Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:41

Qonşular olmasayadı çoxdan donmuşduq


Foto:arxiv
Foto:arxiv

6 uşaq anası deyir, qonşular olmasa, çoxdan donmuşdular

“Bir var, gün ərzində qaz kəsilə, sonra yenə bərpa ola... Lap 2-3 gün qazsız qalasan... Bir də var, 2017-ci il girəndən qaz kəsilə, bir də bərpa olmaya…”

Qobu qəsəbəsinin aşağı məhəllələrinin sakinləri AzadlıqRadiosuna danışırlar ki, 2 aya yaxındır odun ümidinə qalıblar.

“EVDƏ DƏ ODUN YANDIRIRIQ”

Məhəllə sakini Nurəddin Kərimovun sözlərinə görə, qaz idarəsinə gedib-gəlməyin vaxt itkisi olduğunu anlayanda, maşınla odun almaq qərarına gəlib:


“Həyətdə ocaq qalayırıq, çay qoyuruq, yemək hazırlayırıq… Evləri də elektrik cihazlarıyla qızdırırıq. İşıq kəsiləndə evdə də odun yandırırıq”.

Azərbaycan, Astara, sentyabr 2016
Azərbaycan, Astara, sentyabr 2016



Digər sakin Səfa Fərəcovsa deyir, bəzi məhəllələrdə qaz var, ancaq təzyiq o qədər aşağıdır ki, odun yandırmaqdan başqa çarə yoxdur:

“Axşam yatmağa gedəndə çayniki qoyuruq, səhərə yaxın ayılırıq ki, hələ qaynamayıb. Bu qədər aşağıdır təzyiq… Elə yox kimi şeydir… Yeməyi gah ocağa qoyuruq, gah qaz plitəsinə, sonra yenə götürüb ocağa qoyuruq. Bax belə qarışıq durumda qalmışıq. Ya bu qazı yerli dibli ləğv eləsinlər, bilək ki, bu ölkədə qaz deyilən şey yoxdur, ya da qazı elə versinlər ki, yararlana bilək”.

“İNSAFINIZ OLSUN, QAZ VERİN”

Təkbaşına 6 uşaq saxlayan Könül Alxasovanın durumunu ağırlaşdıransa öhdəsində azyaşlıların olmasıdır. O, uşaqların tez-tez xəstələndiyini deyir. Bir də deyir ki, qonşular olmasaydı, çoxdan donmuşdular:

“Yoldaşım həbsdədir. Uşaqların böyüyü 14, kiçiyi 3 yaşındadır. İki dəfə qonşularım yığışıb mənə odun alıb. Uşaqların dərmanını da qonşular alıb verir. Soyuq olduğu üçün tez-tez xəstələnirlər. Bir dəfə uşaqları da yığıb apardım tökdüm “Azəriqaz”ın qabağına. Dedim, donurlar, saxlaya bilmirəm. İnsafınız olsun, qaz verin, uşaqların canını isidək. Qapıda dayanan dedi, ‘elə bilirsən burdakıların öz evində qaz gəlir? Bütün ölkə bu gündədir’”.

Qaz peçi
Qaz peçi

Abşeron rayon qaz idarəsindən “Qaynar xətt”ə bildirilib ki, Qobunun aşağı və yuxarı məhəllələrində qaz problemi yoxdur:

“Təzyiq aşağı ola bilər, ancaq mütləq qaz var. Təzyiqin aşağı olması isə bizdən asılı səbəbdən deyil. Biz də istəyirik ki, şikayət, narazılıq olmasın, ancaq nə edə bilərik, imkan daxilində çalışırıq ki, abonentlərin narazılığı aradan qaldırılsın”, – idarədən bildirilib.

XS
SM
MD
LG