Rusiya illik təmir işləri ilə əlaqədar iyulun 11-dən Şimal axını-1 kəmərilə Almaniyaya təbii qaz tədarükünü 10 gün müddətinə dayandırdığını bildirib.
Ancaq Almaniyada bəziləri Kremlin Berlini Ukraynaya dəstəyə görə cəzalandırmaq üçün bu fasiləni uzatmağa səbəb tapacağını, yaxud bunu yaradacağından ehtiyatlanır. Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Berlin Kiyevə dəstək göstərib.
Kanada hökuməti isə iyulun 10-da bəyan edib ki, Şimal axını 1 qaz kəmərinin təmir olunmuş turbinini Almaniyaya qaytaracaq.
Turbin əvvəlcə Almaniyaya göndəriləcək, daha sonra kəmərin operatoru Qazproma transfer olunacaq. Beləliklə də Kanada Qərbin Rusiyaya sanksiyalarını pozmayacaq.
Qazprom ötən ay Şimal axını-1 kəmərinin gücünü normal səviyyənin 40 faizinə qədər azaldıb, Almaniyanın “Siemens Energy” şirkətinin Kanadada təmir etdiyi avadanlığın qaytarılmasında yubanmanı buna səbəb göstərib.
Moskva iyulun 8-də deyirdi ki, turbin qaytarılsa Avropaya qaz tədarükü artırılacaq.
Kran açılacaqmı?
Şimal axını-1 üzərində iş çoxdan planlaşdırılırdı. Ancaq qərbdə bəziləri xəbərdarlıq edirlər ki, Rusiya Prezidenti Vladimir Putin enerji təchizatından siyasi silah kimi istifadə edə bilər.
“Putin qaz kranını bağlayacaq… ancaq onu yenidən açacaqmı?” – Almaniyanın “Bild” qəzeti vebsaytında yazır.
“Görünməmiş vəziyyətlə üzləşmişik – hər şey mümkündür”, – Almaniyanın vitse-kansleri Robert Habek “Deutschlandfunk” radiosuna deyib.
“Qaz yenidən, əvvəlkindən də çox axa bilər. Heç nə gəlməyə də bilər. Ən pis ssenariyə vicdanla hazırlaşmalı, vəziyyəti idarə etmək üçün mümkün olanı etməliyik”, – o vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın nefti və qazından siyasi təzyiq kimi istifadə etmədiyini deyib, kəsilməni mütəmadi, planlaşdırılmış tədbir adlandırıb.
Şimal axını-1 Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya ilə 55 milyard kubmetr qaz nəql edir.
Cəza vasitəsi
Moskva bir sıra Avropa ölkələrinə qaz tədarükünü kəsib, çünki onlar qaz üçün rublla ödənişdən imtina ediblər.
Almaniya Rusiyadan enerji idxalından çox asılıdır, Rusiyadan qaz axını uzun müddətə kəsilərsə, iqtisadiyyatının resessiyaya girəcəyi haqda xəbərdarlıq edib.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan Almaniya Rusiya qazından asılılığı azaltmağa çalışıb, mayeləşdirilmiş təbii qaz limanlarının tikilməsi də bir variantdır.
Kəmər uzun müddətə açılmasa, Rusiya iqtisadiyyatı da onun ağrısını hiss edəcək.
Almaniya Rusiyanın Ukraynaya hücumuna görə cəza olaraq Şimal axını-2 qaz layihəsini dayandırıb. Yarısı Qazproma məxsus bu layihə çərçivəsində Rusiya qazının Almaniyaya ixracını ikiqat artırmaq planlaşdırılırdı.