Oktyabrın 14-də Rusiya Covid-19-la bağlı yeni rekord rəqəmlər açıqlayıb. Ard-arda üçüncü gündür ki, ölkənin koronavirusla mübarizə qurumları rekord ölüm saylarını qeydə alırlar. Son 24 saatda 31 min 299 yeni yoluxma halı və 986 ölüm qeydə alınıb.
Bu, pandemiyanın başlamasından bəri ən yüksək günlük yoluxma sayıdır. Bu ilk dəfədir ki, Rusiyada bir gündə 30 mindən yuxarı yoluxma halı qeydə alınır.
Kreml artan ölüm sayını ölkədə vaksinasiya kampaniyasının ləng getməsi ilə izah edib və insanları peyvənd vurdurmağa çağırıb. Rusiyada əhali arasında hökumətə inamsızlıq və yeni tibb məhsullarından qorxu vaksinasiya prosesinin yavaş getməsinə səbəb olur.
Rusiya həm özü Sputnik vaksinini işləyib hazırlayıb, həm də ümumilikdə dörd vaksinin ölkədə istifadəsinə icazə verib.
Ölkədə yoluxma və ölüm göstəricilərinin kəskin artmasına baxmayaraq, Kreml ölkəboyu lokdaun elan etmək fikrində deyil. O bu məsələdə qərar qəbuletmə səlahiyyətini regional hökumətlərə həvalə edib.
Prezident Vladimir Putin oktyabrın 12-də geniş vaksinasiyanın vacibliyini vurğulayıb və deputatları əhalini peyvənd vurdurmağa həvəsləndirmək işinə kömək etməyə çağırıb.
“Biz səbrlə və davamlı olaraq insanlarla işləməli və təhlükəli xəstəliyə qarşı profilaktikanın bütün üstünlüklərini izah etməliyik”, – Putin yeni seçilmiş deputatlarla görüşündə deyib.
Baş nazir Mixail Mişustinsə əhalinin 1/3-i, yəni 43 milyona qədərinin peyvənd aldığını bildirib.
***
Rusiyada Sputnik V vaksininin hazırlanmasını dəstəkləmiş fond COVAX təşəbbüsünə 300 milyon doza peyvənd verməyə hazır olduğunu bildirir. BMT-nin bu proqramının məqsədi vaksinləri dünyaya daha bərabər paylamaqdır.
Dünya Səhiyyə Təşkilatı (DST) hələ Sputnik V-ni təsdiqləməyib. Onun istehsalı ilə bağlı bəzi ölkələrdə narahatlıq var.
Fərqli fikirlər
Oktyabrın 13-də Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kiril Dmitriyev və DST vaksinin COVAX proqramında istifadəsindən ötrü onun nə zaman təsdiqlənəcəyi haqda fərqli fikirlər səsləndiriblər.
Dmitriyev deyib ki, DST Rusiyanın vaksinini təsdiqləyən kimi, COVAX proqramına veriləcək. O, növbəti iki ay ərzində təsdiqlənməni gözlədiyini vurğulayıb.
“İnanıram ki, COVAX-a ildə 200 milyona yaxın – 200 - 300 milyon doza verə bilərik. COVAX-la işləmək üçün bizə sadəcə DST-nin təsdiqi lazımdır”, – Dmitriyev AP-yə müsahibəsində deyib.
DST-nin səhiyyə məhsullarına çıxış üzrə baş direktor köməkçisi Mariancela Simao isə qrafiklə bağlı konkret öhdəlik açıqlamayıb.
Onun sözlərinə görə, hazırda Sputnik V-nin təsdiq prosesi dayandırılıb, hüquqi prosedurlar aydınlaşdırılan kimi, “dəyərləndirmə prosesi yenidən başlanacaq, buraya dosye üçün datanın təqdim olunması... Rusiyada məkanlarda təftişlərin bərpası daxildir”.
Azalma tendensiyası
Sputnik artıq dünyanın 70 ölkəsində istifadə olunur. Özəlliklə Latın Amerikasında bəzi hökumət rəsmiləri vaksinin ikinci dozasını vaxtında ala bilməməkdən narahatlıq ifadə ediblər.
DST-nin oktyabrın 13-də bildirməsinə görə, ötən həftə qlobal yoluxma halları azalıb, avqustun sonundan başlanmış azalma tendensiyası davam edib.
Agentlik ötən həftə 2.8 milyona yaxın yoluxma və 46 min ölümün təsdiqləndiyini bildirib. Bu, müvafiq olaraq 7 və 10 faizlik azalma deməkdir. Dünyanın digər regionlarında azalmanın qeydə alınmasına baxmayaraq, Avropada isə yoluxmalarda 7 faiz artım baş verib.
DST Avropada ötən həftə COVID-19-dan ölümlərdə 11 faiz artım olduğunu deyr. Avropada yeni yoluxmalar daha çox Britaniya, Türkiyə və Rusiyada aşkarlanıb.
Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya
Avstraliyanın Melburn şəhərində lokdaun rejimi gələn həftə başa çatır. Bunu Viktoriya əyalətinin baş naziri Daniel Endrüs oktyabrın 14-də deyib. Viktoriyada yetkin yaşlıların 70 faizinə yaxını tam peyvəndlənmək üzrədir.
Yeni Zelandiyada oktyabrın 14-də son altı həftənin ən böyük yoluxma sayı qeydə alınıb. Bütün yoluxmalar Oklenddə aşkarlanıb. Oklendin 1.7 milyonluq əhalisi oktyabrın 18-dək sərt evdə qalma qaydasına əməl etməlidir.
Cənubi Koreya oktyabrın 14-də artıq 100-cü gün ardıcıl olaraq mindən çox yoluxmanın aşkarlandığını bildirir. Delta ştammı əsasən Seul ərazisində yayılmaqdadır.
İyuldan bəri Seulda sərt sosial məsafə qaydaları tətbiq olunur. Axşam 6-dan sonra peyvənd olunmamış 3 və daha artıq şəxsin bir yerə yığışması yasaqlanır.
Rəsmilərin fikrincə, adamların sosial məsafə qaydasından yorulması getdikcə problemə çevrilir. Onlar vaksinasiya səviyyəsinin yüksəlməsinin daha çevik qaydaların tətbiqinə yol açacağını deyirlər.