Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:53

'Restoranlar, otellər işləyir, yeni müəssisələr açılmır'


Qəbələ
Qəbələ

2012-ci ilə qədər Bakı şəhərindən başqa Azərbaycanın bütün şəhər və rayonlarına dövlət büdcəsindən dotasiya ayrılıb. Növbəti ildən etibarən dotasiya ayrılan yerlərin siyahısından Sumqayıt şəhəri, Abşeron və İmişli rayonları çıxarılıb. 2017-ci ildə belə siyahı ( dotasiya almayan) bir xeyli genişlənib.

Bu il isə dövlət büdcəsindən dotasiya almayan rayonların sayı 34-ə çatıb. Gələn il bu prosesin davam edəcəyi, siyahının bir qədər də genişlənəcəyi gözlənir.

«2019-cu ilin dövlət büdcəsi haqqında» sənəddə Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər 7 mlrd. 316 mln., yerli xərclər isə 842 mln. 812 min manat proqnozlaşdırılıb.

Əksər rayonlara dövlət büdcəsindən dotasiyaların kəsilməsinə baxmayaraq, dövlət başçısı regionlara səfərləri zamanı yerli icra orqanlarına Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırmaqdadır.

Qəbələnin gəlirləri və ora ayrılan pullar…

Oktyabrın 28-də Qəbələ rayonuna səfər zamanı prezident İlham Əliyev Bum çayı üzərində yeni körpünün tikintisi və 2-kilometrlik avtomobil yolunun bərpasına 2 milyon manat ayırıb. Habelə, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48-mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Baxmayaraq ki, cari ilin dövlət büdcəsində Qəbələ rayonun gəliri 14 milyon 946 min manat səviyyəsində göstərilib.

Z.Oruc
Z.Oruc

Milli Məclisin deputatı Zahid Oruc «Turan» agentliyinə bildirib ki, rayonların mərkəzi büdcədən asılı olmadan öz iqtisadi-sosial həyatını qurması həm hökumətin, həm də yerli orqanların ən mühüm vəzifələrindən biridir: «Lakin bu barədə danışarkən birinci növbədə baza nöqtəmizi və tendensiyanı qiymətləndirməyi bacarmalıyıq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bölgələrində Sovet İttifaqı dağılanda infrastruktur köhnə idi. Qarabağ müharibəsinin da ağır nəticələri da öz təsirini göstərib. Dövlət qısa bir zamanda bütün bunları həll edə bilməzdi. Çünki Azərbaycanda qaçqınlar və məcburi köçkünlər ölkənin coğrafiyası üzrə bərabər paylanılmayıb. Şimal bölgəsində onların sayı çox azdır, mənim təmsil etdiyim Bərdə rayonunda isə bir yerli sakinə bir köçkün düşür».

«Onların sayı 34 çatdı»

Deputat hesab edir ki, belə şəraitdə bir rayonun büdcədən asılı olmamasını tələb etdikdə orada insanlar çox böyük sosial bir çağırışla üz-üzə qalacaq:

Sizcə, rayonlarda iş yaratmaq üçün hökumətin planları nə qədər uğurludur?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00


«Ona görə də dövlət birinci növbədə elə bir siyasət həyata keçirməyə çalışdı ki, Qarabağ müharibəsinin vurduğu ağır humanitar fəlakəti aradan götürmək mümkün olsun. Köçkünlər minimum yaşayış şəraitinə sahib olsun və yalnız bundan sonra bölgələrin özünün iqtisadi proqramları və planları işə düşməyə başladı. Əvvəl yalnız Bakı, Abşeron rayonu, Sumqayıt şəhəri dotasiyadan ayrıldı. Daha sonra digər rayonlar qoşuldu və onların sayı 34 çatdı».

Z.Orucun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bölgələrdə fəaliyyət göstərənlər də daxil, iri vergiödəyicilərin hamısının ödədiyi vergilər mərkəzi büdcəyə daxil olur, sonra isə bölünür: «Belə olacağı təqdirdə hər bir rayonun ayrıca bir iqtisadi-sosial vahid kimi planlarını tərtib etməsi və onların əsasında fəaliyyətlərinin qurulması üçün müəyyən zaman lazımdır…».

Deputat əlavə edib ki, dotasiyadan azad olunma prosesi üçün köklü tədbirlər istənilir:

«Bunların əksəriyyətini özəlləşdirməyə çıxarmaq lazımdır»

«Hansısa tibb məntəqələrini, uşaq bağçalarını hələ də büdcə hesabına saxlamağın bir adı yoxdur. Bunların əksəriyyətini özəlləşdirməyə çıxarmaq lazımdır. Hesab edirəm ki, ölkə rəhbəri tərəfindən edilən ayırmalar həmin o dotasiyasız qalmış 34 rayonun dotasiyadan birbaşa asılılığına görə verilmir. Lakin hər bir bölgənin imkanı olmalıdır ki, əsas tranzit yollardan kənar qəsəbədaxili yolların hamısını və digər infrastrukturu təmir etsin».

N.Bəydəmirli
N.Bəydəmirli

«Rayonda bəzi yerlər var ki, heç qaz yoxdur»

İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, bəzi yerlərə dövlət büdcəsindən ayırmalar hələ də edilir: «Məsələn, Naxçıvan Muxtar Respublikasına dotasiya verilir. Prezidentin Ehtiyat Fondundan ayırmalara gəlincə, bu, adətən, hansısa tədbirlərin keçirilməsiylə, yol tikintisi, dam örtüklərin dəyişdirilməsi ilə bağlı olur. Bunun yerli büdcə ilə əlaqəsi yoxdur».

O hesab edir ki, bəzən dövlət büdcəsi müxtəlif federal dövlətlərin büdcəsi ilə müqayisə olunur: «Bu, yanlış yanaşmadır. Azərbaycan unitar dövlət olduğuna görə büdcəsi subyektlərin büdcələrinə bölünmür və vergilər mərkəzləşdirilmiş qaydada toplanılır. Yerli büdcə dediyimiz bələdiyyələrin büdcəsidir ki, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergisindən ibarətdir. Qalan bütün vergilər ümumi büdcəyə daxil olur».

Qəbələ rayonunda yaşayan Ş.Q. isə AzadlıqRadiosuna deyib ki, rayonlara vəsaitlər ayrılsa da, müsbət dəyişikliklər yetərincə görünmür: «Düzdür, rayon müəyyən dərəcədə gözəlləşdi, bəzi təmir işləri aparıldı, mərkəzi yollar düzəldi. Bu da yalnız turistləri cəlb etmək üçün edilir. Rayonda bəzi yerlər var ki, heç qaz yoxdur. Həm də iş yerləri azdır. Əsasən restoranlar, otellər işləyir, yeni müəssisələr açılmır. Qısası, necə yaşayırdıqsa, elə indi da belə yaşayırıq».

XS
SM
MD
LG