Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Qırğızıstan Azərbaycan və bir neçə ölkənin vətəndaşları üçün qeydiyyat qaydalarını sərtləşdirir


Qırğızıstan Rusiya, Qazaxıstan, Tacikistan, Ermənistan, Belarus, Gürcüstan və Azərbaycan vətəndaşları üçün qeydiyyat müddətinin uzadılması qaydalarını sərtləşdirib.

Ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin məlumatında deyilir ki, hökumətin 31 iyul, 2024-cü ildə qəbul etdiyi qaydalar sentyabrın 5-dən qüvvəyə minib.

Hazırda Rusiya, Belarus və Ermənistan vətəndaşları Qırğızıstanda bu ölkəyə daxil olduqları gündən 180 gün müddətində 90 gün yaşaya bilərlər.

Tacikistan, Gürcüstan, Azərbaycan və Moldova vətəndaşları üçün bu müddətlər 120 gün ərzində 60 gündür.

Bu şəxslərin hamısı əhaliyə xidmət mərkəzilərində qeydiyyata düşməlidirlər.

Əvvəlki qaydalar

Bundan əvvəlki qaydalara görə sözü gedən 8 ölkənin vətəndaşları 90 və ya 60 gün müddəti bitənədək ya Qırğızıstan ərazisini tərk etməli, ya da ərizə verməklə yaşama müddətini uzatmalı idilər.

Qırğızıstan Nazirlər Kabinetinin yeni qaydalarına görə ölkədə qalma müddətini yalnız müvəqqəti oturum icazəsi, vətəndaşsızlıq vəsiqəsi, meken-kart (xarici vətəndaşlığı olan qırğızlar), ya da kayrılman (Qırğızıstana köçmək istəyən etnik qırğızlar) statusunun olduğu hallarda uzada bilərlər.

Bu da qeyd olunur ki, yeni qaydalar Qırğızıstana şəxsi məqsədlər üçün gələnlərə aiddir və işləmək və ya oxumaq məqsədilə gələnlərə şamil olunmur.

Rusiyanın hərbi səfərbərliyinə görə

Qırğızıstan hakimiyyəti 2023-cü ilin oktyabrında xaricilərin vizaran formatında ölkəyə girişini qadağan edib. Bunun əvəzində vizasız qaydada 90/190 və 60/120 gün formatı tətbiq olunurdu.

Qırğızıstana qədər Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşları üçün vizaran formatını Qazaxıstan ləğv etmişdi.

Bu şəxslər 2023-cü ilədək vizaran formatından istifadə edə bilirdilər. Bu formatda adamlar vizanın vaxtı bitmədən ölkədən çıxır və dərhal da geri qayıdırdılar. Beləliklə onların qalma müddətləri sıfırlanırdı.

Qeyd olunur ki, belə qaydalar Rusiyada “qismən səfərbərlik” elan olunandan sonra tətbiq edilir.

Həmin vaxt Rusiya vətəndaşları kütləvi şəkildə qonşu ölkələrə axın edirdilər.

2022-ci ildə Rusiyadan Qazaxıstana 2.9 milyon Rusiya vətəndaşı keçmişdi.

XS
SM
MD
LG