Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:42

Vəlvələçay məcrasından çıxdıqca Qonaqkəndin narahatlığı artır


Vəlvələçay
Vəlvələçay

Qubanın Qonaqkənd kəndinin təqribən 3 min sakini var. Bu kənddə son illər yüz hektarlarla ərazi su altında qalıb. Bundan əvvəlki illərdə çaya yaxın ərazidəki evləri sular yuyub aparıb. İndi isə sel suları çaydan bir qədər kənardakı evlərə yaxınlaşmağa başlayıb.

Bu kənd Qubanın ən qədim ərazilərindən hesab olunur. Vəlvələçayın vadisində yerləşir. Bu səbəbdən yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da, əsasən, çayda suyun səviyyəsi qalxanda qəsəbəyə təhlükə yaradır. Son günlər təhlükə daha da artıb. O qədər artıb ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini sel yuyub aparıb. Qonaqkənd sakini Arif Arifov AzadlıqRadiosuna məktubuna durumu göstərən fotoları da əlavə edib.

Vəlvələçay məcrasından çıxır, çay suları evlərə yaxınlaşır.
Vəlvələçay məcrasından çıxır, çay suları evlərə yaxınlaşır.

«HƏR AN FACİƏ OLA BİLƏR»

Qəsəbə sakinlərini narahat edən odur ki, son günlər güclü yağışlar və dağlardakı qarın əriməsi çayın səviyyəsini xeyli artıraraq məcrasından çıxarıb. Çay suları evlərin hasarlarına qədər irəliləyib və həyətyanı sahələrə dolub. Narahatçılıq selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyana görə yox, indi birbaşa insanların həyatına yaratdığı təhlükəyə görədir.

Real durum ərazinin relyefinin mürəkkəbliyinə baxmayaraq, təxirəsalınmaz tədbirlər tələb edir. Torpaq sürüşməsi Vəlvələçayın keçmiş Atuş kəndi ərazisindən keçən hissəsində çayın məcrasını genişləndirib, suyun səviyyəsi qalxıb. Qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir.

Sakin Niyatulla Orucov bildirir ki, aidiyyəti qurumlara müraciətlər nəticə vermir. «Hər an faciə baş verə bilər, camaat su içində qala bilər. Sentyabrın 2-si, 4-ü,17-si, oktyabrın isə 13-ü, 15-i ,17-si çay suları evlərə çatıb. Sentyabrda Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Teleqramı nazirliyin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəltdilər. Bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu göndərdilər. Yazdıqları cavabdan heç nə anlamaq olmur. Bircə o bəlli olur ki, tədbir görməyə tələsmirlər. Halbuki, təhlükəli durumda yaşayırıq».

Vəlvələçay
Vəlvələçay

«YA BƏND ÇƏKSİNLƏR, YA BİZİ KÖÇÜRSÜNLƏR»

Sakinlər nazirliyə ikinci dəfə məktub göndərsələr də, bu dəfə yazdıqları cavabsız qalıb. Onlar yerli bələdiyyə və icra hakimiyyətinə də müraciət ediblər. Ancaq onlara ərazini sulardan xilas etməyə münasib texnikanın olmadığı bildirilib. Niyatulla Orucov: «Çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz də evlərimizdə rahat yaşaya bilək. Ya da bizi buradan köçürsünlər. Payız-qış aylarında hər gün evlərimizi su basacaq deyə, həyəcan keçiririk».

Bəzi ailələr sel sularına qarşı «tədbir»lərini görüblər. Məsələn, kənd sakini Qiyasəddin Əsədov ailəsini və əşyalarını yığışdıraraq qapını qıfıllayıb başqa kənddə yaşayan yaxın qohumunun evinə sığınıb.

Quba bələdiyyəsindən «Qaynar xətt»ə bildirilib ki, təqribən 2 il əvvəl əraziyə fövqəladə hallar naziri özü də gəlib. Bəndvurma işlərinə başlanması ilə bağlı tapşırıqlarını verib.

Quba rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Qonaqkənddəki durum nəzarətdədir və tezliklə çay kənarı boyunca qoruyucu bəndvurma işlərinə başlanacaq. Bəndvurma işlərinin hansı quruma tapşırılacağını isə Nazirlər Kabineti müəyyən edəcək.

XS
SM
MD
LG