Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:54

Putin Avropaya 'qaz zərbəsi' endirə bilərmi


Britaniyada LNG çənləri
Britaniyada LNG çənləri

Rusiya Avropadan satış qarantiyası da alıb. Yəni, Avropa şirkətləri hətta Rusiya qazını almasalar belə, hər il qazın minimum həcmi üçün ödəniş etməlidirlər

Avropa İttifaqı (Aİ) bu il Rusiyadan təbii qaz idxalını əhəmiyyətli dərəcədə azalda biləcəyini, onilliyin sonuna isə buna son qoyacağını bildirir. Bu nə dərəcədə realdır və Rusiya Aİ-yə qaz ixracını daha tez kəsərək iqtisadi dağıntıya səbəb ola bilərmi? AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Tod Prins bu suala cavab axtarır.

Aİ avqustdan Rusiyadan kömür idxalını yasaqlayıb. Bu həftə isə blok 2023-cü ilin yanvarından Rusiyadan neft idxalını dayandıracağını elan edə bilər.

Ancaq qaz məsələsi elə də sadə deyil. Çünki 27 üzvü olan blok qısamüddətli perspektivdə iqtisadiyyata zərbə vurmadan Rusiya qazını əvəzləyə bilməz.

Rusiyanın mesajı

Rusiya ötən həftə Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünü dayandırdı. Avropa rəsmiləri və təhlilçilər bunu Putinin Aİ-ni parçalamaq cəhdi, blokun qalan hissəsinə xəbərdarlığı kimi yozdu.

“Putin Avropanı fəsadlara inandırmağa çalışır, Avropanın Ukraynaya dəstəyə görə bədəl ödəyəcəyini göstərir”, – Vilson Mərkəzinin Kennan İnstitutunun direktoru vəzifəsini icra edən Uil Pomeranz deyib. Təhlilçinin fikrincə, iqtisadiyyata, əhaliyə ziyan dəyərsə, Almaniya, Fransa, yaxud başqa ölkələr deyə bilərlər ki, “buna dəyməz”.

Avropada artıq bu məsələni dilə gətirənlər var. Almaniyanın Maliyyə naziri Kristian Lindner apreldə Aİ-nin Rusiyadan qaz idxalına “yaxın gələcəkdə” embarqosuna qarşı çıxıb, deyib ki, bu, “onlardan çox bizə ziyan vurar”.

Almaniya Aİ-də Rusiya qazının ən böyük müştərisidir, ötən il 155 milyard kubmetr qaz idxal edib. Bu isə Aİ-nin 2021-ci il üzrə qaz istehlakının təxminən 40 faizinə bərabərdir.

Avropa Komissiyasının planları

Avropa Komissiyası martda bildirib ki, bu il Rusiyadan qaz idxalını təxminən 100 milyard kubmetr azaldacaq, “2030-cu iləcən” tamamilə dayandıracaq.

Komissiyanın planı belədir ki, 50 milyard kubmetrlik super-soyudulmuş mayeləşdirilmiş qaz (LNG), bundan başqa, Rusiyadan kənar mənbələrdən kəmərlərlə 10 milyard kubmetr qaz əldə etsin. Həmçinin bu il işə salınacaq günəş və külək enerjisi layihələri ilə istehlakı 20 milyard kubmetr azaltmaq, səmərəliliyi artırmaq yoluyla isə 14 milyard kubmetr qənaət etmək planlaşdırılır.

Ancaq Osloda yerləşən Rystad Energy tədqiqat şirkətinin təhlilçisi Karlos Dias 2022-ci il hədəfini “bir az problemli” hesab edir, çünki mövcud nüvə və su-elektrik stansiyalarında enerji istehsalı azala bilər.

“Hədəfə yaxınlaşa bilərlər, amma enerji sektorunda qazı əvəzləmək imkanı məhduddur”, – təhlilçi radioya deyib.

LNG idxalı

Diasın sözlərinə görə, Aİ hətta komissiyanın planındakı 50 milyard kubmetrdən daha çox LNG idxal edə bilər, problem bunu uyğun qiymətə tapmaqdadır.

LNG təchizatı bu il 25 milyard kubmetrə qədər artırıla bilər, bu isə o deməkdir ki, Avropa ən böyük LNG bazarı sayılan Asiyadan tədarük görməlidir.

Avropada LNG qiymətləri ötən il rekord həddə yüksələrək Asiyadakı qiymətləri keçib. Aİ özəlliklə ABŞ-dakı ixracatçılar üçün cəlbedici bazara çevrilib.

Avropa son on ildə alternativ enerjiyə böyük sərmayələr qoyduğundan daxili qaz istehsalı kəskin azalıb. Almaniya kimi blok üzvləri boşluğu doldurmaq üçün Rusiyaya üz tutub. İndi isə Avropa ölkələri istehsal planlarına yenidən baxırlar.

Aİ üzvü olmayan Norveç isə bu il qaz istehsalını artıraraq blokun artan ehtiyacını qarşılamağa çalışır. İlin sonunadək Danimarka ərazisindən Polşaya 10 milyard kubmetrlik kəmərin tikintisi tamamlanmalıdır.

Varşava sakinləri: Rusiya qazı olmasa da olar
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Azərbaycan alternativ mənbələr sırasında

Bu arada alternativ mənbələr də nəzərdən keçirilir. Məsələn, Azərbaycan Aİ-yə qaz ixracını bu il 2 milyard kubmetr artıra, kəmərin gücünə uyğun olaraq, dekadanın sonuna ixracı daha da genişləndirə bilər.

Azərbaycan qazını Avropaya nəql edən Trans Adriatik Kəmərinin gücünü isə bir neçə il ərzində mərhələlərlə 20 milyard kubmetrə çatdırmaq mümkündür.

Rusiya Qərbi Sibirdəki yataqlardan Aİ-yə 140 milyard kubmetr qaz ötürürdü və alternativ ixrac marşrutu yoxdur. Moskva həmin yataqları Çinə gedəcək ixrac kəmərinə birləşdirmək planlarından danışır, amma təhlilçilər bunun ən yaxşı halda bir neçə il çəkəcəyini deyirlər.

Rusiyadan Avropaya qaz təchizatının tamam kəsilməsi isə Rusiyanın ildə onmilyardlarla dollar itirməsi demək olar.

Hüquqi fəsadlar, satış qarantiyası

Üstəlik, belə bir münaqişənin hüquqi fəsadları da mümkündür. Rusiyanın 20-dən çox Avropa ölkəsiylə uzunmüddətli kontraktları var, Avstriya ilə kontrakt 2040-cı ildə bitir.

Rusiya Avropadan satış qarantiyası da alıb. Yəni, Avropa şirkətləri hətta Rusiya qazını almasalar belə, hər il qazın minimum həcmi üçün ödəniş etməlidirlər.

Dias deyir ki, Aİ Rusiyadan qaz idxalını dayandırmaq istədiyi bir vaxtda kontraktların pozulması məsələsini araşdırmalıdır.

Elə Kremlin qaz təchizatını kəsəcəyi halda, Avropa ölkələri də Rusiyanı məhkəməyə verə bilərlər, Bros deyir.

“Bu, hər iki tərəf üçün nəhəng məbləğ deməkdir”, – deyən Bros məhkəmə iddialarının yüzmilyardlarla dollar çata biləcəyini vurğulayır.

XS
SM
MD
LG