«Bu ilin ilk 2 ayında manatın məzənnəsində «sabitlik» müşahidə olunsa da, bu, qiymətlərin artımını dayandırmayıb».
İqtisadçı Qubad İbadoğlu bazarlarda qiymətlərin durumu, perspektivləri ilə bağlı şərhində belə qeyd edib.
İqtisadçı burda mövsümi amillərin və Tarif Şurasının enerjidaşıyıcıların bahalanması ilə bağlı qərarının mühüm rol oynadığını ifadə edib.
«Amma eyni zamanda istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan «Azərsun» şirkəti ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb», - deyə Q.İbadoğlu bildirib.
***Buna da bax-'İqtisadi inkişaf'la öyünən prezident problemləri görmürmü? - Şərh
Ekspert əlavə edib ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər, şəkər idxalı 35.3, təzə meyvə 60, mal əti 58.6, təzə tərəvəz 25.6 faiz, buğda 3.4, çay 2.8, quş əti və onun əlavə məhsulları 2.7 dəfə artıb. «Bu onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir», - deyə o qeyd edib.
Q.İbadoğlu bildirib ki, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adıçəkilən məhsul növləri üzrə daxili istehlak tələbatını ödəmək qabiliyyətində deyil. Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər və ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur.
«Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək. Qiymətlər üzərində statistik müşahidələr, tendensiyalar göstərir ki, qarşıdakı günlərdə ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir», - deyə ekspert bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12.5 faiz artıb.