30 aprel 2016

QHT-LƏRİN REAL PROBLEMLƏRİ

Koalisiya Şurasının üzvü Qubad İbadoğlu da hökumət və neft şirkətləri ilə bir qrupda fəaliyyət göstərən koalisiya üzvlərinin statusunun, maliyyə mənbələrinin müəyyən edilməsinin tərəfdarı olduğunu bildirib.

Q.İbadoğlu qeyd edib ki, yalnız QHT-lərin problemlərinin real olaraq aradan qaldırılması Azərbaycanın EITI-də tamhüquqlu üzv statusunu bərpa etməyə imkan verəcək.

Ümumi yığıncaq zamanı nizamnaməyə dəyişikliklərin müzakirəsi və qəbulu, rəhbər orqanların seçilməsi nəzərdə tutulur.

Koalisiyanın 138 üzvü var. Bunun 128-i QHT, 10-u fiziki şəxsdir.

Açılış mərasimində Azərbaycanın EITI-dəki koordinatoru, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ABŞ səfiri Robert Cekuta, Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi səfir Malena Mard və Dünya Bankının nümayəndəsi Larisa Leshchenko iştirak edir.

XS
SM
MD
LG