“Təəssüf ki, yenə də məğlub olduq. Milli komanda əlindən gələni etdi, amma alınmadı”.
Bunu “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli Azadlıq Radiosuna futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Uels komandasına uduzmasnı şərh edərkən deyib.
Redaktora görə, əslinə qalarsa, səfərdə keçirilsə də bu oyunda bir xal qazanmaq mümkün idi. Amma onun fikrincə qapıçı və müdafiəçilər arasında yetərli uyum olmaması buna imkan verməyib.
Bununla belə M.Rüstəmli bu məğlubiyyətin özünü gözlənilməz saymır:
“Hələ bu oyunlar başlamamışdan futbol mütəxəssisləri belə nəticələr olacağı proqnozu verirdilər. Təəssüf ki, həmin proqnozlar özünü doğrultdu ”.
M.Rüstəmli yığma komandanın 4 oyunda bir xal belə qazana bilməməsindən danışarkən daha sonra da əlavə edib:
“Bunun səbəblərindən biri Azərbaycan çempionatında yetərli sayda yüksək səviyyəli oyunçuların olmamasıdır. Yəni, o qədər yüksək səviyyəli futbolçular yoxdur ki, bununla milli yığma komandanı formalaşdırmaq mümkün olsun”.
Redaktor bu vəziyyətə daha bir səbəb kimi Azərbaycan futbolçularının xarici tutbol klublarında az çıxış etməsini göstərib:
“ Komandanın indiki səviyyə ilə hansısa ciddi uğura imza ata bilməsi inandırıcı görünmür”.
M.Rüstəmli Azərbaycanın yaxın tarixində belə, seçmə qruplarda hazırkı pis nəticəyə təsadüf edilmədiyini vurğulayıb.
Sentyabrın 6-da futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığmasına 2:1 hesabı ilə məğlub olub. Azərbaycan yığması “E” qrupundakı bundan əvvəlki 3 görüşündə də məğlub olmuşdu. Səfərdə Xorvatiyaya 1:2 hesabı ilə yenilən Azərbaycan yığma komandası doğma meydanda Macarıstana 1:3, Slovakiya seçməsinə isə 1:5 hesabı ilə uduzmuşdu.