Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:45

Tanınmış futbolçu ilə bağlı istintaq yekunlaşdı


Cavid Hüseynov
Cavid Hüseynov

►"Cavidin işini ayırmağın məqsədlərindən biri də prosesi nəzarətsiz, "gözdən uzaq" şəkildə keçirib, istənilən qərarı qəbul etməkdir"

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsi ilə bağlı həbs olunmuş futbolçu Cavid Hüseynovun işi üzrə ibtidai istintaq dekabrın 29-da tamamlanıb.

Bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər materiallarla tanış olandan sonra cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

İstintaqın tamamlanması barədə Rasim Əliyevin valideynlərinə heç bir məlumat verilməyib. Bu barədə AzadlıqRadiosuna zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib.

Buna da bax: Bakı, hanı sənin avtobusların?

“MƏQSƏD ZƏRƏRÇƏKMİŞLƏRİ KƏNARDA QOYMAQDIR”

Bu barədə zərərçəkmişlərə konkret söz deyilməsə də, vəkil güman edir ki, Cavid Hüseynovun işi üzrə jurnalistin yaxınlarını zərərçəkmiş qismində tanımayıblar.

Müdafiəçinin fikrincə, məhz elə bu məqsədlə də futbolçunun barəsindəki cinayət işi digər beş nəfərdən ayrıldı. Belə olan halda, Rasim Əliyevin valideynləri, eləcə də onların nümayəndəsi Cavid Hüseynovun məhkəməsində tərəf kimi iştirak etməyəcək, hər hansı məsələ ilə bağlı söz demək hüququ olmayacaq. (Ardı aşağıda)

"Əslində, biz Cavid Hüseynovla bağlı iş materialları ilə tanış olmuşuq. Çünki Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan altı nəfərin, o cümlədən də Cavid Hüseynovun barəsində bir cinayət işi vardı və bu işin də istintaqı dekabrın 10-da tamamlanandan sonra biz materiallarla tanış olduq. Onların arasında Cavid Hüseynovun ifadəsi və ona aid digər materiallar vardı. Artıq istintaq başa çatandan və tərəflər iş materialları ilə tanış olandan sonra qanunsuz olaraq, Cavid Hüseynov barədə işi ayırdılar. Güman edirəm ki, məqsəd də konkret Cavid Hüseynov məsələsində zərərçəkmişləri kənarda qoymaq, onları bu işdə söz demək hüququndan məhrum etmək idi", - deyə Əsabəli Mustafayev bildirib.

Yeri gəlmişkən, Rasim Əliyevin ölümü ilə əlaqədar həbs olunmuş digər beş nəfərin məhkəməsinin vaxtı artıq bəllidir. Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Buna da bax: Keçmiş baş nazirə həbs cəzası

QÜVVƏLƏR PARÇALANACAQ

Vəkil Cavid Hüseynova verilən ittihamı nəzərə alaraq deyir ki, futbolçunun mühakiməsi isə paytaxtın rayon məhkəmələrindən birində həyata keçiriləcək:

"Yəni eyni iş üzrə paralel iki məhkəmə gedəcək - biri Bakı Ağır Cinayətlər Məhkəməsində, digəri də rayon məhkəmələrinin birində. Bu halda da qüvvələr parçalanacaq. Hesab edirəm ki, Cavidin işini ayırmağın məqsədlərindən biri də prosesi nəzarətsiz, "gözdən uzaq" şəkildə keçirib, istənilən qərarı qəbul etməkdir".

Xatırladaq ki, Rasim Əliyev "Facebook" səhifəsində "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovu tənqid edən status yazdığına görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Bu iş üzrə ümumilikdə 6 nəfər - Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev məsuliyyətə cəlb olunub. Futbolçu istisna olmaqla, digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevə həm də 177.1-ci (oğurluq) maddəsilə ittiham irəli sürülüb. Cavid Hüseynov isə yalnız Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə və ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham olunur.

XS
SM
MD
LG