Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:46

Rusiya “öz İŞİD-nə” qarşı hücuma keçir?


Rusiya mağazalarında Assad-a dəstək şüarlı maykalar satılır
Rusiya mağazalarında Assad-a dəstək şüarlı maykalar satılır

Rusiya ölkə müsəlmanları və əməkçi miqrantlar üzərinə təqibləri “İŞİD-dən qaynaqlanan təhlükəyə” qarşı mübarizə kimi təqdim edir

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, Moskva ötən həftə ölkə boyunca keçirilən kütləvi həbslərin “İŞİD təhlükəsi ilə əlaqədar” olduğunu elan edib.

Məqalədə deyilir ki, Rusiya sentyabrın 30-da Suriyada başladığı hava kampaniyasına mümkün zorakı cavabların önlənməsi məqsədilə çox sayda müsəlmanı həbs edib.

Bu ayın əvəllərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti Suriyada keçirilən hava reydlərinə cavab olaraq törədilməsi planlaşdırılan terror aktlarının qarşısını aldığını elan etmişdi.

12 şübhəlinin həbs edildiyi və onlardan üçü barədə dekabradək həbs qətimkan tədbirinin seçildiyi xəbər verilmişdi.

Profilaktika

Lakin AzadlıqRadiosu müxbirinin yazdığına görə, ötən həftə keçirilmiş kütləvi həbslərin İŞİD-ə bağlı qruplaşmaların zərərsizləşdirilməsinə yönəldiyi bildirilsə də, Moskva islamçı Hizb ut-Təhrir hərəkatı da daxil başqa qruplaşmaları hədəfləyib.

Məsələn, “Kommersant” qəzetinin yazdığına görə, oktyabrın 20-də Moskvada həbs olunanların arasında Tacikistandan gəlmiş 10 nəfər də var. Onlar ekstremist islamçı qruplaşmalarla əlaqədə şübhəli bilinirlər.

“​Kommersant” yazır ki, həbslər “profiliktika” məqsədilə həyata keçirilib.

Həbs edilənlər “şübhəli” adlandırılır, lakin onların konkret əməlləri barədə müfəssəl məlumat verilmir.

Təhlükəsizlik xidmətlərinə yaxınlığı ilə tanınan LifeNews xəbər portalı yazır ki, həbs edilənlərin arasında İraq və Suriyadakı İŞİD qruplaşmalarına bağlı 20 nəfər var.

Lakin bu saytın verdiyi məlumatda da həbs edilənlər barədə ittihamlar yayğındlr. Xəbər verilir ki, həbs edilənlərdən 14- islamçı Hizb ut-Təhrir hərəkatının üzvləridir.

Hizb ut-Təhrir bu həbslərə cavab olaraq bildirib ki, hərəkat İŞİD-ə qarşıdır və cihadçılar təşkilatın üzvlərinə Suriyada divan tuturlar.

Obidzhon Dzhurabayev Hizb ut-Təhrir şübhəlisi kimi həbs edilib
Obidzhon Dzhurabayev Hizb ut-Təhrir şübhəlisi kimi həbs edilib

Bəzi təhlilçilər Rusiayada keçirilən həbsləri ölkədə güclənən İŞİD xofu ilə əlaqələndirirlər.

“Kommersant” qəzeti oktyabrın 8-də yazırdı ki, Ural Müsəlmanları İdarəsi “İŞİD-ə qarşı mənəvi cəbhə açdığını” elan edib.

AzadlıqRadiosunun müxbiri yazır ki, FTX-nin məlumatlarına rəğmən Ural kimi yerlərdə İŞİD-in fəal olduğuna dair mülahizələr yayğındır və kifayət qədər əsaslandırılımır.

Sverdlovsk vilayətinin müftisi Abdul-Kuddus Asharin İŞİD üzvlərinin yerli müsəlmanları radikallaşdırdıqlarını desə də, konkret nümunələr göstərməyib.

Hər yerdə İŞİD

Joanna Paraszczuk yazır ki, Hizb ut-Təhrir kimi qruplaşmaları İŞİD-lə eyniləşdirməklə Rusiya eynən Suriyada müxalif qüvvələrə qarşı yürütdüyü taktikanı təkrarlayır.

Bu taktika Rusiya ərazisində Hizb ut-Təhrir və başqa islamçı qrupları Suriyadakı İŞİD-ə bağlamaq imkanı verir.

Məqalədə qeyd olunur ki, belə taktika ilə həmçinin Rusiya təhlükəsizlik qüvvələrinin “İŞİD təhlükəsinə” qarşı ciddi mübarizə apardığı, “potensial terror aktlarının” qarşısının alındığı barədə təsəvvür yaradılır.

Moskvada "səfərbərçi" kimi həbs edilmiş Abdukayum Makhmudov
Moskvada "səfərbərçi" kimi həbs edilmiş Abdukayum Makhmudov

AzadlıqRadiosunun Moskva müxbirləri bildirirlər ki, İŞİD-in və Suriyada əl-Qaedanın bir qolu olan Nüsra Cəbhəsi “cihadçılarının” xəbərdarlıqlarından sonra Rusiya əhalisi arasında Moskvada terror aktlarının törədilə biləcəyindən ehtiyatlanmalar geniş yayılıb.

Eyni zamanda bu da aydındır ki, Rusiyanın hətta Suriyadakı əsas vəzifəsi İŞİD-i zəiflətmək yox, Moskvanın müttəfiqi olan Assad-ın hökumətini gücləndirməkdir.

Rusiyanın Suriyda elan etdiyi hədəf ərazilərdə İD mövqeləri o qədər də çox deyil.

Belə bir şəraitdə Moskva Rusiya ərazisində radikal islamçıların həbslərini həyata keçirməklə ictimaiyyət qarşısında Suriyaya müdaxiləsinə haqq qazandırmağa çalışır.

Prezident Vladimir Putinin özü bu həftə verdiyi bəyanatda İŞİD-in Rusiya üçün təhlükə təşkil etdiyini və bu təhlükənin Suriya münaqişəsi ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG