Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:30

64-cü briqadanın itkiləri. 'Hamı SVO-ya gedib'


Xatirə lövhəsi
Xatirə lövhəsi

“Onların çoxu qonşu Belarusda təlimlərdən sonra birbaşa Ukraynaya göndərilib”

AzadAvropa/AzadlıqRadiosu Rusiya ordusunun 64-cü motoatıcı briqadasının Ukraynadakı müharibədə verdiyi itkiləri araşdırıb. Bu briqada Kiyevdən şimalda yerləşən Buçada dinc sakinlərin öldürülməsində ittiham olunur.

Bu yaxınlarda Rusiyanın Xabarovsk vilayətində 51460 saylı hərbi hissədə 64-cü briqadadan ölənlərin xatirə lövhəsi ucaldılıb. Lövhədə 44 əsgər və zabitin adı var. AzadlıqRadiosu VK sosial media saytına yerləşdirilmiş fotonun həqiqiliyini təsdiqlədib.

95 faiz

Bu hərbçilərin harada öldürüldüyü yazılmasa da, hamısına "Cəsarət Ordeni" verilib. Fotonu internetdə yaymış Aleksey Astaşov radioya deyib ki, “hamı SVO-ya gedib”. “SVO” “xüsusi hərbi əməliyyatın” rusca akronimidir. Kreml Ukraynadakı müharibəni məhz bu cür adlandırır.

“Qızlar, administrativ işçilər və yeni çağırışçılar” “hamı”ya aid deyil. Ancaq onun sözlərinə görə, hissənin zabitləri, kontraktlı əsgərlər, təzyiq altında kontrakt imzalamağa məcbur olan “yarı-çağırışçılar”ın 95 faizindən söhbət gedir.

“Onların çoxu qonşu Belarusda təlimlərdən sonra birbaşa Ukraynaya göndərilib”, – Astaşov söyləyib. O, briqadanın heyət sayının 1500-ə yaxın, ölü sayının isə “azı bir neçə yüz” olduğunu deyir.

Rəsmi itki sayı və ehtimallar

Rusiyanın Müdafiə Nazirliyi martın 25-də müharibədə 1351 əsgərin həlak olduğunu, 3825 yaralının olduğunu açıqlayıb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ötən ay deyirdi ki, Rusiyanın itkisi azı 15 min ölü, 45 min yaralı olaraq dəyərləndirilir. ABŞ-ın başqa bir rəsmisi avqustun 8-də Rusiyanın 70 min- 80 min ölü və yaralı itkisi olduğunu bildirib.

64-cü motoatıcı briqada Xabarovskda yerləşir, 1990-cı illərdə alay kimi yenidən təşkil olunub. Bir hissəsi 1990-cı illərdə Çeçenistanda birinci müharibədə savaşıb. 2000-ci illərin sonlarında isə briqada səviyyəsinə yüksəlib.

Ukraynanın güc qurumları müharibə şəraitində media ilə belə əməkdaşlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Buça faciəsi

Bu hərbi hissə Rusiya qoşunlarını Kiyev yaxınlığından çəkəndən sonra gündəmə gəldi. Buçada törədilən kütləvi qətllərə görə Ukraynanın Müdafiə Nazirliyi bu briqadanı suçladı.

Buça rəsmilərinin avqustun 8-də açıqladığı informasiyaya görə, şəhərdə 458 meyit tapılıb, onların 419-u güllələnib, işgəncə görüb, küt alətlərlə xəsarət alıb.

Kütləvi qətllərlə bağlı xəbərlərdən bir neçə həftə sonra Putin 64-cü briqadanı “vətəni və dövlət maraqları”nı müdafiə etdiyinə görə mükafatlandırıb.

Ölüm tarixləri

64-cü briqadanın düşərgəsində yerləşdirilən xatirə lövhəsindəki azı 44 əsgər fevralın sonu- martın əvvəlində həlak olublar. Rusiyanın Ukraynaya təcavüzünün birinci mərhələsi məhz bu dövrə düşür. Onda Rusiya qüvvələri Kiyevi ələ keçirməyə çalışırdılar.

Digər ölüm tarixləri hücumun sonrakı mərhələlərinə aiddir.

Yeddi əsgər aprelin 25-də öldürülüb. Həmin gün Ukrayna Baş Qərargahı bildirmişdi ki, Rusiya əsgərləri İzyum- Barvinkove və İzyum-Slovyansk istiqamətlərində hücum həyata keçirməyə çalışıblar.

AzadlıqRadiosu 44 əsgərdən 30-nun ölümünü açıq rəsmi mənbələr, sosial media və media məlumatları əsasında təsdiqlədə bilib.

Faktorlar

Hərbi ekspertlər Rusiyanın müharibədə itki sayının çoxluğunu müxtəlif faktorlarla əsaslandırılar.

Ukrayna qüvvələri təkcə Kiyevin şimalında deyil, Donbasda, digər yerlərdə də qətiyyətlə döyüşüblər. Qərbin göndərdiyi müasir silahlar da onların müdafiəsini gücləndirib. Müharibənin ilk günlərində Ukrayna əsgərləri Kiyevdən şimalda ABŞ-ın Javelin, Britaniyanın NLAW antitank raketlərindən effektli istifadə etdilər.

Rusiyanın avadanlıq və müasir texnika çatışmazlığı, döyüşdə yaralıları sürətlə müalicə və evakuasiya edə bilməməsi, əsgərlər arasında ruh düşkünlüyü də mümkün faktorlar sırasındadır.

Amerikalı ekspert Maykl Kofman öldürülən hər bir rusiyalı əsgərə təxminən 3.5 yaralı düşdüyünü hesablayıb.

Müharibədən qabaq 2500 hərbçisi vardı

Rusiyadan hərbi ekspert Yuri Fedotov deyir ki, müharibədən qabaq 64-cü briqadanın 2500-dək hərbçisi vardı. Bu briqadaya iki motoatıcı, bir tank batalyonu daxildir. Briqadanın daxil olduğu Uzaq Şərq Hərbi Dairəsində bir çox hissələr zəiflədilib, zəif təchiz olunub, o söyləyir.

“Əlavə personal cəlbi üçün onları qəbul etməli, təlim keçməli, onlara başçılıq etməli, döyüşə onlarla getməlidirlər”, – ekspert vurğulayır.

Fedotov 64-cü briqadanın buraxılmasını mümkün saymır, çünki bu halda Putinin verdiyi mükafat gözdən düşər.

“Conflict Intelligence Team” araşdırmaçı qrupunun təhlilçiləri Astaşovin açıqladığı itki sayını həqiqətə uyğun sayır, ancaq bunun yalnız kontraktlı əsgərlərə aid olduğunu bildirir.

64-cü briqadanın tibb bölməsində işləyən Astaşov isə AzadlıqRadiosuna deyib ki, azı 100 əsgər Ukraynada döyüşməkdən imtina edib. Bu əsasən müharibənin ilk dövründə Rusiya qüvvələrinin yaşadığı məğlubiyyətdən sonra baş verib.

XS
SM
MD
LG