►Gənc fəalın işgəncəylə bağlı yazdığı izahat əlindən alınıb. Vəkili onun daha ağır işgəncələrə məruz qaldığını deyir
"General dedi ki, “qarşımda oturmurlar, diz çökürlər”. Arxadan diz bükəcəyimdən vurdular, yerə yıxıldım."
“Şalvarımı çıxardılar və əllərində dubinka mənə yaxınlaşdılar. Dubinka ilə yaxınlaşanda başa düşdüm ki, hədələri realdır, mənə qarşı dubinka ilə nalayiq hərəkət etmək istəyirlər. Qışqırdım ki, “etiraf edirəm””.
Narkotik ittihamına görə saxlanılan gənc fəal Qiyas İbrahimov vəkilinə belə deyib. Vəkil Elçin Sadıqovun AzadlıqRadiosuna söylədiyinə görə, gənc bununla bağlı izahat da yazıb. Ancaq təcridxana əməkdaşları bu izahatı ondan götürüblər:
“Onlar Bayram Məmmədovun işgəncəyə məruz qalması ilə bağlı izahatın mətbuata çıxmasına görə başlarının ağrıdığını dedilər. Amma Qiyas üzləşdiyi işgəncə haqqında mənə danışdı və mən qeydlər götürdüm”.
Qiyas İbrahimov mayın 10-da Bakı Slavyan Universitetində imtahandan çıxarkən saxlanıldığını bildirir:
“Qiyas deyir ki, binadan 30 metr aralanmamış arxadan vurublar və səndələyərək yerə yıxılanda avtomobilə mindirib aparıblar. Avtomobilin içərisində onun başına vurub, təhqir ediblər. Bakı Baş Polis İdarəsinə gətirilən gəncin boynunun arxasından vuranda huşunu itirərək yıxıldığını deyir. Bundan sonra onu ayıldıblar və hal şahidlərini içəri dəvət ediblər. Ondan götürdüyüm qeydlərdə deyir: “Üzərimə baxış zamanı gödəkcəmin sol cibindən nəsə tapdılar və başladılar qışqırmağa ki, “bu narkotikdir”. Onu üstümə huşumu itirəndə qoymuşdular. Bunu dedikdə məni yenidən döyməyə başladılar. Məni başqa otağa keçirib yenidən döyərək tələb edirdilər ki, heykəldən üzr istəyim və bu haqda AZTV-yə danışım. İmtina etdim. Daha sonra narkotik ittihamını boynuma almağım üçün döydülər. Yenə imtina etdim. Bu dəfə şalvarımı çıxardılar. Dubinka ilə yaxınlaşanda başa düşdüm ki, hədələri realdır, mənə qarşı dubinka ilə nalayiq hərəkət etmək istəyirlər. Qışqırdım ki, “etiraf edirəm””.
“TAPANÇANI DA ATACAĞIQ”
Vəkilin dediyinə görə, bundan sonra Qiyası evinə aparıblar. Yenə onun qeydlərindən:
“Anam polislərin içəri girdiyini görəndə çaşdı. Polis narkotiki anamın yatağına qoydu. Buna etiraz edəndə yanımdakı polis dedi ki, “səs-küy salsan, bu tapançanı da atacağıq”. Evdə səs-küy saldığıma görə sonra avtomobildə boynumun arxasından vurdular və üzümə tüpürdülər”. (Ardı aşağıda)
DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)
Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”
BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)
"İqtisadi böhran dərinləşir"
“SAQQALIMDAN TUTUB KƏMƏRİMİ ÇIXARDILAR”
Gənc fəalın qeydlərində deyilir ki, onu yüksək rütbəli şəxsin otağına apararaq diz çökdürüblər:
“General dedi ki, “qarşımda oturmurlar, diz çökürlər”. Arxadan diz bükəcəyimdən vurdular, yerə yıxıldım. Qollarım arxadan bağlı olduğundan saçımdan və saqqalımdanyapışıb dizüstə qoydular. Məni məzəmmət edirdilər ki, “sən nə istəyirsən”. Demokratiya istədiyimi dedim.. Bundan sonra saqqalımdan tutub kəmərimi çıxardılar. Öz kəmərimlə özümü döyməyə başladılar. Artıq keyimişdim, heç nə hiss etmirdim”.
Vəkilin sözlərinə görə, Qiyası Bakı istintaq təcridxanasına gətirilənə qədər hər gün döyülüb, təhqir edilib.
OMBUDSMAN APARATI GƏNCLƏRLƏ GÖRÜŞÜB
Ombudsman aparatının əməkdaşları mayın 18-də narkotik ittihamı ilə saxlanılan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovla görüşüb. Bu haqda AzadlıqRadiosuna onların vəkili Elçin Sadıqov deyib.
Gün ərzində AzadlıqRadiosu ombudsman aparatı ilə əlaqə saxlayaraq məlumat almaq istəsə də, mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bununla bağlı açıqlamanı Respublika Prokurorluğundan ala biləcəyimizi dedilər. Bu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məsələni araşdırıb məlumat verəcəyini söyləsə də, sonradan heç bir informasiya verilmədi.
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.
Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.
Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.
Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.
Mayın 16-da B.Məmmədovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər.
Buna da bax: Gənclər bir günün içində necə "narkoman" oldu?