Aprelin 11-də Qırğızıstan parlamentinin iclasında spiker Nurlanbek Şakiyev qırğız dilindən daha geniş istifadəyə çağırıb. O, qırğız dilinin təhlükə altında olduğunu bildirib və xarici dildə olan məzmunun bloklanmasını təklif edib.
"Niyə biz hər şeyi ərəbləşdiririk? "Halal" yox, "adal". Biz hətta adlarımızı ərəbləşdiririk. Bizdə çoxlu yaxşı qırğız adları var. Məsələn, Bakit, Taalay, Elmurza, Ulukbek, Balbak, Çolpon. Niyə onlardan istifadə etmirik, amma adları ərəbcə qoyuruq? Qırğız adlarımız tezliklə yox olacaq. Kəndlərdə uşaqlar rusca danışır, telefonlarında məzmuna rus dilində baxdıqları üçün qırğız dili yox olur. Hər şeyi qırğız dilində etmək lazımdır. Rus və xarici dillərdə olan bütün proqramları, cizgi filmlərini bloklamaq lazımdır", - Şakiyev bildirib.
Qırğızıstan prezidenti Sadır Japarov parlament sədrinin qırğız dili ilə bağlı sözlərinə münasibət bildirib və deyib ki, bu, onun şəxsi fikridir.
"Biz hamımız qırğız dilinin inkişafı ilə bağlı təklifləri dəstəkləyirik. Heç kim əleyhinə deyil. Ancaq Nurlan Şakiyevin rus və ingilis dilləri ilə bağlı dedikləri onun şəxsi fikridir. Hökumətin siyasəti tamam başqadır… Biz başqa dillərə qarşı olmamalıyıq", - Japarov deyib.
"BMT-nin rəsmi dilləri arasında rus və ingilis dilləri də var. Rus dili olmadan MDB ölkələrində işləmək mümkün deyil. Təkcə Birlik ölkələrinə deyil, bəzi Avropa ölkələrinə, ABŞ-a və bir sıra başqa ölkələrə rəsmi səfərlər zamanı rus dilində danışır, bu dildə sinxron tərcüməyə qulaq asırlar", - prezident əlavə edib.
Fevralda Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri N.Şakiyev ibtidai sinif şagirdlərinin yalnız qırğız dilində tədris almalarını təklif edib.
Qırğızıstanda rəsmi dil qırğız dilidir. 2023-cü ilin iyulunda ölkədə "Dövlət dili haqqında" Qanun qəbul edilib. Bundan sonra bütün sahələrdə dövlət dilinin tətbiqi ilə bağlı müzakirələr başlayıb. Qanunun yeni redaksiyasına görə, dövlət qulluqçuları, deputatlar, Milli Bankın, nazirliklərin əməkdaşları, hakimlər, prokurorlar, hüquqşünaslar, notariuslar, həkimlər və təhsil sektorunun nümayəndələri öz fəaliyyətlərində qırğız dilindən istifadə etməlidirlər. Bundan əlavə, qanun kargüzarlıq və sənəd dövriyyəsində dövlət dilindən istifadəni məcbur edir.
Ölkənin ali təhsil müəssisələrinə daxil olan abituriyentlərdən qırğız dilindən imtahan vermələri tələb olunur.